Keçən gün Türkiyənin sevilən siması Acun Ilıcalı Bakıya gələrək sevənləri ilə görüşdü. İllərdir Azərbaycana dəvət edilsə də qrafikasının doluluğuna görə heç bir halda Bakıya gətirilə bilməyən Acun Ilıcalı, Beylimedia və Excevent şirkətlərinin təşkilatçılığı ilə sevənləri ilə görüşdü.
Acunu Bakıya gətirən şirkət rəhbəri Şəhriyar İmanbəyli Moderator.az-a açıqlamasında maraqlı məsələlərə toxunub:
-Şəhriyar bəy, necə oldu ki, siz Acun bəyi Bakıya gətirməyi bacardınız? Bu, az qala, mümkünsüz kimi görünürdü...
-Əvvəla, bu, bizim üzərində işlədiyimiz layihələrdən biri idi və iyun ayında Acun bəylə görüşüb danışdıq, daha sonra da tədbirin hazırlıqlarına başladıq. Keçən gün isə həmin tədbiri uğurla başa çatdırdıq.
-Acun Ilıcalı Bakıya gələrkən, ümumən səfər müddətində Azərbaycanda necə qarşılandı?
-Təyyarədən endikdən sonra qısa vaxt içində elə zəruri işlərə start verdik. Öncə axşam saatları olmasına baxmayaraq, Ulu Öndər Heydər Əliyev məzarını ziyarət etməyə yollandıq. Əvvəlcə Ulu Öndərin, daha sonra isə Zərifə xanım Əliyevanın məzarını ziyarət etdik. Jurnalistlər də həmin vaxt orada idilər. Acun bəy jurnalistlərin suallarını cavablandırdı. Və deyə bilərəm ki ölkədəki bir çox jurnalist və telekanallar həmin məkanda rahat bir şəkildə Acun bəy ilə reportaj edə bildilər. Bütün suallar da cavablandırılıb, heç bir jurnalistin sualı cavabsız qalmadı. Daha sonra jurnalistlər ilə xatirə şəkilləri də çəkildi.
-Acun Ilıcalı Bakıda müəyyən işlər görmək istəyirmi?
-İnvestisiya öncəsində onu deyim ki Acun bəy “Survivor” və ya bir neçə verilişlərinin bəzi bölümlərinin çəkilişini Bakıya salmaq istədiyini bildirdi. Bunu hətta jurnalistlərə də açıqladı. Nənə tərəfdən yarı azərbaycanlı olduğumu da ifadə edən Acun Ilıcalı Türkiyə və Azərbaycan qardaşlığına özünün də müəyyən töhfələr verməyə hazır olduğunu, Azərbaycanı çox sevdiyini bildirdi.
-İnvestisiyalar barədə daha dəqiq nələrsə deyə bilərsiz?
-Tədbirin səhəri günü Acun Ilıcalını KOBİA idarə heyətinin sədri Orxan Məmmədov ilə görüşürdük. Düşünürəm ki çox uğurlu bir görüş oldu. Orxan Məmmədov Azərbaycanın biznes mühitindən, yeniliklərindən, iş imkanlarından Acun Ilıcalıya bəhs etdi. Digər tərəfdən Azərbaycan mini futbolu haqqında da məlumatlandırıldı. Düşünürəm ki məhs o görüş Azərbaycana yeni investisiya baxımından çox faydalı keçdi. Hətta yeni layihələrin təməli qoyuldu. Bir sonrakı görüşdə Acun Qarabağa getmək istədiyini bildirdi.
-Sosial mediada yayılan bəzi birmənalı olmayan fikirlər, qara PR ilə bağlı nə deyə bilərsiz?
-Məncə elə sualınıza cavab elə sualın içində gizli qaldı. Bu elə qara PR-dır. Reklam hər zaman reklamdır, sadəcə yalan xəbər bir jurnalist üçün qəbuledilməzdir. Bəzi “sayt”ların yalan və dəqiqləşdirilməmiş məlumatlar dərc etməsi məni bir jurnalist kimi məyus etdi. Çünki peşəkar jurnalistikada qarşı tərəfin də fikri alınmasa, bu həmin xəbərlərin, yazıların sifarişli və ya qərəzli mövqe tutduğunu açıq şəkildə göstərir. Təbii ki, gözü götürməyənlər də olacaq, qısqananlar da, boş-boş yalan xəbərlər edərək gündəmə gəlmək istəyənlər də bu səfərdən öz xeyrinə istifadə etmək istəyənlər də...
-Məsələn, yazılır ki, tədbirdə innovativ inkişafdan danışımadı və sanki tez bitdi...
-Bəli haqlısız. Tədbir planladığımızdan tez bitdi. Orda innovativ inkişaf barədə mən və Acun bəyin müzakirəsi planlanmışdı. Amma müəyyən səbəblərdən ikinci hissə başlamadan bitdi, deyə bilərəm.
Əlavə edim ki, bu tədbirin baş tutacağına az qala, heç kim inanmırdı, hətta Acun Ilıcalı təyyarədən enənə qədər bu tədbirin baş tutacağına inanmırdılar.
-Şəhriyar bəy, son olaraq deyə bilərsinizmi, bu səfərdə hansı nüanslar ilə yadda qaldı?
-Ümumilikdə götürsək bu səfər bir neçə nüanslar ilə yadda qaldı: Azərbaycana seminar üçün gətirilə bilməyən Acun Ilıcalını, Bakıya gəldi!
Cənab Prezident İlham Əliyevin apardığı uğurlu siyasəti, diplomatik mövqeyi, həmçinin günü gündən çiçəklənən ölkə quruculuğu haqqında Acun Ilıcalıya daha geniş məlumat verdik. Axşam saatları olmasına baxmayaraq Ulu Öndər Heydər Əliyevin və Zərifə xanım Əliyevanın məzarlarını ziyarət etdik. Jurnalistlərin sualları, hətta selfi şəkilləri tam bitənə qədər onların yanından ayrılmadıq, bütün sualları da cavablandırılıb və bu arada heç kimdən də buna görə pul istənilməyib.
Daha sonra, KOBİA sədri Orxan Məmmədov ilə Azərbaycana yeni investisiya imkanları mövzularında danışıqlar edildi.
Hərbi Qənimətlər Parkına baş çəkildi. Qarabağ zəfəri haqqında məlumatlandırıldı. Nənə tərəfdən Azərbaycanlı olduğunu və Azərbaycana olan sevgisindən danışdı. “Survivor” çəkilişinin final bölümlərinin Bakıda ola biləcəyi mesajı verildi. İki ölkə arasındakı dostluq və qardaşlıq əlaqələrinin daha da dərinləşməsi üçün əlindən gələni edəcəyini dedi. Bir sonrakı gəlişində Qarabağı çox görmək istədiyini yeni investisiyalarda ola biləcəyini ifadə etdi. Sonda da o öz həyat hekayəsini sevənləri ilə bölüşdü...