Oktyabrın 26-da keçiriləcək parlament seçkilərində müxalifət qalib gəlsə, Gürcüstan prezidenti Salome Zurabişvili bütün Rusiyayönlü qanunları ləğv edəcək.
Moderator.az 24News.ge nəşrinə istinadla xəbər verir ki, xanım Zurabişvili bu barədə Berlində "Euronews" telekanalına müsahibəsində danışıb.
"Bu seçkilər ya Avropanı, ya da qaranlığı, Rusiya-Sovet keçmişinə qayıdışı həll edəcək", - Zurabişvili "Bild" nəşrinə müsahibəsində qarşıdan gələn seçkilərlə bağlı deyib. Onun sözlərinə görə, hakim “Gürcü arzusu” partiyası və onun yaradıcısı Bidzina İvanişvili artıq Avropaya can atmır, söz və müxalifət azadlığını məhdudlaşdırır.
“O (İvanişvili) ölkəyə zərər verib, onu zəiflədib, təcrid edib. Aİ-yə namizəd olmağın sevincini yararsız qanunun təbliği pozdu”, - deyən Gürcüstan prezidenti bu yaxınlarda qəbul edilmiş “xarici agentlər” və “LGBT təbliğatı” ilə bağlı qanunları tənqid edib.
Zurabişvili hesab edir ki, hər şey itirilməyib.
“Mən gəncləri, eləcə də ölkənin ucqar rayonlarının sakinlərini seçkilərdə fəal iştirak etməyi xahiş edirəm ki, biz Gürcüstanı Avropa ölkəsi kimi yerləşdirək və gənclərin gələcək miqrasiyasının qarşısını ala bilək”, - deyə prezident bildirib.
Zurabişvili Gürcüstanı Avropa yoluna qaytarmaq üçün 1 il müddətinə ekspert hökuməti yaratmağa çağırıb.