Rumıniyada Sosial Demokrat Partiyasından (SDP) altı nazir və baş nazirin müavini Marian Nyakşu istefa verib.
Moderator.az "Mediafax"a istinadən xəbər verir ki, bu barədə SDP-nin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, istefa verənlər - kənd təsərrüfatı, energetika, əmək, ədliyyə, səhiyyə və nəqliyyat nazirləri, həmçinin hökumətin Baş Katibliyinin rəhbəri Ştefan-Radu Opryadır.
"Bu andan etibarən Baş nazir daha parlament çoxluğunun dəstəyinə malik deyil, bu isə o deməkdir ki, o, artıq Rumıniya hökumətinin rəhbəri postunu tutmaq üçün demokratik legitimliyə sahib deyil", - SDP-nin bəyanatında bildirilib.
Partiyadan əlavə edilib ki, heç kim seçkilərdə formalaşmış parlament çoxluğunun iradəsinə zidd olaraq, öz adından milli suverenliyi həyata keçirə bilməz.
İstefa verən nazirlər hüquqi prosedurlar başa çatana qədər öz vəzifələrini icra edəcək, lakin artıq hökumətin iclaslarında iştirak etməyəcəklər.
SDP aprelin 20-də Baş nazir İlie Bolojana siyasi dəstək verməkdən imtina etmək və öz nazirlərini hökumətdən çıxarmaq qərarına gəlib. Partiya hökumətin sərt büdcə siyasəti və tərəfdaşlar arasında zəif koordinasiya ilə razı deyildi.