Türkiyədə fəaliyyət göstərən hotellər yanğın təhlükəsizliyi ilə bağlı kütləvi yoxlamalarda yaranan ləngimələr ucbatından qapanma təhlükəsi altındadır.
Moderator.az xəbər verir ki, bu məlumatı aprelin 27-də Türkiyənin "Ekonomim" nəşri turizm sektorundakı mənbələrinə əsaslanaraq paylaşıb.
Bildirilib ki, qonaqlama obyektlərinin yanğın təhlükəsizliyi ilə bağlı hesabatlarını təhvil verməsi üçün nəzərdə tutulan son tarixə bir aya yaxın vaxt qalır. Ancaq xüsusilə İstanbul şəhərindəki bir çox mehmanxananın müraciət bolluğu ucbatından müəyyən edilmiş vaxtdan - 31 maydan öncə yoxlanış üçün növbə almaqda problem yaşanır.
Kartalkaya xizək mərkəzində 79 nəfərin həyatını itirməsi ilə nəticələnən yanğın hadisəsindən sonra Türkiyə dövləti otellərin yanğın təhlükəsizliyi qaydalarına əməl edib-etmədiyini ciddi şəkildə yoxlamağa qərar verib. Mənbələr qəzetə açıqlamalarında bildiriblər ki, müvafiq yanğın təhlükəsizliyi hesabatlarını təmin edə bilməyən obyektlərin lisenziyaları geri alınacaq və onların fəaliyyətinə xitam veriləcək. Yoxlanış üçün edilən müraciətlərin sayındakı kəskin artım bəzi hotellərin verilən vaxt ərzində tələb olunan prosedurları yekunlaşdıra bilməməsi və yekunda bağlanması riskini yaradır.