Pezeşkian Avropanı İran-ABŞ danışıqlarında konstruktiv rol oynamağa çağırdı
Dünya
406
16:00, Bu gün

Pezeşkian Avropanı İran-ABŞ danışıqlarında konstruktiv rol oynamağa çağırdı

"Avropa ABŞ-ni beynəlxalq normalar çərçivəsində İranla danışıqlar aparmağa təşviq edərək, İslam Respublikası ətrafındakı böhranın həllində konstruktiv rol oynaya bilər".

Moderator.az-ın TASS-a istinadən verdiyi məlumata görə, bu fikirləri İran Prezidenti Məsud Pezeşkian fransız həmkarı Emmanuel Makronla telefon söhbətində açıqlayıb.

"İran xalqının hüquqlarını qorumaq məqsədilə ölkəmiz yalnız beynəlxalq qanun və qaydalar çərçivəsində danışıqları davam etdirməyə hazırdır. Avropa isə ABŞ-ni bu çərçivələrə əməl etməyə çağıraraq müsbət rol oynaya bilər", - deyə prezidentin mətbuat xidməti onun sözlərini sitat gətirib.

Pezeşkian qeyd edib ki, ekspertlər səviyyəsində razılaşmaların əldə olunmasına baxmayaraq, məhz ABŞ administrasiyasının həddindən artıq tələbləri və siyasi iradəsinin olmaması ölkələr arasında müqavilənin imzalanmasına maneədir.

Xatırladaq ki, aprelin 11-də Pakistanın paytaxtı İslamabadda ABŞ və İran nümayəndələri arasında danışıqlar baş tutub. Nümayəndə heyətləri ən azı iki əsas məsələ - nüvə proqramı və Hörmüz boğazı üzrə razılığa gələ bilməyiblər. Növbəti gün ABŞ Prezidenti Donald Tramp Vaşinqtonun Tehranla İranın nüvə proqramı mövzusunda ortaq məxrəcə gələ bilmədiyini və bu səbəbdən ABŞ hərbçilərinin İrana qarşı dəniz blokadasına başladığını bəyan edib. İslamabaddakı danışıqlarda ABŞ nümayəndə heyətinə ölkənin vitse-prezidenti Ceyms Devid Vens rəhbərlik edib. Qrupda onunla yanaşı, dövlət başçısının xüsusi elçisi Stiv Uitkoff və Trampın kürəkəni Cared Kuşner də yer alıb. İran nümayəndə heyətinə isə parlamentin spikeri Məhəmməd Baqir Qalibaf və xarici işlər naziri Abbas Əraqçi başçılıq ediblər.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər