BMT münaqişələri və müharibələri dayandırmaq qabiliyyətini itirib.
Moderator.az xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş deyib.
"Bəşəriyyətin ehtiyac duyduğu bütün qurumların mövcud olduğu bir dövrdə yaşayırıq. Amma özümüzü elə bir vəziyyətdə tapırıq ki, onların demək olar ki, heç biri işləmir. Məsələn, açıq desək, bəşəriyyətin ən təmsilçi qurumlarından biri olan BMT hansı faydanı gətirib? BMT-nin son dövrlərdə hər hansı bir münaqişəyə, hər hansı bir müharibəyə son qoya bildiyini görə bilərikmi? Təəssüf ki, BMT hakimiyyətdə olanların istədiyi kimi idarə olunan və istiqamətləndirilən beynəlxalq bir quruma çevrilib", - deyə o əlavə edib.
Beynəlxalq qurumların səmərəsizliyinə nümunə olaraq, o, Qəzzada bu günə qədər davam edən İsrailin hücumunu, eləcə də Amerika və İsrail qoşunlarının İrana hücumu ilə başlayan və sonradan Tehran tərəfindən regiondakı digər ölkələrə genişləndirilən müharibəni misal göstərib.
"Bəli, dünyada qurumlar var, amma bu qurumlar artıq fəaliyyət göstərmir. Qaydalar da yoxa çıxıb. Təkcə qaydalar deyil, beynəlxalq münasibətlərin demək olar ki, bütün terminologiyası sıradan çıxarılıb və məhv edilib. Qlobal sistem tamamilə çöküş vəziyyətindədir. Aydındır ki, bu sistemi xilas etmək üçün fövqəladə səylərə ehtiyacımız var".