“Vatsap” qruplarındakı hegemon valideynlər - Onlar sinfi necə idarə edir?
Elm və Təhsil
3812
11 Oct 2024 | 19:10

“Vatsap” qruplarındakı hegemon valideynlər - Onlar sinfi necə idarə edir?

Yeri gəlmişkən...
 
Ondan başlayaq ki, ötən həftə daha bir Müəllimlər Gününü yola saldıq. Əvvəlcədən deyək ki, ötən illərdən fərqli olaraq bu dəfə demək olar ki, hər hansı neqativ hadisə, 5 oktyabrla bağlı xüsusi özbaşınalıq halları yaşanmadı. Yəni, Müəllimlər Günü qalmaqalsız şəkildə, sakit tərzdə gəldi və getdi. Məktəbəqədər və Ümumitəhsil üzrə Dövlət Agentliyinin, həmçinin, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin eləcə də, bəzi regional təhsil idarələrinin də hələ 5 oktyabr gəlməmiş bununla bağlı ciddi xəbərdarlıqları, tövsiyə xarakterli bilgiləndirmələrinin də ciddi rolu oldu. Amma əsas səbəb bu da deyil: əsas səbəb odur ki, müəllim, artıq əvvəlki müəllim deyil. İndi artıq müəllimlərin böyük əksəriyyəti  5 oktyabr olayını maddi dividentin əldə edilməsi (pul və ya hədiyyə şəklində) kimi yox, mənəvi bir diqqət meyarı kimi qəbul edir. Əslində, subyektiv fikrimə əsasən, müəllimə hədiyyə almağın özü də bir gözəllikdir. Amma bir neçə məqam nəzərə alınmaqla;
 
-Həmin hədiyyə rəmzi məna daşıyırsa və mənəvi dəyəri göstərirsə;
-Müəllimin özü tərəfindən şagirdə bullinq yolu ilə tələb olunmursa;
-"Vatsap" qruplarında at oynadan hegemon valideyn(lər) tərəfindən bütün sinifə az qala "tas" kimi qəbul etdirilmirsə...
 
İndi keçək mətləbə...
 
Mətləb əslində, elə ən son vurğuladığımız üçüncü qeyd-“vatsap” qrupları vasitəsilə sinifi idarə etməyə çalışan, müəllimlə bəzi hallarda yaxınlığı, bəzi hallarda isə ona alternativliyi ilə seçilən valideynlərdən danışmaqdır. Fikrimiz qətiyyən ötən həftənin tarix səhifələrində qalan Müəllimlər Günü haqqında yox, məhz bu məsələ barəsində bir neçə zəruri qeydi nəzərə çatdırmaqdır. Bugün təhsilin görünməyən (bəlkə də görünən) ən ciddi problemlərindən biri də valideyn amilidir. Təbii ki, burada övladının faydalılığı, uğurlu təhsili  və nümunəvi tərbiyəsi uğrunda dəridən-qabıqdan çıxan, maddi durumu, sosial rifahının fərqinə varmadan onun tədrisi üçün hər şey edən açıqkönüllü valideynlərdən getmir. Onların da sayı bugün az deyil: bizim cəmiyyətimizdə onlar hər zaman olub, olur və olacaq da... Məhz bu cür insanları məktəbdən küsdürən, yersiz idarəçilik sevdaları, pedaqoji etika və bacarıqdan kənar müdaxilələri ilə onlarda hiddət yaradan kəsimləri problem qaynağı kimi göstərir, quru oduna yaşların da yanmasını qəti istəmirik. 
 
Heç kimə sirri deyil ki...
 
Bugün heç kəsə sirr deyil ki, bizdə müəyyən məktəblərdə (təbii ki, hamısını deyə bilmərik) valideyin komitələri, yaxud, komitə formasında hər hansı birlik (eynifikirli 3-4 valideyndən ibarət)  sinif rəhbərlərinə xoş gəlmək, yaxud, bir başqa hansısa səbəb üçün bir neçə valideyinin hegomonluğu üzərində qurulur. Bu komitələrin dırnaqarası  fəaliyyəti müəllimlər üçün xüsusi günlərdə işə düşür. Onlara əslində müşahidə etməli olduğu işlər-tədrisin keyfiyyəti, təlim-tərbiyə metodikası, dərsliklərlə bağlı problemlər maraqlı deyil. Kobud da səslənsə deməliyik ki, bu cür qruplaşmalar, idarəçiləri olduqları vatsap qrupları üzərindən xüsusi günlərdə, müəyyən məsələlərdə daha da fəallaşır, həmin təqvimlərlə bağlı təbrik və qeydetmələrdən yana maddi resursların toplanılması ilə məşğuldurlar. Bir neçə valideyin idarəetməni bütün sinif üzərindən  ələ keçirir və həmin sinifdə təhsil alan övladının aparıcı qüvvəyə çevrilməsinə çalışır. Daha fərqində deyillər ki, bu metod və cəhdlər digər valideyin və şagirdlərə psixoloji təsir göstərir. Təsəvvür edin, hər hansı valideyin bəzən istər tədris prosesi, istərsə də bir başqa səbəbdən haqlı şəkidə müəllimə irad bildirən zaman təhsilverən qalır kənarda,  “sinif anası” statuslu bu kimi valideyn(lər) etirazçıya anında  qarşı çıxır, onun əsaslı narazılığını səsləndirməsinə imlan vermirlər.  Adətən bu cür vəzifəni üstlənənlər digər valideyinlərə diqtə etmək bacarığına sahib olurlar. Üzərinə gedilən valideyin növbəti dəfələrdə artıq  müəlliməyə öz iradın bildirməkdən çəkinir.  
 
Təəssüf ki, bu reallıqdır. Bizdə valideyn komitələri ənənəsi demək olar, yox səviyyəsindədir. Valideyin komitələrini hazırda bəzi məktəblərdə (və onların bəzi siniflərində)  sinif rəhbərlərinə xoş gəlmək üçün bir neçə valideyinin hegomonluğu üzərində qurulan qruplaşmalar əvəz edib.  
Problemlə bağlı daha detallı  danışıb, bir çox faktları da səsləndirmək olar. Amma əsas olan bu deyil, əsas olan valideyn amilinin təhsil prosesində bu cür deyil, müsbət məramlı rolu ilə bağlı vacib qeydləri etməkdir. 
 
Bugün bir çox məktəblərimizdə ictimai nəzarətin  gücləndirilməsinə xüsusi ehtiyac var. Bunun üçün də valideyn komissiyaları yenidən və tam fərqli qaydalar əsasında formalaşmalıdır. Yeni tərkib bayramlarda pul yığımlarından tutmuş, məktəblərdə bullinq və mobinq məsələlərinə, şagirdlərin davranış pozuntuları və onların səbəb olacağı neqativlərə xüsusi nəzarət etməlidirlər. Həmin komissiyalar “vatsap qrupları”nın qəhrəmanlarından deyil, intellektual göstəriciləri, sosial aktivliyi, hadisələrə yanaşmaları, o cümlədən cəmiyyətdəki mövqeləri ilə fərqlənən valideynlərdən təşkil olunmalıdır. Məhz belə valideynlər məktəb daxilində ictimai nəzarət mexanizmini faydalı və obyektiv şəkildə həyata keçirəcək, neqativ halların yanında deyil, qarşısında olacaqlar. 
 
Təhsil qanunvericiliyi, pedaqoji əsasnamələr -Onlar nə deyir?
 
Əslində bir  neçə il bundan əvvəl Elm və Təhsil Nazirliyi tərəfindən hazırlanan təlimat sənədində - “Valideyn-məktəb münasibətlərinin tənzimlənməsi üzrə təlimat”da valideynlərin təhsilə, tədris prosesinə faydalılığını artırmaları, onların düzgün davranış kodeksləri və s. məsələlərlə bağlı zəruri qeydlər vardır. Məsələn, təlimatın C bəndində valideynlər tərəfindən yolverilməz davranış qaydaları ilə bağlı bir neçə nümunəni qeyd edək: (Onların pozuntusu bəzi hallarda hüquqi məsuliyyətə cəlb olunma ilə də nəticələnə bilər)
 
-Şifahi, elektron poçt, səsli və mətn formasında ismarışlar, həmçinin telefon və ya internet vasitəsilə alçaldıcı, təhqiredici və hədələyici ünsiyyətə yol vermək;
-məktəb fəaliyyətinə və tədris prosesinə mane olan davranış nümayiş etdirmək;
-məktəb heyətinin üzvünə, ziyarətçiyə, valideynə, qanuni nümayəndəyə və ya şagirdə bədən xəsarəti yetirmək və ya xəsarət yetirməklə hədələmək;
-məktəbin, məktəb heyətinin üzvünün, ziyarətçinin, valideynin/qanuni nümayəndənin və ya şagirdin əmlakına ziyan vurmaq və ya ziyan vurmaqla hədələmək;
-məktəb icması və şagird kollektivi daxilində radikal dini və siyasi baxışları təbliğ etmək;
-şifahi, yazılı və ya internet vasitəsilə məktəb və ya məktəb heyətinin üzvləri ilə bağlı ictimai şəkildə alçaldıcı və təhqiredici şərhlər etmək;
-məktəb ərazisində və ya onun yaxınlığında içki içmək, siqaret çəkmək, kobud və ya təhqiramiz ifadələrdən istifadə etmək və ya digər antisosial davranışlara yol vermək;
-akademik nəticələri saxtalaşdırmaq, həmçinin şagirdə xüsusi münasibət göstərilməsi üçün pul, hədiyyə və xidmət təklif etmək və ya bu təklifi qəbul etmək;
Həmçinin, Təlimatlarda valideynlər üçün aşağıdakı vacib qeydlər də öz əksini tapıb ki, onlardan da bir neçəsini təqdim edirik:
-Valideynlərin-qanuni nümayəndələrin məktəb heyəti üzvü ilə problemi yarandıqda, onlar birbaşa həmin şəxslə söhbət edərək məsələni həll etməyə çalışmalıdırlar;
-valideynlər, qanuni nümayəndələr məktəb heyətinin iş saatlarını, sinifdə şagird sayını nəzərə alaraq, vacib olduğu halda söhbət və görüş üçün müraciət etməlidirlər;
-valideynlər məsələləri 2 və 3-cü mərhələyə  qaldırdıqda, problemin əvvəlki mərhələdə həll olunmasına cəhd etdikləri barədə dəlilləri təqdim etməlidirlər. 
 
Təklif və tövsiyələr
 
Valideynlərin məktəblərdə faydalı yönümlü fəaliyyətini daha da inkişaf etdirmək üçün aşağıdakı meyarlar tətbiq edilə bilər:
Könüllü Valideyn Birliklərinin yaradılması- Hər məktəbdə sosial aktivliyi ilə seçilən valideynlərdən ibarət (say ən azı 20-25 nəfər)könüllü dəstək birliklərinin yaradılması tədris və sosial məsələlərin həlli baxımından çox faydalı ola bilər. Bu birlik  məktəblərdə tədbirlərin təşkili, sosial durumu aşağı olan şagirdlərə humanitar dəstəyin təşkili, şagirdlərlə iş zamanı müəllimlərə yardımçı fəaliyyətin təşkili və s. işləri həyata keçirə biləcəkdir; 
 
“Evdə müəllim” metodu – Bu metod şagirdlərdə həm tədris keyfiyyətinin inkişafı, həm də davranış mexanizmlərinə nəzarət baxımından çox faydalıdır. Üstəlik, bu metod vasitəsilə valideyn də özünü təhsilə daha yaxın bir sima kimi hiss edəcək, özünü tədris prosesinin bir fərdi sayacaqdır. “Evdə müəllim” metodunda əsas vəzifə həm də müəllimin (sinif rəhbərinin) üzərinə düşür. O bir qrup valideynlə həftənin müəyyən günündə tədris prosesi, keçirilən mövzularla bağlı təlim keçməli və onlara şagirdlə evdə necə işləməyin qaydalarını bildirməlidir. Çünki ev tapşırığının həlli zamanı valideynlərin yaşadığı çətinliklər şagirdlərin də sonrakı probleminə çevrilir. Onlar “evdə müəllim”metodu ilə məktəbdəki müəllimin işini daha da gücləndirmək, keçirilən predmeti övladlarının zehinlərində daha yaxşı möhkəmlənməsinə nail ola bilərlər. 
 
Elmin Nuri
Təhsil məsələləri üzrə tədqiqatçı
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Link kopyalandı!
Son xəbərlər