Böyük oyun yenidən başlayır: Avrasiya məkanında hərəkətlilik artır
Ekskluziv
954
19:29, Bu gün

Böyük oyun yenidən başlayır: Avrasiya məkanında hərəkətlilik artır

Yaxın Şərq və geniş Avrasiya coğrafiyasında geosiyasi rəqabət yeni mərhələyə qədəm qoyur. Böyük güclərin diplomatik, hərbi və iqtisadi alətləri paralel şəkildə işə salması regionda güc balansını daha da həssas edir. Enerji resursları və maliyyə axınları üzərində nəzarət uğrunda gedən rəqabət proseslərin istiqamətini müəyyən edən əsas amillərdən biri kimi çıxış edir. Bu kontekstdə ABŞ-ın çoxşaxəli siyasət kursu müxtəlif ekspert çevrələrində fərqli qiymətləndirmələr doğurur. Baş verən hadisələr isə regionun gələcək təhlükəsizlik və iqtisadi arxitekturasının yenidən formalaşdığını göstərir.

Politoloq Qədir Aslan Moderator.az-a mövzu ilə bağlı öz yanaşmasını bildirib və regional güc balansında baş verən dəyişiklikləri şərh edib.

Qədir Aslan bildirib ki, Amerika Birləşmiş Ştatlarının regionda geosiyasi proseslərə təsir imkanları olduqca geniş və çoxşaxəlidir:

"Bu imkanlar əsasən diplomatiya, hərbi güc, enerji bazarına nəzarət, eləcə də region ölkələrinin bank sistemi və maliyyə strukturlarına təsir mexanizmləri vasitəsilə həyata keçirilir.
Ümumilikdə, ABŞ-ın əlində müxtəlif təsir alətləri mövcuddur və bu alətlər obrazlı ifadə ilə desək, “piano dilləri” kimi vəziyyətə uyğun şəkildə istifadə olunur. 

Yəni Vaşinqton şəraitdən asılı olaraq məqsədə uyğun hesab etdiyi vasitəni işə salır. Son iki ay ərzində baş verən proseslər də bunun əyani göstəricisi kimi qiymətləndirilir. Əvvəl diplomatik təzyiq mexanizmləri tətbiq olundu, daha sonra hərbi güc amili ön plana çıxdı, ardınca yenidən diplomatik kanallar işə salındı. Daha sonra isə İslamabad görüşlərinin nəticəsiz qalmasından sonra ilk mərhələdə enerji blokadası elementlərindən istifadə edilməyə başlandı.

Politoloq əlavə edib ki, nəticə etibarilə, ABŞ-ın regiondakı təsir gücünü əvvəlcədən nəzərə almayan və ya bunu ikinci plana keçirən tərəflər bu təsiri artıq həm gündəlik həyatlarında, həm də dövlət və cəmiyyət səviyyəsində hiss etməyə başlayıblar:

"Bu yanaşma bəzən “üçlü strategiya” kimi xarakterizə olunur. Lakin bu anlayışın özü də bəzən ekspertlər tərəfindən tam və düzgün izah edilmir. Azərbaycanda bəzi ekspert çevrələrində belə bir fikir formalaşıb ki, Donald Tramp və onun komandası sistemsiz və avantürist siyasət aparır, hər hansı ardıcıl plan və strategiya mövcud deyil. Bu yanaşma mediada da tez-tez tirajlanır.

Guya ABŞ administrasiyasının müəyyən edilmiş planı yoxdur, proseslərdə ardıcıllıq və mərhələlilik nəzərə alınmır və əsasən yalnız hərbi güc amilinə üstünlük verilir. Lakin əslində beynəlxalq münasibətlərin bütün səviyyələrində — istər operativ, istər taktiki, istərsə də strateji müstəvidə — müəyyən edilmiş hədəflərə çatmaq üçün ardıcıl siyasət həyata keçirilir.

Bu siyasətin son hədəfi kimi İranın hərbi potensialının zəiflədilməsi, uranın zənginləşdirilməsi prosesinin dayandırılması və daha geniş kontekstdə rejim dəyişikliyi ehtimalı göstərilir. Məqsədin aydın olduğu qeyd edilir, lakin bu prosesin zaman çərçivəsi barədə konkret məlumat yoxdur".

Qədir Aslan vurğulayıb ki, mövcud vəziyyətdə “məxfi gündəlik” kimi xarakterizə edilən bir planın mövcudluğu ehtimal olunur:

"Bu planın detalları ictimaiyyətə məlum deyil, lakin regionda baş verən hadisələrin dinamikası fonunda onun mövcudluğu barədə nəticələr çıxarılır.
Eyni zamanda, Amerika administrasiyası və ümumilikdə ABŞ establishmenti çərçivəsində, İsraillə koordinasiyalı şəkildə regionla bağlı müəyyən strateji gündəliyin icra edildiyi iddia olunur.

Digər tərəfdən, müşahidələr göstərir ki, ABŞ şirkətləri, xüsusilə neft və enerji sektorunda fəaliyyət göstərən korporasiyalar, eləcə də maliyyə strukturları son iki ay ərzində ciddi qazanc əldə ediblər. Məsələn, son göstəricilərə əsasən, ABŞ-ın neft ixracının 8 milyon barel səviyyəsinə qədər yüksəlməsi rekord nəticə kimi qiymətləndirilir".

Sonda politoloq onu da əlavə edib ki, bütün bu proseslərin nəticə etibarilə regionda yeni geosiyasi şəkillənməyə gətirib çıxaracağı, Xəzərdən Aralıq dənizinə və Hind okeanına qədər uzanan geniş coğrafiyada yeni strateji arxitekturanın formalaşacağı proqnozlaşdırılır:

"Bu yeni sistemin təhlükəsizlik baxımından da yeni konfiqurasiyalar yaradacağı bildirilir. Ümumi yanaşmaya görə, formalaşmaqda olan bu sistem qlobal təhlükəsizlik strukturuna inteqrasiya olunan, daha mötədil və ekstremizmdən uzaq bir model kimi qiymətləndirilir.

Eyni zamanda, rifahın artırılması, qarşılıqlı maraqlara əsaslanan əməkdaşlıq, ticarət əlaqələrinin genişləndirilməsi, nəqliyyat yollarının açılması və iri infrastruktur layihələrinin həyata keçirilməsi kimi istiqamətləri əhatə edəcəyi qeyd olunur".

Pərvin Şakirqızı

 

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər