“Qarabağın din xadimlərindən heç biri, Xurşidbanu Natəvanın pərəstişkarlarından qorxaraq onların kəbinini kəsməyə cəsarət eləmir. Bu işi Axund Hacı Molla Şükür görür...”
“Geriyə bax, qoca!”, “Yəhərə bağlanmış kəfən” adlı tarixi romanların müəllifi olan Əslixan Hüseynoğlunun XIX-XX əsrlərdə yaşamış, Qarabağ, Zəngəzur və digər mahallarda nüfuzlu ağsaqqal, tanınmış din xadimi, hikmət sahibi kimi yaddaşlara həkk olunmuş Hacı Molla Şükür haqqındakı “Hacı Axund Molla Şükür kim idi?..” məqaləsində hazırkı Şuşa və Laçın ərazisində yüz illər boyu yaşamış Azərbaycan tayfaları, onların mənşəyi, dili haqqında maraqlı faktlara da toxunulur.
Aktuallığını nəzərə alaraq məqaləni olduğu kimi dəyərli Moderator.az oxucularının nəzərinə çatdırırıq:
Hacı Axund Molla Şükür kim idi?..
Qarabağda və ətraf mahallarda dərin etiqad və iman, elm və irfan sahibi, müqəddəs bir şəxs kimi tanınan, ölümündən əsrə bərabər bir zaman keçməsinə baxmayaraq, bu gün də böyük ehtiramla xatırlanan Hacı Axund Molla Şükür haqqında ilk dəfə yazan tarixçi, şair, xəttat, musiqişünas və rəssam Mir Möhsün ağa Nəvvab olmuşdur (“1905-1906-cı illərdə erməni-müsəlman davası” adlı tarixi əsəri).
O zaman—birinci erməni-müsəlman davası illərində ömrünün ixtiyar çağlarında olan Hacı Axund Şuşanın müsəlmanlar yaşayan məhəllələrinin müdafiəsində rəhbər və təşkilatçılarından biri olur. Şəhərin mötəbər şəxslərindən olan Abbas bəy Talıb bəy oğlu, Mir İbrahim Ağamirzadə, Əfrasiyab Hacı Əzim oğlu və Axund Hacı Molla Şükür hərəsi bir dəstə yaradaraq Şuşanın ayrı-ayrı məhəllələrində səngərlər qurdururlar. Mir Möhsün ağa yazır ki, Molla Şükürün başçılıq etdiyi dəstə İbrahimxəlil xanın qızı Gövhər ağanın evində və həyətində mövqe tutmuşdu.
Bundan 70 ildən artıq bir zaman ötəndən sonra ölməz sənətkarımız - nasir-dramaturq İlyas Əfəndiyev Hacı Axund Molla Şükür və onun ailəsinin həyatından bəhs edən “Hacı Axund Molla Şükürün cənnət bağı necə oldu?” (1993) adlı xatirə-hekayəsini yazır. (Onu bu məqaləni yazmağa başladığım günlərdə tapıb oxudum).
Daha sonra bu sətirlərin müəllifinin “Geriyə bax, qoca!” romanı (1999) nəşr olundu. Heç bir uydurma əhvalat və hadisənin, obraz və personajın yer almadığı, özündə tarixi reallıqları, əsasən, sadə adamların həyatını, məişət və güzəranını, o dövrün bir çox qanlı hadisələrini əks etdirən həmin romanda Hacı Axund Molla Şükürün həyatı (ta dünyasını dəyişdiyi günədək), ailəsi, övladları, nəvələri, eləcə də, mənsub olduğu ailə - ata və anası, qardaşları və bacıları, onların övladları barədə də geniş məlumatlar vardır.
“Qarabağ xanlığının sonuncu hakimi Mehdiqulu xan Cavanşirin qızı Xurşidbanu Natəvan birinci əri Xasay xan Usmiyevdən boşandıqdan sonra həm Qarabağın, həm də Gəncəbasarın, Şirvanın əsilzadələri, dövlətli adamları arasında xan ailəsi ilə qohum olmaq istəyən çoxlu pərəstişkarlar, əldən-ayaqdan gedənlər meydana gəlir. Bunların arasında o vaxtlar Şuşadakı qəsrində yaşayan, Xurşidbanunu almaq üçün elçini elçi dalınca göndərərək, az qala, dəridən-qabıqdan çıxan İran şahzadəsi Bəhmən Mirzə də varmış. Natəvan onlardan yaxa qurtarmaq üçün yoxsul bir adama – şuşalı Seyid Əhmədin oğlu, papaqçı Seyid Hüseynə ərə getmək qərarını verəndə Qarabağın, Şuşanın din xadimlərindən heç biri, Xurşidbanunun pərəstişkarlarından qorxaraq, onların kəbinini kəsməyə cəsarət eləmir. Bu işi Axund Hacı Molla Şükür görür” (“Geriyə bax, qoca”, Azərbaycan Dölət Palatası, Bakı –1999, s.160).
İlk dəfə həmin romanda öz əksini tapan bu tarixi fakta istinad edən istedadlı qələm sahibi, indiki Azərbaycan mətbuatında öz yeri, öz dəst-xətti olan, özünün ifadə tərzi ilə, toxunduğu mövzuların aktuallığı ilə seçilən Sultan Laçın 2011-ci ildə “Xan qızı Natəvanın kəbinini kəsən kişi” məqaləsini yazdı. Onun bu müqəddəs şəxsə dərin ehtiram və rəğbətini özündə əks etdirən həmin məqaləsindən sonra Axund Hacı Molla Şükür bir çoxlarının da diqqətini şəkdi və onun barəsində məqalələr yazılmağa başlandı...
Dünyadan köçmüşləri xatırlamaq, adlarını şəkmək, onları adamların yadına salmaq-- ruhlarını şad etməkdir. Savab bir işdir. Allaha xoş gedən əməllərdəndir!..
Mən, Hacı Axund Molla Şükürün nəticəsi (qızı Xeyrənsə xanım mənin nənəmdir), onun soyundan, qanından olan bir şəxs, o nəslin nümayəndəsi kimi bizim babamız barədə yazılan bütün məqalələrin müəlliflərinə soyumuz adından təşəkkür və minnətdarlıq bildirirəm. Bununla bərabər, Hacı Axund Molla Şükür barədə yazılmış ayrı-ayrı məqalələrdə yol verilmiş bir sıra yanlışlıqlar və təhriflərə münasibət bildirməyi də özümə mənəvi borc hesab edirəm. Həmin məqalələrdə onun barəsində yazılanlardan:
“...Məhərrəmzadə”;
“Şuşa şəhərinin qazisi olmuşdur”;
“Şuşa şəhərindəki “Təzə Pir” məscidinin baş ruhanisi olmuşdur”;
“Difai”nin üzvü olmuşdur”
“Şuşada məşhur olan Məhərrəmzadələr soyuna bağlı idi. Məhərrəm Şuşa şəhərində anadan olmuşdu. Molla yanında oxumuşdu”;
“1833-cü ildə Şuşa şəhərində anadan olmuşdu. İbtidai təhsilini molla yanında almış,
sonra mədrəsədə oxumuşdu. Bəzi tədqiqatçılar onu indiki Laşın rayonunun Ağanus,
bəziləri isə Alxaslı hesab edir” (?)
“Şuşa şəhərinin qazisi olmuşdur”;
“O, Hacı Zeynalabdin Tağıyevin böyük hörmət bəslədiyi Hacı Ələsgərlə yaxın dost olmuş, hər ikisi Xorasanda ali ruhani təhsil almışlar” və s.
Əvvəlcə, məqalələrdə işlədilmiş “Məhərrəmzadə” soyadı haqqında:
“Zadə” sözü dilimizə fars dilindən keçmişdir, ümumi isimdir. “Zadə” müstəqil söz kimi ayrıca işlədildikdə “oğul”, “övlad”, “yiyə” mənasını ifadə edib: “Duruyor oxşamaya zadəsini” (M, Hadi). Bu söz indi işlədilmir (köhnəlmiş sözlərdən biridir).
Bir də dilimizə fars dilindən keçən “zadə” şəkilçisi (hissəciyi) vardır. Bu hissəcik sözlərin sonuna qoşulur, sözə bitişik yazılır və həmin söz bir vurğu altında tələffüz olunur. “-zadə” şəkilçisi işlənmə məqamına görə iki funksiya daşıyır. Ümumi isimlərin sonuna qoşulduqda sosial-ictimai təbəqəni, zümrəni ifadə edir: bəyzadə (bəy nəslindən olan), xanzadə (xan soyundan olan), əsilzadə (nəcabətli, kübar), şahzadə (şahın oğlu yox ha, şah nəslindən olan). İnsan adını bildirən sözlərin sonuna artırıldıqda soyad, babanın adını (familiya) bildirir: Mirzə Ələkbər Sabir Tahirzadə (Ələkbər Zeynalabdin oğlu Tahirzadə), Musa Quluzadə (Musa Nizam oğlu Quliyev), Əzizə Cəfərzadə (Əzizə Məmməd qızı Cəfərzadə), Fərman Kərimzadə (Fərman İsmayıl oğlu Kərimzadə), Faiq Bağırzadə (Faiq Məmməd oğlu Bağırzadə).
Nümunələrdən aydındır ki, “zadə” hissəciyi atanın adına deyil, babanın adına artırılır.
Hacı Axund Molla Şükürün atasının adı Məhərrəm, babasının adı isə Hüseyndir. Məhərrəm babamız atası Hüseynin adını böyük oğluna veribmiş. Bunları nəzərə alsaq, islam tarixinə, şərq ədəbiyyatına və mədəniyyətinə dərindən bələd olan, ərəb, fars və osmanlı türkcəsini mükəmməl bilən, dilçiliyə aid elmi əsər yazan, ensiklopedik bilgi və məlumatlar sahibi, alimanə bir şəxs olan Hacı Axund Molla Şükürün ata adını soyad kimi götürməsi nə qədər inandırıcıdır?
Mən Hacı Axundun soyundan olan bir ailədə doğulub, onunla bir dövrdə yaşamış, onun doğmaları olan adamların –atam Hüseynin (Hacı Axundun qardaşı Həsənxanın nəvəsi), anam Nubar xanımın (Hacı Axundun nəvəsi), babam Sadığın (Hacı Axundun qardaşı Həsənxanın oğlu), nənəm Gilənin (Hacı Axundun qardaşı Nəcəfqulunun qızı), atamın böyük qardaşı Həsənxan əmimin, Bəyim nənənin (Hacı Axundun qardaşı Həsənxanın qızı), Adil əminin (Hacının qardaşı Nəcəfqulunun nəvəsi), Abuzər əminin (Hacının qardaşı Alıkişinin oğlu), Sədət nənənin (Hacının qardaşı Alıkişinin qızı), Mədinə nənənin (Hacının bacısı Pərinin qızı) əhatəsində böyümüşəm. Həm onların, həm də Bağırbəyli elinin dünya görmüş ağsaqqal və ağbirçəklərinin: Əbdüləli bəyin, Yetər nənənin, uşaqlıq və yeniyetməlik illərinin bir qismi babaları Hacı Axundun malikanəsində keşmiş dayım Fazilin, böyük xalam Ənbərin onun barədə söylədiklərini eşitmişəm...
Əbdüləli bəydən söz düşmüşkən, Axund Molla Şükür haqqında yazılmış məqalələrin birində belə bir qeydə rast gəldim (Olduğu kimi göstərirəm): “Sultan Laşın yazır: “Əslixan Hüseynoğlunun kitabında oxuyuruq: Bağırbəylinin (Qarabağda tanınmış tayfalardandır –S.L) dünyanın hər üzünü görmüş kişilərindən biri olan Əbdüləli bəyin (Xələfovun –Ə.Ç.) nə vaxt Şuşaya yolu düşsə, gedib Hacı Axundla görüşər, onun evində gecələyərmiş...”
Mən bu məqalənin müəllifini tanımıram. Ramiz Rövşən demişkən, bu qədər də olmaz axı, atam balası!.. Mərhum Əbdüləli bəyin atasının adı İsmayıl, babasının adı Şirindir. Şirinov Əbdüləli bəy İsmayıl oğlu. Məzar daşında da belə yazılıb. O, 1971-ci ildə 113 yaşında dünyasını dəyişib. Bu gün həyatda olan nəvə və nəticələri vardır və onlardan biri də, elə, Sultan Laçındır...
Yuxarıda adlarını çəkdiyim, Hacı Axundun yaxın qohumları olan bu adamların çoxu onunla sıx əlaqədə olmuş, evinə gedib-gələn, günlərlə onun malikənəsində qalan, xeyr və şər işlərində iştirak edən adamlar idilər. Onlar (eləcə də Bağırbəylidən olan hər hansı bir adam) Hacı Axundun evinə gedəndə Hacı çox şad olar, elin vəziyyəti, adamların güzəranı ilə maraqlanar, hər şeydən xəbər tutmaq istərmiş. Qonağı olan bu adamları da əliboş yola salmazmış; geri qayıdanbaş onlar üçün bazarlıq etdirər, özlərinə və uşaqlarına əyin-baş aldırar, hətta Bağırbəylinin kasıb, çətinliklə dolanan adamlarına da sovqat göndərərmiş. Düşünürəm ki, babamızın öz el-obasına bu qədər dəruni bağlılığının bir səbəbi də onun uzun illər yaşadığı qürbət həyatı və qərib ölkələrdə çəkdiyi sıxıntılar olmuşdur...
Hacı Axund barədə yazılmış məqalələrdən birində göstərilir ki, o, Şuşa şəhərinin qazisi olmuşdur. Həmin müəllifin bu qənaətinin Sultan Laçının “Xan qızı Natəvanın kəbinini kəsən kişi” adlı məqaləsindən yarandığını düşünürəm. Halbuki həmin məqalədə “Geriyə bax, qoca!” romanına istinad edən müəllif belə bir faktdan bəhs etmir...
Xurşidbanu Natəvanın tədqiqatçıları qeyd edir ki, o, qumuq əsilzadəsi Xasay xan Usmiyevlə 1850-1852-ci illərdə evlənmiş, iki övladı olandan sonra, 1850-ci illərin sonlarında ondan boşanmış, 1869-cu ildə şuşalı Seyid Hüseynlə ailə qurmuşdur... Lakin izdivacdan əvvəl bu evliliyi şəriət qaydasınca rəsmiləşdirməyə (yuxarıda romandan verilmiş parçada göstərilən səbəblərdən) cəsarət edən olmur. Bu işi təkcə qazi yox, axund da, imtiyazlı olan bir molla da yerinə yetirə bilərdi. Özü də, bu kəbin yalnız Şuşada deyil, Gəncədə də, Bərdədə də, Şəki və Şamaxıda da kəsilə bilərdi. Amma heç kəs çəsarət eləmir. Seyid Hüseynlə bağlı xəbər yayılanda Qarabağın qoçuları vastəsilə kəbin kəsə biləcək hər kəsi öldürülməklə təhdid edirlər... Bunu düşünəndə Hacı Axundun necə böyük bir cəsarət sahibi olması, haqqa, ədalətə, şəriətə, əqidə və məsləkinə nə qədər bağlı olması barədə aydın təsəvvür yaranır...
Bu məsələ ilə bağlı yekun olaraq: o dövrdə kəbinlərin heç də hamısını şəriət hakimləri olan qazilər kəsmirdilər, bu işi kəbin kəsməyə icazəsi olan hər hansı bir molla da yerinə yetirə bilərdi. Xasay xan Usmiyev Xurşidbanu ilə evlənmək üçün gələndə Dağıstandan Şuşaya özü ilə müfti gətirmişdimi?... Sıradan olan bir sünni molla gətirmişdi ki, onların kəbinini kəssin. İkinci bir tərəfdən, həmin zamanlarda Hacı Axund artıq iyirmi ildi ki, Şuşada idi və Gəncədən Xudafərin körpüsünə qədər, Şuşadan Şəkiyə, Şirvana qədər olan ərazilərdə müqəddəs bir şəxs, iman əhli, etiqad sahibi, ensiklopedik zəka və işıqlı düşüncələr sahibi kimi şöhrət tapmışdı. Onun belə məşhurlaşmasının bir səbəbi də Yaxın Şərq, eləcə də ərəb təbabətinə aid bilgilərə, nüsxəbəndlik sənətinə dərindən bələd olması, təbii şeylərdən — otlardan, çiçəklərdən, bitki köklərindən hazırladığı dərmanlarla uzun sürən ağır xəstəliklərdən əziyyət çəkən adamları belə, yenidən həyata qaytarması idi. Buna görə onun adının qarşısına elmli, savadlı adam mənasında “molla” sözünü də artırmışdılar. Şübhəsiz, belə bir şəxsin xeyir-duası ilə ailə qurmaq Xan qızı Natəvanı da xoşhal etməyə bilməzdi...
Hacı Axund qədim bir tarixə malik Zəngəzur mahalının Qarabağda məşhur olan Bağırbəyli elindən çıxmışdı.
Bu yerdə yadıma yenə də rəhmətlik Əbdüləli bəy düşdü. Bir gün o, bizə gəlmişdi. Atamla çay içə-içə söhbət edirdilər. Əbdüləli kişi Birinci Dünya müharibəsindən (O əvvəlindən sonunadək bu müharibədə iştirak eləmişdi), müharibədən qayıdanda yollarda başına gələnlərdən, çəkdiyi əziyyətlərdən danışırdı. Söhbətinin bir məqamında dedi ki, Yevlaxda qatardan düşəndə (Yəqin ki, Tiflis-Bakı qatarını nəzərdə tuturdu), “elə bil, mənim yolumu gözdüyürmüşdər, bir dəsdə faytonçu tökülüşdü üsdümə: “Əmoğlu, hara gedirsən?”. Dedim: “Şuşayə gedirəm, ordan da gedəjəm Bağırbəyliyə”. Nədənsə bu, mənə o qədər də inandırıcı görünmədi. “Yevlaxda bilirdilərmi Bağırbəyli haradı?”—soruşdum. Kişi əməlli-başlı incidi. Səsinin ahəngini dəyişib: “Nə danışırsan, a bala, Kürün bu üzündə Araza kimi, ta Naxçıvana kimi Bağırbəylini tanımayan, adını eşitməyən adammı vardı?” – dedi...
Bağırbəylini belə məşhurlaşdıran onun mötəbər, qan barışdıran ağsaqqalları, Qara Allahverdi, Əhməd oğlu Nəsir, Cabbar bəy, Abaz bəy, Rəcəb oğlu Mirzalı, Əbdüləli bəy, Mirzalı oğlu Həmid, Molla Məcid, Nəcəfqulu oğlu Əsrafil, Qara Eylas, Usub oğlu Xudaverdi kimi bir elin qabağını saxlaya bələcək igidləri olub...
Ərdəbil ərazisində yaşayan Şahsevən tayfalarından biri olan Bağırbəyli eli Qarabağa XVIII əsrin sonlarında köçmüşdür. Bunun səbəbi Rusiyanın Qafqazı işğal etməsində imperiyaya misilsiz xidmətlər göstərmiş Qubalı Fətəli xanın 1780-ci ilin ortalarında Ərdəbil xanlığı üzərinə hücumu olmuşdur.
Araşdırıcıların qənaətinə görə, “şah sevən” ifadəsi Şah İsmayıl Xətainin dövründə onun müridləri barəsində işlədilmişdir. Onlarda öz şahlarına qarşı elə böyük bir sevgi varmış ki, döyüş zamanı “ Ya Allah!”, “Allahu əkbər!” əvəzinə, “Şah!”, “Şah!”—deyə, bağıraraq ölümün pəncəsinə atılır, öz şahlarının yolunda ölməyi şərəf sayır, bunu “Cənnətə getməyi qazanmaq” kimi anlayırmışlar.
“Şahsevənlər” deyəndə isə, Şah İsmayilin zamanındakı qızılbaşlar, şahı sevənlər nəzərdə tutulmur. Şahsevən tayfaları Şah İsmayılın nəticəsi I Şah Abbasın dövründə yaranmışdılar.
