Dünya
1149
18:30, Bu gün

"ABŞ-İran qarşıdurması: hərbi güc nümayişi və "son həddə" yaxınlaşan ssenarilər" - "The Washington Post"

"Vaşinqton regionda hərbi mövcudluğunu sürətlə artırır, Tehran isə cavab təhdidlərini genişləndirir..."

Donald Tramp administrasiyası İran ətrafında hərbi təzyiqi kəskin şəkildə artırır. ABŞ artıq regiona əlavə minlərlə hərbçi göndərir və ümumi kontingentin sayı təxminən 50 min nəfəri keçir.

Moderator.az xəbər verir ki, bu barədə "wp.com" nəşri yazıb.

Yaxın Şərqdə güc balansı dəyişir

Nəşr yazır ki, ən diqqətçəkən məqam ABŞ donanmasının miqyasıdır. "USS George H.W. Bush" aviadaşıyıcısının bölgəyə doğru hərəkəti ilə Vaşinqtonun əlində artıq üç böyük aviadaşıyıcı zərbə qrupu formalaşır. Bunlara "USS Abraham Lincoln" və "USS Gerald R. Ford" də daxildir. Bu isə onlarla döyüş təyyarəsi və müşayiət edən raket gəmiləri ilə birlikdə ciddi hərbi üstünlük deməkdir.

Bununla yanaşı, desant əməliyyatları üçün hazırlanmış "Boxer" qrupu və dəniz piyadaları da regiona yönləndirilir. Bu qüvvələr artıq təkcə hava zərbələri deyil, quru əməliyyatları üçün də real hazırlıq siqnalı kimi qiymətləndirilir.

Blokada və mümkün quru əməliyyatı

ABŞ artıq təkcə diplomatik təzyiqlə kifayətlənmir. Hörmüz boğazı ətrafında tətbiq olunan dəniz blokadası faktiki olaraq hərbi patrullarla müşayiət olunur. Tramp açıq şəkildə bildirib ki, blokadanı yarmağa çalışan istənilən gəmi məhv edilə bilər.

Pentaqonda isə daha sərt ssenarilər müzakirə olunur. Bunlara İranın əsas neft ixrac mərkəzlərindən biri olan Xark adasının ələ keçirilməsi, nüvə obyektlərinə xüsusi əməliyyatlar və sahilboyu ərazilərə desant çıxarılması daxildir.

Məlumatlara görə, ABŞ-ın hazırda regionda yerləşdirdiyi hərbi gəmilərin sayı dünya üzrə döyüş növbəsində olan donanmanın təxminən 40 faizinə yaxın hissəsini təşkil edir. Bu isə faktiki olaraq genişmiqyaslı əməliyyat üçün hazırlıq səviyyəsini göstərir.

Tehranın cavabı və riskli eskalasiya

Digər tərəfdən, İran da geri çəkilmək niyyətində olmadığını nümayiş etdirir. Rəsmi Tehran yalnız Fars körfəzində deyil, hətta Qırmızı dənizdə də ticarət və neft gəmilərinə qarşı tədbirlər görə biləcəyini bəyan edib. Bu isə dolayısı ilə regiondakı proksi qüvvələrin, xüsusilə Yəməndəki husilərin aktivləşdirilə biləcəyi ehtimalını artırır.

Eyni zamanda, tərəflər arasında danışıqlar dalana dirənsə də, vasitəçilər atəşkəsin uzadılması üçün çalışır. Mövcud razılaşmanın müddəti 22 aprelə qədərdir və bu tarix həm diplomatiya, həm də mümkün hərbi eskalasiya üçün həlledici məqam sayılır.

Tramp isə nikbin mövqe nümayiş etdirərək müharibənin "çox yaxın zamanda bitə biləcəyini" iddia edir. Lakin regionda qüvvələrin bu miqyasda cəmləşməsi və qarşılıqlı sərt bəyanatlar göstərir ki, vəziyyət hələ uzun müddət qeyri-sabit olaraq qalacaq.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər