
“Moskva görüşü Azərbaycan-Rusiya münasibətlərinin strateji müttəfiqlik səviyyəsində olduğunu nümayiş etdirdi”
“Azərbaycanın Qərblə yanaşı, Rusiya ilə də münasibətləri inkişaf etdirməsi diplomatiyamızın uğurudur”
Xəbər verdiyimiz kimi, mayın 25-də Moskvada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyasının Prezidenti Vladimir Putin və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan ilə üçtərəfli Zirvə görüşü keçirilib. Görüşlə bağlı Moderator.az-a açıqlama verən millət vəkili Vahid Əhmədov, Moskva görüşünün bir çox baxımdan mühüm əhəmiyyətə malik olduğunu qeyd edib:
“Moskva görüşünü əhəmiyyətli edən ən vacib amillərdən biri bu görüşdə Münhen və Brüssül razılaşmalarının bir daha təsdiq edilməsi, tərəflərin sülhün ədlə edilməsində qərarlı odluqlaırnı növbəti dəfə bəyan etməsi oldu. Moskva görüşü bir daha göstərdi ki, Azərbaycan və Ermənistan bir-birlərinin ərazi bütövlüyünü tanıyır. Hansı ki, bu, sülhün əldə edilməsi üçün ən vacib şərtlərdən biridir.
Bildiyiniz kimi, Rusiya prezidenti Vladimir Putin də qeyd etdi ki, sülhün əldə edilməsində ən vacib şərt budur və bütün qalan məsələlər ikinci dərəcəli əhəmiyyətə malikdir.
Moskva görüşü həm də onu göstərdi ki, sülhün əldə edilməsinin vacibliyi Paşinyan hakimiyyəti tərəfindən də dərk edilməkdədir. Ermənistanın bu gün də ölkəmizə qarşı mina terrorunu davam etdirməsinə baxmayaraq, rəsmi İrəvanın bu həqiqəti dərk etməsi, post-müharibə dövrünün reallıqları ilə barışması Azərbaycanın uğurudur və bu, regionda sülhün təmini üçün önəmli amillərdən birini təşkil edir. Bu baxımdan, inamla demək olar ki, Moskva görüşündə liderlərin sülhün əldə edilməsi yönündə sərgilədiyi qərarlılıq, yaxın gələcəkdə bu məsələdə daha böyük uğurların əldə edilməsinə yol açacaq. Yəqin ki, biz tərəflər arasındakı növbəti görüşlərdə daha ciddi irəliləyişlərə şahid olacağıq”.
Millət vəkili bildiirb ki, əslində Azərbaycanın təxribat və terror siyasətindən əl çəkməyən Ermənistanı danışıqlar masasında bu mərhələyə qədər gətirməsi dövlətimizin, onun Prezidentinin, diplomatiyamızın uğuru kimi dəyərləndirilməlidir:
“Məlum olduğu kimi, Ermənistan 44 günlük Vətən müharibəsindən sonra da ölkəmizə qarşı böhtanlarını davam etdirir, həm hərbi, həm də siyasi müstəvidə təxribatlar törətməyə çalışırdı. Ordumuzun mövqelərinin tez-tez atəşə tutulması, ölkəmizə qarşı ərazi iddialarının səsləndirilməsi və s. kimi təxribatlar göstərirdi ki, Ermənistan yeni reallıqlarla barışmaq istəmir. Hələ də vəziyyəti, mövcud status-kvonu dəyişə biləcəyinə ümid edir. Lakin Azərbaycanın israrlı və məntiqli mövqeyi, prinsipiallığı Ermənistanı yeni reallıqlarla barışmağa məcbur etdi. Bu məsələdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin siyasi səriştəsi, diplomatik uzaqgörənliyi xüsusilə qeyd edilməlidir. Yeri gəlmişkən qeyd edim ki, İlham Əliyev Moskva görüşündə də Paşinyanı ciddi faktlar qarşısında qoydu, haqqın, ədalətin Azərbaycanın tərəfində olduğunu bir kəs daha nümayiş etdirdi. Bu baxımdan, Azərbaycanın təxribatçı, terrorçu bir dövləti sülhün astanasına gətirib çıxarması dövlətimizin, onun Prezidentinin, diplomatiyamızın ən böyük uğuru kimi dəyərləndirilməldir”.
Vahid Əhmədov Moskva görüşünün Azərbaycan-Rusiya münasibətlərinin bugünü və gələcəyi baxımından böyük əhəmiyyətə malik olduğunu qeyd edib:
“Moskva görüşündə Azərbaycanla Rusiya arasındakı münasibətlərin mövcud durumu, keçdiyi tarixi yol və gələcək perspektivləri aydın şəkildə özünü göstərdi. Görüşdə Ümummilli lider Heydər Əliyevin Rusiya-Azərbaycan münasibətlərinin inkişafına verdiyi töhfə qeyd olundu. Həmçinin Azərbaycanın dövlət başçısı vurğuladı ki, Azərbaycanla-Rusiya arasındakı müttəfiqlik münasibətləri de-yure kimi səciyyələndirilə bilər: “Onu deməliyəm ki, Heydər Əliyev və Siz, Vladimir Vladimiroviç, Rusiya ilə Azərbaycan arasında münasibətlərin hazırkı səviyyəsinin əsasını qoymusunuz. Məhz Sizin 2001-ci ildə Azərbaycana səfərinizdən sonra münasibətlər keyfiyyətcə yeni səviyyəyə yüksəldi və biz bu gün artıq bu münasibətləri müttəfiqlik qismində təkcə de-fakto deyil, həm də de-yure səciyyələndiririk. Siz qeyd etdiyiniz kimi, ötən ilin əvvəlində biz Müttəfiqlik Qarşılıqlı Fəaliyyəti haqqında Bəyannamə imzaladıq və icra edirik. Bu, bizim münasibətlərimizin ruhunu və xarakterini, ölkələrimizin daha sıx qarşılıqlı əlaqələrə səylərini əks etdirən mühüm siyasi sənəddir”.
Göründüyü kimi, Azərbaycanla Rusiya arasındakı münasibətlərin təkcə mehriban qonşuluq və dostluq deyil, həm də müttəfiqlik xarakteri daşıdığı bir daha vurğulandı. Bu, Azərbaycanın diplomatik uğuru olmaqla yanaşı, həm də Ermənistanın təxribatlarına tutarlı cavab idi. Bildiyiniz kimi, Ermənistan hər zaman Azərbaycanla Rusiya arasında münasibətlərin gərginləşdirməyə çalışmış, 44 günlük Vətən müharibəsi dönəmində bizi Rusiya ilə hərbi müstəvidə üz-üzə qoymağa can atmışdır. Lakin Azərbaycan rəhbərliyinin siyasi səriştəsi, soyuqqanlı davranışı və dəmir məntiqi sayəsində bu təxribatlar nəinki nəticəsiz qalmış, eyni zamanda Ermənistanın özünün ifşa edilməsi ilə nəticələnmişdi. Moskva görüşü isə göstərdi ki, Azərbaycanla münasibətlər Rusiya üçün Ermənistandan daha önəmlidir və Moskva bu həqiqəti gizlətmək niyyətində deyil”.
Millət vəkili bildirib ki, ölkəmizin Qərblə yanaşı, həm də Rusiya ilə münasibətləri yüksək səviyyədə inkişaf etdirməsi diplomatiyamızın nailiyyətinin göstəricisidir:
“Azərbaycan uzun illərdir ki, Qərblə münasibətləri sürətlə inkişaf etdirir, Avropa dövlətləri ilə mühüm layihələrə imza atır. Ölkəmiz Qərblə əməkdaşlığı inkişaf etdirməyə xüsusi önəm verir. Çünki Qərbin mövqeyi, onun malik olduğu demokratik ənənələr, malik olduğu yüksək elmi-iqtisadi inkişaf modeli bizim üçün daha böyük maraq kəsb edir.
Qərbin Azərbaycan üçün iqtisadi önəmi də olduqca böyükdür. Ölkəmiz Qərbin enerji təminatında mühüm rol oynayır və bu rol getdikcə artmaqdadır. Hazırda ölkəmizdə “yaşıl enerji” siyasəti reallaşır ki, bu siyasət ölkəmizin Qərbə enerji ixracı imkanlarını da genişləndirəcək. Bu baxımdan Qərblə əməkdaşlıq Azərbaycan üçün prioritetlik kəsb edən məsələlərdəndir. Ancaq Moskva görüşü göstərdi ki, ölkəmiz Qərblə yanaşı, öz şimal qonşusu ilə də əlaqələri uğurla inkişaf etdirir. Yəni Qərb dövlətləri ilə paralel olaraq Rusiya ilə də siyasi-iqtisadi əlaqələrimiz sürətlə genişlənməkdə, mahiyyətcə yeni mərhələyə daxil olmaqdadır. Bu isə heç şübhəsiz diplomatiyamızın, onun çevikliyinin və uğurlu fəaliyyətinin göstəricisidir.
Moskva görüşü bir daha göstərdi ki, Azərbaycan bütün regionda sadəcə öz hərbi və iqtisadi qüdrətinə görə deyil, həm də siyasi-diplomatik gücünə görə liderdir və bu liderliyi müvəffəqiyyətlə davam etdirməkdədir”.
Seymur ƏLİYEV





























