Macarıstanın yeni Baş naziri Peter Madyar ölkəyə qanunsuz miqrant axınının qarşısını almaq üçün sələfi Viktor Orbanın tətbiq etdiyi sərt immiqrasiya siyasətini davam etdirəcəyini bəyan edib.
Moderator.az xəbər verir ki, Madyar seçkilərdən sonrakı ilk çıxışında sərhəd təhlükəsizliyini prioritet elan edib.
O, Avropa Komissiyasının prezidenti və digər İttifaq liderlərinə Budapeştin sözügedən məsələdəki qətiyyətli mövqeyini artıq çatdırdığını bildirib:
“Biz nə miqrasiya paktlarını, nə də yenidən bölüşdürmə mexanizmlərini qəbul edirik. Cənub sərhədlərimizdəki hasarları saxlayacaq və təmir edəcəyik, çünki orada hələ də dəliklər var”.
Qeyd edək ki, sərhədlərin miqrantlar üçün açılması Avropa Birliyinin Macarıstan qarşısında qoyduğu əsas şərtlərdən biri olsa da, rəsmi Budapeşt illərdir bu tələbi rədd edir. Bu səbəbdən Brüssel Macarıstana ayrılan bir neçə maliyyə paketini dondurub.
Xatırladaq ki, aprelin 12-də Macarıstanda keçirilən parlament seçkilərində müxalif “Tisza” partiyası böyük üstünlüklə qalib gəlib. Peter Madyarın rəhbərlik etdiyi siyasi qüvvə parlamentdə konstitusiya çoxluğunu təmin edərək Viktor Orbanın 16 illik hakimiyyətinə son qoyub. Yeni Baş nazir həmçinin Orbanın əvvəlki iqamətgahında işləməkdən imtina edəcəyini də açıqlayıb.