İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf ABŞ Prezidenti Donald Trampın Tehranla danışıqlar aparılması barədə səsləndirdiyi iddialara cavab verib.
Moderator.az xəbər verir ki, qanunverici orqanın rəhbəri bu barədə özünün "Telegram" kanalında məlumat paylaşıb.
Qalibaf Trampın İranla ehtimal olunan danışıqlara dair bəyanatlarını yalan adlandıraraq, Hörmüz boğazının hələ də bağlı olduğunu vurğulayıb. Parlament sədrinin sözlərinə görə, Birləşmiş Ştatlar tərəfindən İran limanlarına tətbiq edilən blokada ləğv olunmayıb.
"Boğaz ərazisindən tranzit fəaliyyətləri müəyyən edilmiş marşrut üzrə və yalnız İranın icazəsi əsasında həyata keçiriləcək. Media müharibəsi və ictimai rəyin manipulyasiyası gedən müharibənin mühüm bir tərkib hissəsidir, lakin İran xalqı bu cür hiylələrin təsirinə məruz qalmayacaq", - deyə o qeyd edib.