Aprelin sonunda bir qrup tanınmış alman ziyalısı açıq məktub dərc edərək, kansler Olaf Şoltsu üçüncü dünya müharibəsinə səbəb olmamaq üçün Ukraynanı ağır silahlarla təmin etməməyə çağırmışdı. Mayın 4-də isə Almaniya mətbuatında AFR hökuməti başçısına tam əks məzmunlu ikinci açıq məktub dərc olunub.
Moderator.az xəbər verir ki, Berlin Liberal Müasirlik Mərkəzinin (Zentrum Liberale Moderne) təsisçilərindən biri, Rusiya Federasiyasının Baş Prokurorluğu tərəfindən “arzuolunmaz təşkilatlar” siyahısına daxil edilmiş “İttifaq-90/Yaşıllar” partiyasının nümayəndəsi, alman siyasətçisi və publisisti Ralf Füksun təşəbbüsü ilə kanslerə ünvanlanmış yeni müraciətdə Bundestaq Ukraynanın Rusiya işğalına qarşı müdafiə mübarizəsində və "Ukraynaya silah tədarükü ilə bağlı qətnamənin tezliklə həyata keçirilməsində" fəal dəstək göstərməyə çağırılır.
“Die Zeit” qəzetinin saytında dərc olunan məktubu 57 ictimai xadim, yazıçı, sənətçi, jurnalist və siyasətçilər imzalayıb. Onların arasında yazıçılardan Maksim Biller, Herta Müller, Vladimir Kaminer, siyasətçi və Berlin "Liberal Müasirlik Mərkəzi"nin yaradıcılarından biri olan Mariluize Bek, hüquqşünas və diplomat Volfqanq İşinqer, musiqiçi İqor Levit də var.
"Hər dəqiqə önəmlidir"
“Rusiya qoşunlarının Ukraynanın şərqində və cənubunda cəmləşməsini, dinc əhalinin davamlı atəşə tutulmasını, infrastrukturun sistematik şəkildə məhv edilməsini, on milyondan çox qaçqının olduğu fövqəladə humanitar vəziyyəti və müharibə nəticəsində Ukraynada iqtisadi tənəzzülü nəzərə alsaq, hər dəqiqə önəmlidir”, - deyə müraciətdə bildirilir.
"Müdafiə" və "hücum" silahlanmaları arasındakı fərqin maddi məsələ olmadığını başa düşmək üçün xüsusi hərbi təcrübə tələb olunmur: hücuma məruz qalanların əlində tanklar və haubitsalar da müdafiə silahlarıdır, çünki onlar özünümüdafiəyə xidmət edir", - deyə məqalə müəllifləri vurğulayırlar.
Daha sonra bldirilir ki, “danışıqlar yolu ilə sülh” istəyi “Ukraynanı Rusiya Federasiyasının tələblərinə tabe etmək demək deyil, onun müdafiə qabiliyyətini gücləndirmək və Rusiyanın hərbi potensialını mümkün qədər zəiflətmək” deməkdir. Bunun üçün "hərbi qüvvələr balansını Ukraynanın xeyrinə dəyişmək üçün davamlı silah və sursat tədarükü lazımdır. Bu isə Putin rejiminin maliyyə dayağı kimi Rusiyanın enerji sektoruna qarşı iqtisadi sanksiyaların genişləndirilməsini tələb edir", - deyə məktubda qeyd edilir.
“Putinin məqsədi Ukraynanın milli kimliyini məhv etməkdir”
"Avropa dünya düzəninə qəsd edən, beynəlxalq hüququ tapdalayan və böyük hərbi cinayətlər törədənlər döyüş meydanından qalib kimi ayrılmamalıdırlar. Putinin əsas məqsədi Ukraynanın milli kimliyini məhv etməkdir. Rusiyanın Ukraynaya hücumu eyni zamanda Avropanın təhlükəsizliyinə hücumdur. Kremlin işğaldan əvvəl Avropanın yenidən qurulması tələbi bunu əyani surətdə sübut edir. Putinin Ukraynadakı silahlı revizionizmi uğur qazanarsa, növbəti müharibənin NATO ərazisində baş verəcəyi ehtimalı böyükdür. Əgər beynəlxalq təhlükəsizlik zəmanəti müqabilində nüvə silahından imtina etmiş ölkəyə hücum edən böyük nüvə fövqəldövləti cəzadan yayına bilsə, bu, nüvə silahlarının yayılmaması barədə əldə olunmuş razılaşmalara ciddi zərbə olacaq”.
Açıq məktubda daha sonra deyilir ki, “nüvə müharibəsi təhlükəsi Rusiyanın psixoloji müharibəsinin bir hissəsidir. Bununla belə, biz buna barmaqarası yanaşmırıq. Kremlə güzəştə getməklə nüvə müharibəsi təhlükəsinin qarşısını almaq olmaz, çünki onlar növbəti hərbi avantüralara cəhd edəcəklər”, - deyə məktub müəllifləri qeyd edirlər.
Qeyd edək ki, bu açıq məktub bir neçə gün əvvəl dərc olunmuş müraciətə əks olaraq yazılıb: aprelin sonunda feminist, “Emma” jurnalının yaradıcısı Alisa Şvartser, yazıçı Martin Valzer, aktyor Lars Aydinger də daxil olmaqla alman ziyalılarının 28 tanınmış nümayəndəsindən ibarət qrup kansler Olaf Şoltsa ünvanlanmış Ukraynanı ağır silahlarla təmin etməməyə çağıran açıq məktub dərc etmişdilər, çünki onların nöqteyi-nəzərindən bu, nüvə zərbəsi və üçüncü dünya müharibəsi riskini artırır. Məktub müəllifləri həmçinin Ukraynanı təslim olmağa çağırırdılar. Alman cəmiyyətinin bir hissəsi bu müraciəti müsbət, digəri hissəsi isə kəskin surətdə mənfi qarşılamışdı.
Miraslan ƏZİZXANOĞLU