Dünya
652
22 Apr 2026 | 22:40

"Soyuq qışdan sonra "soyuq yaz": qlobal istiləşmə bitdimi?" - BBC

"Son hava anomaliyaları əslində istiləşmənin dayanması deyil, onun daha mürəkkəb təsirlərinin göstəricisidir..."

Rusiya və Ukraynada qeyri-adi dərəcədə sərt qış və sərin yaz müşahidə olunsa da, alimlər bunu anormal saymır. Əksinə, belə dalğalanmalar qlobal istiləşmənin özünün nəticəsidir.

Moderator.az xəbər verir ki, bu barədə "bbc.com" nəşri yazıb.

Hava ilə iqlim arasındakı fərq

Mütəxəssislərin fikrincə, iqlim dəyişiklikləri insanlıq istixana qazı emissiyalarını tam dayandırsa belə, yüzilliklər boyu davam edəcək. Qısamüddətli soyuqlar ümumi istiləşmə meylini inkar etmir. BMT-nin Ümumdünya Meteorologiya Təşkilatı bildirir ki, "hava" qısamüddətli hadisələrdir, "iqlim" isə onilliklər boyunca formalaşan uzunmüddətli prosesdir. Bu baxımdan, ayrı-ayrı soyuq dövrlər ümumi mənzərəni dəyişmir. Son 10 min ildə planetin orta temperaturu rekord sürətlə artır. Xüsusilə 2015-2025-ci illər müşahidələr tarixində ən isti dövr kimi qeydə alınıb.

İstiləşmə və "hava yelləncəkləri"

Qlobal istiləşmə hava sistemini daha qeyri-sabit edir: ekstremal hadisələr - həm istilər, həm də soyuqlar güclənir. Bununla belə, ümumi meyl aydındır: soyuq hava tədricən geri çəkilir. Metereoloqlar qeyd edir ki, 1950-ci ildən bəri ekstremal soyuqların tezliyi və gücü azalıb, qış temperaturları isə yüksəlib.

Bunun səbəblərindən biri də qütb burulğanının zəifləməsidir. Bu mexanizm pozulduqda, Arktikadan gələn soyuq hava kütlələri cənuba doğru hərəkət edir və gözlənilməz soyuqlar yaradır. Eyni zamanda Arktikada buzların əriməsi sürətlənir. Ağ buz günəş işığını əks etdirir, tünd okean suları isə onu udaraq planetin daha da isinməsinə səbəb olur.

Alimlərin hesablamalarına görə, qlobal istiləşmə nəticəsində yaranan artıq istiliyin təxminən 90 faizi okeanlarda toplanır. 2025-ci ildə okean səthinin orta temperaturu əvvəlki normadan Selsi üzrə 0, 49 dərəcə yüksək olub. Bu rəqəm kiçik görünsə də, planet miqyasında çox ciddi dəyişiklik deməkdir.

El-Ninyo və yeni istilik dalğası riski

Bu həddə yaxınlaşma mühüm iqlim hadisəsi - El-Ninyo fenomeni ilə əlaqələndirilir. Bu zaman küləklərin zəifləməsi nəticəsində Sakit okeanda isti sular yayılır və okean daha da qızır. Əks proses - La-Ninya yeni başa çatıb, lakin planetdə ciddi soyuma yaratmayıb. Bu isə alimlər arasında əlavə narahatlıq doğurur. 

Gözləntilərə görə, bu il El-Ninyo xüsusilə güclü ola bilər. Əvvəlki dövrdə də bu fenomen okeanı rekord dərəcədə qızdırıb və 2024-cü ili tarixdə ən isti il edib. Yeni mərhələnin real təsiri yay aylarında aydınlaşacaq, əsas pik isə qışda - dekabr-yanvar aylarında gözlənilir. Bu proseslər ümumi istiləşmə trayektoriyasını dəyişməsə də, "hava yelləncəklərini" daha da gücləndirəcək.

Xüsusilə Rusiya bu prosesdən daha çox təsirlənir: alimlərin hesablamalarına görə, ölkə qlobal orta göstəricidən 2, 5 dəfə daha sürətlə isinır. Bunun əsas səbəbi onun böyük hissəsinin Arktika zonasında yerləşməsidir. Rusiya Elmlər Akademiyasının rəhbəri Gennadi Krasnikov da etiraf edir ki, iqlim dəyişiklikləri artıq ölkənin havasına ciddi təsir göstərir: daha çox tufanlar, qasırğalar və digər ekstremal hadisələr qeydə alınır.

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər