
Xəbər verdiyimiz kimi Azərbaycanda ilk dəfə “Arşın mal alan” tamaşası jest dili ilə nümayiş olunub. Yaradıcı qrup bildirib ki, bunun üçün bir çox aktyora təklif olunsa da, onlar oynamaqdan imtina ediblər. Roldan imtina edənlər arasında tanınmış aktrisa Zümrüd Qasımovanın da adı çəkilir.
Moderator.az aktrisa ilə əlaqə saxlayaraq, mövzuya aydınlıq gətirib.
“Əslində mənə bu təklif gəlmişdi, mən də razılaşmışdım. Tamaşada jestlərlə hərəkət etmək lazım idi. Bu mənim üçün heç bir problem deyildi. Sonra soruşdum ki, tamaşanı nə vaxt oynamaq lazımdır? Tammaşa ilə bizim qastrol səfərimiz üst-üstə düşürdü. Çünki bizim teatrımız da festivala gedirdi. Üzr istədim ki, sizi yarı yolda qoymaq istəmirəm. Təşkilatçılar isə deyib ki, tamaşa jest dili, işarələrlə olduğu üçün imtina etmişəm. Qətiyyən belə deyil. Hamı bilir ki, bundan öncə də bir neçə sosial layihədə iştirak etmişəm, fiziki məhdudiyyətli aktyorlarla səhnə bölüşmüşəm. Mənim üçün heç bir problemi yox idi, böyük məmnuniyyətlə oynayardım. Sadəcə olaraq tamaşa festivalla üst-üstə düşdüyü üçün imtina etmişəm. Bu çox gözəl, unikal bir layihədir. Çox istərdim ki, bu layihənin gözəlliyindən yazsınlar, yalan xəbərlərdən yox. Bilmirəm ki, bu mövzunu kim gündəmə gətirib? Kimə lazımdır? Hər zaman sənətimlə məşğulam, çalışıram ki, bütün gözəl layihələrdə iştirak edim. Mən həmişə belə tamaşalarda iştirak etməyə hazıram. “Oyuq” teatr studiyasının direktoru Səidə Haqverdiyeva bu günlərdə yenə yeni bir tamaşa hazırlayacaq və orada da yenidən fiziki məhdudiyyətli aktyorlarla çıxış edəcəm” deyə aktrisa bildirib.
Zümrüd Qasımova artıq keçmişlə yaşamadığını bildirib.
“Uzun zamanlar kimisə, hansısa səhvinə görə bağışlaya bilmirdim. Sonra bir məqam gəldi və mən oyandım ki, həmin insanı sildim, artıq onu xatırlamıram. Bundan sonra isə gördüm ki, yaşamaq mənə necə də rahatdır. Çünki insanın problemi, keçmişdə etdiyi səhvlər, səni incitmələr hər şeydən çox səni narahat edir və incidir. Əbəs yerə demirlər ki, keçmiş qaldı keçmişdə. Həyatımdan silmək istədiyim məqamlar əlbəttə ki, var. Amma onları həyatımdan da, xatirəmdən də silmişəm. Heç nə xatırlamıram” deyə aktrisa bildirib.
Aktrisa istirahətə yollanacağını da açıqlayıb.
“Düşünürəm ki, yay istirahətimi xarici ölkədə keçirim. Çünki bu il mənim üçün bir az çətin, ağır il oldu. Planlarım var, amma öncədən demək istəmirəm. Əvvəldən demək mənə düşmür”



























