Bakıda söküləcək binaların yerində nələr tikiləcək - AÇIQLAMA
Cəmiyyət
217
15:45, Bu gün

Bakıda söküləcək binaların yerində nələr tikiləcək - AÇIQLAMA

Bakıda köhnə binaların yenilənməsi planı paytaxt sakinlərini həm sevindirir, həm də müəyyən suallar yaradır. Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov 5 və 9 mərtəbəli binaların mərhələli şəkildə söküləcəyini qeyd edib. Bu addım şəhərin görkəmini gözəlləşdirsə də, mütəxəssislər bəzi məqamlara diqqət yetirməyi tövsiyə edir.
 
Köhnə mənzillərin yerində 16-20 mərtəbəli hündür binaların ucaldılması gələcəkdə müəyyən çətinliklərə yol aça bilər. Yeni komplekslər ərazidə sakinlərin sayını artıracağı üçün yaxınlıqdakı məktəb, bağça və xəstəxanalara tələbat çoxalacaq. Həmçinin məhəllələrdə avtomobillərin sıxlığı nəqliyyatın hərəkətinə və kommunal xətlərin işinə əlavə yük gətirə bilər. Bu səbəbdən yenilənmə işlərində şəhərin ümumi rahatlığının qorunması vacib hesab olunur.
 
Məsələ ilə bağlı Demokrat.az-a açıqlama verən tikinti eksperti Muxtar Ərturan bildirib ki, köhnə binaların sökülməsi zəruridir, amma onların yerində daha hündür bina tikilməsi təkbaşına həll yolu deyil:
 
“Bakıda köhnə yaşayış fondunun yenilənməsi artıq qaçılmaz məsələyə çevrilib. Sovet dövründə tikilmiş bir çox yaşayış binaları həm konstruktiv dayanıqlıq, həm mühəndis-kommunikasiya sistemləri, həm də enerji səmərəliliyi baxımından müasir standartlara cavab vermir. Lift sistemləri, elektrik və su xətləri, kanalizasiya infrastrukturu, dam örtükləri, zirzəmilər və daşıyıcı konstruksiyalar bir çox hallarda ciddi şəkildə yenilənməlidir. Lakin burada əsas məsələ ondan ibarətdir ki, köhnə binanın sökülməsi avtomatik olaraq onun yerində çoxmərtəbəli bina tikilməsi anlamına gəlməməlidir. Əgər 5 mərtəbəli binanın yerində 16 və ya 20 mərtəbəli bina inşa edilirsə, bu artıq yalnız memarlıq dəyişikliyi deyil, bütöv ərazinin şəhərsalma yükünün dəyişməsi deməkdir. Belə layihələrdə ilk problem əhali sıxlığının kəskin artmasıdır. Əvvəllər 60-80 ailənin yaşadığı ərazidə sonradan 250-300 ailənin yerləşməsi avtomobil sayının, su və elektrik sərfiyyatının, kanalizasiya yükünün, parkinq ehtiyacının və sosial infrastruktur tələbatının ciddi şəkildə artmasına səbəb olur. Əgər bu yük əvvəlcədən hesablanmırsa, nəticədə yeni bina tikilsə də, yaşayış mühiti daha ağır və narahat vəziyyətə çevrilir. Digər ciddi problem nəqliyyat və parkinq məsələsidir. Köhnə məhəllələrin həyətləri və küçələri çoxmərtəbəli binaların yaratdığı avtomobil yükünü daşımaq gücündə olmur. Yeraltı parkinq, giriş-çıxış yolları, yanğın təhlükəsizliyi zonaları və ictimai nəqliyyat bağlantıları düzgün planlaşdırılmadıqda həmin ərazilərdə tıxac, xaos və təhlükəsizlik problemləri yaranır”.
 
O qeyd edib ki, hündürmərtəbəli tikililər gün işığının azalmasına, hava dövranının zəifləməsinə və həyət mühitinin itirilməsinə səbəb ola bilər:
 
“Şəhərsalma yalnız kvadratmetr hesabı deyil. İnsanların günəş işığına çıxışı, hava axını, səs-küy səviyyəsi, açıq ictimai məkanlardan istifadə imkanları da nəzərə alınmalıdır. Mühəndis infrastrukturu məsələsi də xüsusi əhəmiyyət daşıyır. Bəzən bina yenilənir, amma ərazinin kanalizasiya, yağış suyu sistemi, elektrik, qaz və yol infrastrukturu əvvəlki vəziyyətdə qalır. Bu isə gələcəkdə su basma, kanalizasiya daşması, enerji yüklənməsi və digər məişət problemlərinə səbəb olur. Eyni zamanda sakin hüquqları məsələsi də diqqətdən kənarda qalmamalıdır. Köçürülmə, kompensasiya, yeni mənzilin sahəsi, təhvil müddəti və hüquqi təminatlar tam şəffaf və ədalətli şəkildə həyata keçirilməlidir. Yenilənmə prosesi sakin üçün əlavə risk və ya təzyiq mənbəyinə çevrilməməlidir. Memar kimi hesab edirəm ki, köhnə yaşayış fonduna münasibətdə “hamısını sökək” və ya “heç nəyə toxunmayaq” kimi ifrat yanaşmalar doğru deyil. Hər bina üzrə ayrıca texniki audit aparılmalıdır. Bina qəzalıdırmı, daşıyıcı konstruksiyaları gücləndirmək mümkündürmü, bərpa texniki və iqtisadi baxımdan məqsədəuyğundurmu bütün bunlar ekspertiza əsasında müəyyən edilməlidir”.
 
O vurğulayıb ki, dünyanın bir çox şəhərlərində köhnə yaşayış fondunun tam sökülməsi əvəzinə enerji səmərəliliyi artırılır, fasadlar və mühəndis xətləri yenilənir, təhlükəsizlik sistemləri modernləşdirilir:
 
“Hər köhnə bina yararsız bina demək deyil. Əgər söküntü qaçılmazdırsa, o zaman yanaşma tək bina üzərindən deyil, məhəllə və kvartal səviyyəsində qurulmalıdır. Yol infrastrukturu, parkinq, məktəb, bağça, yaşıllıq sahələri, ictimai məkanlar, yanğın təhlükəsizliyi, gün işığı və sosial ehtiyaclar birlikdə planlaşdırılmalıdır. Hesab edirəm ki, 5 mərtəbəli binanın yerində 20 mərtəbəli bina tikilməsi yalnız investor marağı ilə deyil, şəhərin daşıma qabiliyyəti və şəhərsalma hesablamaları ilə əsaslandırılmalıdır. Əgər ərazi bu sıxlığı qəbul edə bilmirsə, daha azmərtəbəli, həyətli, yaşıllıqlı və sosial infrastruktura malik modellərə üstünlük verilməlidir. Bəzi köhnə binaların yerində park, ictimai məkan, məktəb, bağça və ya yaşıl zona yaradılması isə Bakı üçün olduqca müsbət addım ola bilər. Çünki şəhərin əsas problemlərindən biri tikinti sıxlığı və açıq ictimai məkan çatışmazlığıdır. Amma burada da sakinlərin hüquqları tam qorunmalı, köçürülmə və kompensasiya prosesi şəffaf aparılmalıdır. Nəqliyyat məsələsinə gəldikdə isə, Bakıda kanat yolu və tramvay kimi layihələrin müzakirə olunması müsbət haldır. Kanat yolu müəyyən turistik və relyefi mürəkkəb ərazilərdə maraqlı həll ola bilər. Amma şəhərin əsas nəqliyyat yükünü metro, avtobus, tramvay və piyada infrastrukturu daşımalıdır. Tramvay isə düzgün planlaşdırıldığı halda Bakı üçün daha sistemli və ekoloji nəqliyyat modeli ola bilər. Dənizkənarı Bulvarın genişləndirilməsi ilə bağlı planlar da şəhər üçün vacib layihələrdən biridir. Lakin burada əsas məsələ yalnız uzunluğun artırılması deyil, keyfiyyətli ictimai məkan yaratmaqdır. Yaşıllıq, piyada yolları, velosiped infrastrukturu, kölgəli zonalar və dənizə açıq çıxış imkanları qorunmalıdır. Bakı daha çox kvadratmetr uğrunda deyil, daha keyfiyyətli şəhər mühiti uğrunda inkişaf etməlidir. Yenilənmə prosesi daha təhlükəsiz binalar, daha çox yaşıllıq, rahat həyətlər, işlək nəqliyyat və sağlam məhəllə mühiti yaratmalıdır. Çünki şəhərsalma sadəcə tikinti deyil. Şəhərsalma gələcəyi planlamaq, şəhərin daşıma qabiliyyətini hesablamaq və insan mərkəzli mühit formalaşdırmaq deməkdir. Binaların ömrü olduğu kimi, şəhərin də daşıma limiti var. Bu nəzərə alınmadan aparılan yenilənmə gələcəkdə yeni problemlər yarada bilər”.
 
Qısası, Bakıda köhnə binaların sökülüb yerində göydələnlərin tikilməsi əvəzinə, hər binanın vəziyyəti ayrıca yoxlanmalı, sökülən yerlərdə isə tıxac yaratmamaq üçün parklar, məktəblər və geniş yollar planlaşdırılmalıdır.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər