Moderator.az şair-publisist Nurəddin İsmayılın yeni qələmə aldığı daha bir şeirini oxuculara təqdim edur:
Azərbaycanda güllər
niyə belə solğun,
Təbəssümü dodaqlarda
quruyan
üzlər niyə belə yorğun?!
Cənnət qoxulu çiçəklərin
boynu niyə belə
bükük-bükük,
Niyə könüllər incik,
ürəklər nədən olmuş belə
sökük-sökük?!
Karvan çəkən yollarımız
nədən belə tənha, üzgün,
Kimsə yoxmu
buralardan yolun salan,
başın alıb hara gedir
yollar belə qərib, küskün?!
Dağ döşü yamaclar
niyə vermir daha
dağlarımıza qürur, yaraşıq,
Xırmanlar dolduran
sarı-sünbül zəmilərin
halı nədən belə, qarışıq?!
Xımır-xımır qaynayan
bulaqlar
içildikcə niyə dodaqlardan
bal süzmür daha,
Niyə çaylar yaraşığı
yaşılbaş sonalar
qanad çalıb
sularımızda üzmür daha?!
Nə oldu ki, uca-uca
dağlarımız
gözümüzdə hər gün
xırdalandı,
təpələndi,
Ocaq üstə ocaq çatan
ellərimiz
nədən belə öz yurdundan
pərən düşdü,
səpələndi?!
Şirin sular
nədən belə ağzımızda
acılaşdı,
Kişiliyin tamı getdi,
kölə əclaflıq miskin
yaltaqlığa
qucaq açdı?!
Qurudumu çaylarımız,
tutuldumu gözləri
dumduru çeşmələrin,
bulaqların,
Sizlər deyin,
ey qəlbi donuq biganələr,
kimdən soraq sorağını indi,
haykanuşlar kefin çəkən
yaylaqların?!
Harada qaldı
düşmən üstə tappır-tuppur,
kişnərtili atlar çapan igid
atlılar,
Hanı mənim barmaqları
qızıl naxış vuran, hana
quran
ağır elim, elatlılar?!
Üz döndərib
getdi bizdən dağlar maralı,
dəli ceyran hayana,
Çıxan canın nə faydası,
el yığışa, ha ağlaya, ha
yana?!
Nədəndir könlüm keçir,
əlim yetmir Qarabağa,
Arsız aşıq, ölmədin sən,
al sazını, bir şikəstə çal,
qaragünlü Qarabağa.
Aşıq, yağmalanan yurd
boyunca
səsin yetən bir türkü çal
bəmdən zilə,
Aşıq, bir türkü çal,
Şuşasından ayrı düşən
Xarıbülbülə.
Aşıq, ağısını de,
bədəndən ayrı düşən canın,
Aşıq, ağısını de,
sinəsinə dağlar çəkilən
Azərbaycanın.
Əzizinəm yanan gəlsin,
Can evimə canan gəlsin,
Fələk durub qəsdimizə,
Dərdimizi qanan gəlsin.