Mediada yer alan məlumatlara görə, Hindistan Ermənistana “Pralay” kvaziballistik raketlərini satmağa hazırlaşır. Qeyd edək ki, yüksək dağıdıcı gücə malik olan bu raketlərin 500 kim uzaqlıqdakı hədəfləri məhv etmək potensialı var.
Mövzu ilə bağlı Moderator.az-a açıqlama verən millət vəkili Asim Mollazadə Ermənistanın silahlanmasının bölgə üçün yaxşı heç nə vəd etmədiyini bildirib:
“Təbii ki, bəzi dövlətlər tərəfindən Ermənistanın silahlandırılması Cənubi Qafqazda sülh və təhlükəsizliyə zərbədir. Bu proses bölgənin gələcəyinə yaxşı heç nə vəd etmir. İrəvana göstərilən bu cür yardımlar Ermənistanı təxribatlara həvəsləndirir, bu ölkədəki revanşist qüvvələrin aktivləşməsinə rəvac verir.
Şübhəsiz, əgər bölgədə yeni bir gərginlik yaranarsa, bunun məsuliyyəti ilk növbətə Ermənistanın üzərinə düşəcək. Lakin Ermənistanla yanaşı, ona hərbi dəstək verən dövlətlərin də bu gərginlikdə pay sahibi olduğu, onların da bu məsələdə ciddi şəkildə məsuliyyət daşıdığı birmənalıdır.
Ermənistan və onu himayə edən güclər bilməlidirlər ki, Azərbaycanın güclü ordusu var və bu ordu ölkəmizin təhlükəsizliyini təmin etməyə qadirdir. Əgər Ermənistan öz təxribatlarını davam etdirər, yenidən hansısa xam xəyallara düşərsə, o zaman qəti və layiqli cavabı alacaqdır”.
Seymur ƏLİYEV