Səfəvi dövlətinin qurulmasında müstəsna xidmətləri olmuş ayrı-ayrı qızılbaş tayfa və qəbilə başçıları müəyyən bir dövr keçəndən sonra müstəqil hakimiyyət qurmaq fikrinə düşürlər (M. Şəhriyar demirdimi: “Beş-on qabil millət varsa, biri biz, Şahlıq istər beşimizdən birimiz”). Bunun nəticəsində dövlət tənəzzülə doğru sürüklənir. I Şah Abbas bu vəziyyəti aradan qaldırmaq, hakimlik iddiasında olan tayfa başçılarını yerində oturtmaq məqsədi ilə ölkənin müxtəlif vilayətlərində yaşayan ayrı-ayrı tayfaları ətrafına yığıb, cəsur döyüşçülərdən təşkil edilmiş qüdrətli bir ordu yaratmaq fikrinə düşür və “Şahın mübarək başını sevənlər şahın ətrafında birləşsin!” çağırışını edir... I Şah Abbas məqsədinə çatır; on minlərlə cəsur döyüşçünü özündə birləşdirən möhtəşəm bir ordu yaradır. Şahın ətrafına toplaşmış el və tayfaları o vaxtdan “Şahsevənlər” adlandırmağa başlayırlar...
Fətəli xan öz vassal və müttəfiqlərinin birləşmiş qoşunları ilə hücum edib əvəlcə Ərdəbili, sonra da Meşkini tutanda Ərdəbil xanı Nəzərəli xan ona müqavimət göstərsə də, məğlub olur və Qarabağ xanı- bacısı Şahnisə xanımın əri İbrahimxəlil xanın yanına qaçır. Həmin hadisələr zamanı bir neçə şahsevən eli də Qarabağa köçür. Onlardan biri də Bağırbəyli eli idi. İbrahimxəlil xan bu elə Həkəri çayı vadisində sahəsi təqribən on beş kvadrat kilomerə bərabər, çoxlu gur bulaqları, kövşənləri, əkin və biçənək yerləri, qalın meşələri olan bir ərazi, Kırs və İşıqlı dağlarının yamaclarında yaylaq yeri verir. Bağırbəylilər xanın bağışladığı torpağı özlərinə vətən düzəldir, orada bir-birindən heç də uzaq olmayan kəndlər salırlar...
Aleksandr Fyodorov və Yeqor Starovekovun son illərdə şahsevənlərlə bağlı Ərdəbildə çəkdikləri bir sənədli film var: “Шахсевены” (Документальный фильм про кочевников Ирана). Film yaylaqda çəkilib. Mən ona bir neçə dəfə baxmışam. Hər dəfəsində də özündən asılı olmayaraq qəhərlənmişəm: gözlərimin önünə nənəm, bibilərim, Yetər nənə, Bənövşə xala, Xurşid xala, Səkinə müəllimə, Bəyim nənə gəlib... Uşaqlıq illərim gəlib keçib gözlərim önündən...
Məni qəhərləndirən (həm də heyrətə salan) o videodakı adamların ləhcəsi idi. İran ərazisində yaşayan digər türklər bizim ləhcədən tamamilə fərqli bir ləhcədə danışırlar. Bu filmə ilk dəfə baxanda bir anlığa mənə elə gəldi ki, qırx il, əlli il bundan qabaqkı kəndimizdə, öz elimdə, doğma adamların arasındayam...Aradan iki yüz əlli ilə yaxın bir zaman keçməsinə baxmayaraq, o adamlar eynən bizimkilər kimi danışırdılar: “...Zamanımızda biz uşağ olanda oynardıx, gəlin-bala oynardıx. Hə, gəlin-bala oynardıx. Dağlarda oynardıx. İş görməzdik. İndi uşaxlar, maşallah, dərsə gedir, onnan.. iş görür..” (Həmin filmdə yaşlı bir qadının söylədiklərindən)...
(Davamı var)
Əslixan Hüseynoğlu
Qeyd:
Fotodakı Şuşada Hacı Molla Şükürün axundu olduğu Təzə məhəllə məscidinin tarixi təsviridir.