İran bölgə üçün hərtərəfli sülh axtarışındadır.
Moderator.az İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) "Telegram" kanalına istinadən xəbər verir ki, bunu İran parlamentinin sədri Məhəmmədbaqer Qalibaf Pakistan ordusunun baş komandanı Asim Munirlə görüşdə deyib.
"Ümid edirəm ki, müharibəyə başlayanlar və bu gün onu dayandırmağa can atanlar etimadsızlıq yaradan əvvəlki davranışlarına son qoyacaqlar", - o bildirib və əlavə edib ki, İran bölgədə tam sülh, təhlükəsizliyin bərqərar olmasında qətiyyətlidir, lakin qarşı tərəf həmişə tədbirlərin nəticə verməsinə mane olur:
"Bu gün Livan parlamentinin sədri ilə söhbətimdə də vurğuladım ki, Beyrut hərtərəfli atəşkəsin ayrılmaz hissəsidir və bölgədə davamlı sülhə doğru irəliləyişdə mühüm rol oynayır".
Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyatlara başlayıb. Nəticədə İranın ali rəhbəri ayətullah Əli Xamenei və bir sıra yüksək vəzifəli şəxslər öldürülüb. Bundan sonra İran İsraillə yanaşı, ABŞ və müttəfiqlərinin hərbi bazalarının yerləşdiyi Səudiyyə Ərəbistanı, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Oman, Bəhreyn, İraq və Kiprdə müəyyən etdiyi hədəflərə zərbələr endirməyə başlayıb.
İran, ABŞ və onların müttəfiqləri 2026-cı il aprelin 8-nə keçən gecə iki həftəlik atəşkəs barədə razılığa gəliblər.
Aprelin 11-12-də İslamabadda Pakistanın vasitəçiliyi ilə İran və ABŞ arasında danışıqlar aparılıb. Saatlarla davam edən danışıqlar tərəflərin mövqelərindəki fərqlərə görə nəticəsiz başa çatıb.