
Tanınmış ictimai xadim, siyasi icmalçı Qulu Məhərrəmli GünazTV nin rəhbəri Əhməd Obalıya qarşı ABŞ-da törədilən sui-qəsd cəhdini Moderator.az-a şərh edib:
"Mən belə hesab edirəm ki, Güney Azərbaycan hərəkatının liderlərindən biri olan, bütün enerjisini, fəaliyyətini bu işə yönəldən, Cənubdakı hərəkatın təşkilatlanmasına böyük dəstək verən, GünAZTV ilə onun ideoloji bazasını yaradan və bu hərəkatı istiqamətləndirən Əhməd Obalıya qarşı hücum birmənalı şəkildə terror aktıdır və sui-qəsd cəhdidir və bu qəsdin arxasında birmənalı şəkildə İranın kəşfiyyat orqanları dayanır. Çünki Əhməd Obalı Güney Azərbaycanlılarının hüquqları uğrunda dinc mübarizə aparan, bu hərakatın təşkilatlanmasına kömək edən, onun ideoloji əsaslarını formalaşdıran və yayan bir kanalın rəhbəridir, nüfuzlu şəxsiyyətdir, güney azərbaycanlıları arasında çox böyük nüfuzu olan ictimai xadimdir. Görünür ki, onun mövcudluğu İranın indiki molla rejimini çox narahat edir və Azərbaycanda öz niyyətinə nail ola bilməyən İran kəşfiyyatı görünür ki, Amerikada bu çirkin niyyətini həyata keçirib. İndi xəbər verilir ki, sui-qəsdi tərədənlər 6 nəfər olub. Bu ondan xəbər verir ki, bu terror aktı əvvəlcədən planlaşdırılımış bir sui qəsddir və mən elə bilirəm ki, hər halda Amerikanın hüquq orqanları bununla lazımi şəkildə məşğul olacaqlar. Doğrudan bu terrorun İran kəşfiyatına aid olması heç bir şübhə doğurmur və bir Amerika vətəndaşına bu cür davranışı ABŞ bağışlamamalıdır və həmin terrorun təşkilatçıları və icraçılarına qarşı lazım olan addımlar atılmalıdır."





























