Dünya
293
19:17, Bu gün

"Kiyevdə qanlı hücumun təfərrüatları: atışma, qalmaqal və suallar" - "Deutsche Welle"

"Paytaxtda baş verən terror aktı yalnız itkilərlə deyil, polis davranışı və hücumçunun keçmişi ilə də ciddi müzakirələrə səbəb olub..."

Aprelin 18-də  Kiyevin Qoloseyevski rayonunda baş verən silahlı hücum ölkədə böyük rezonans doğurub.

Moderator.az xəbər verir ki, bu barədə "dw.com" nəşri yazıb.

Faciənin gedişi və artan itkilər

Məlumatda deyilir ki, silahlı şəxs əvvəlcə küçədə təsadüfi insanlara atəş açıb, daha sonra isə supermarketə daxil olaraq girov götürüb. Hadisə nəticəsində ölənlərin sayı sonradan 7-yə çatıb, azı 14 nəfər yaralanıb, onların arasında bir uşaq da var.

Kiyev meri Vitali Kliçko bildirib ki, yaralılardan bəzilərinin vəziyyəti ağırdır və bir neçə nəfər reanimasiyada qalır. Həkimlər bütün zərərçəkənlərə lazımi tibbi yardım göstərir. Hücumdan əvvəl isə cinayətkarın yaşadığı mənzili yandırdığı, daha sonra küçəyə çıxaraq atəş açdığı bildirilir.

Hadisə yerinə gələn polis uzun müddət onu təslim olmağa razı salmağa çalışsa da, nəticədə xüsusi əməliyyat zamanı zərərsizləşdirilib. Hadisə rəsmi olaraq terror aktı kimi qiymətləndirilib.

Hücumçunun kimliyi və motivlər

İstintaqın açıqladığı məlumata görə, hücumçu 1968-ci ildə Moskvada doğulmuş Dmitri Vasilçenkov olub. O, uzun müddət Ukrayna Silahlı Qüvvələrində xidmət edib, daha sonra Rusiyada yaşayıb və 2017-ci ildə yenidən Ukraynaya qayıdaraq Donetsk vilayətində məskunlaşıb.

İqor Klimenko bildirib ki, hücumçunun silahı rəsmi qeydiyyatdan keçmiş olub. Eyni zamanda onun psixoloji problemlərinin olduğu qeyd edilir və belə şəxsin necə silah əldə etməsi ayrıca araşdırılır.

Vladimir Zelenski isə açıqlamasında hücumçunun daha əvvəl cinayət məsuliyyətinə cəlb edildiyini təsdiqləyib. Məlumata görə, faciə adi məişət münaqişəsi ilə başlayıb. Hücumçu əvvəlcə qonşusu ilə mübahisə edib, sonra silaha əl ataraq vəziyyəti kəskin şəkildə gərginləşdirib və nəzarəti tam itirib.

Polis qalmaqalı və istefa

Hadisədən sonra yayılan video isə ayrıca qalmaqal yaradıb. Kadrlarda iki polis əməkdaşının yaralı şəxsin yanında olduqları halda atəş səsləri eşidilən kimi hadisə yerindən qaçdıqları görünür. Bu görüntülər cəmiyyətdə ciddi narazılıq doğurub.

Daxili işlər naziri İqor Klimenko bu davranışı "biabırçı və qəbuledilməz" adlandırıb. Həmin əməkdaşlar dərhal vəzifədən uzaqlaşdırılıb və xidməti araşdırma başlanıb. Qalmaqal artıq kadr qərarlarına da səbəb olub. Patrul polisinin rəhbəri Yevgeni Jukov istefa verərək əməkdaşlarının hərəkətlərini "peşəkarlıqdan uzaq" kimi qiymətləndirib.

Eyni zamanda prokurorluq əməkdaşların hadisə zamanı vəzifə borcunu yerinə yetirməməsi ilə bağlı hüquqi qiymət veriləcəyini açıqlayıb. Hadisədən sonra Ukraynada özünümüdafiə və silah qanunvericiliyinin sərtləşdirilməsi və ya əksinə genişləndirilməsi məsələsi də yenidən gündəmə gəlib.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər