Ermənistanda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) sabiq baş katibinin oğlu, general-mayor Qriqori Xaçaturov barəsində axtarış elan edilib.
Moderator.az-ın məlumatına görə, bu barədə Ermənistan Baş Prokurorluğunun mətbuat xidməti TASS agentliyinə açıqlama verib.
Məlumata görə, Q.Xaçaturov xüsusilə külli miqdard qanunsuz vəsaitin yuyulmasında və vəzifə səlahiyyətlərini aşmaqda günahlandırılır.
"2025-ci il, dekabrı 25-də təqsirləndirilən general-mayor Qriqori Xaçaturovla bağlı həbs qətimkan tədbirinin seçilməsi qərarına dair apellyasiya şikayəti araşdırıldıqdan sonra, Korrupsiyaya Qarşı Mübarizə üzrə Apellyasiya Məhkəməsi onun barəsində həbs qətimkan tədbirinin tətbiq edilməsi istiqamətində qərar çıxarıb və barəsində rəsmi axtarış elan edilib", - deyə rəsmi açıqlamada qeyd olunur.
Xatırladaq ki, 2023-cü il dekabrın 1-də Qriqori Xaçaturovun istintaq dövründəki həbs qətimkan tədbiri dəyişdirilmiş və o, inzibati nəzarətə götürülərək azadlığa buraxılmışdı.
Qeyd edək ki, general Qriqori Xaçaturov 2008-ci il etiraz aksiyalarında Ermənistanda konstitusiya quruluşunu devirməkdə günahlandırılan KTMT-nin sabiq baş katibi Yuri Xaçaturovun oğludur.