“İslahatlar SHXÇDX-dəki şəffaflığı artırmaqla yanaşı, həm də Silahlı Qüvvələrimizin möhkəmlənməsinə xidmət edir”
Cəmiyyət
422
18:17, Bu gün

“İslahatlar SHXÇDX-dəki şəffaflığı artırmaqla yanaşı, həm də Silahlı Qüvvələrimizin möhkəmlənməsinə xidmət edir”

“Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində (SHXÇDX) aparılan islahatlar bu qurumdakı şəffaflığı artırmaqla yanaşı, Silahlı Qüvvələrimizin möhkəmləndirilməsinə xidmət edir”.

Bunu saytımıza açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, hərbi ekspert, polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik qeyd edib ki, son illər bu qurumda aparılan islahatlar, həyata keçirilən yeniliklər artıq öz müsbət nəticəsini verməkdədir:

“General-mayor Mürsəl İbrahimovun rəhbərliyi dövründə SHXÇDX-də fundanmental islahatların aparıldığı, qurum daxilində, eləcə də Xidmətlə vətəndaşlar arasındakı münasibətləri şəfaffaflaşdırmaq və sağlamlaşdırmaq istiqamətində mühüm addımların atıldığı göz önündədir. Bu addımlardan ən önəmlisi Xidmətdə çalışan və fəaliyyətində nöqsanlara yol verən, xüsusilə də rüşvətə bulaşan şəxslərin işdən azad edilməsi, məsuliyyətə cəlb olunmasıdır.

Təkcə bir faktı qeyd edək ki, 2025-ci ildə SHXÇDX-nin 172 əməkdaşı məsuliyyətə cəlb olunub. Bu rəqəmin özü Xidmət daxilində aparılan islahatların necə böyük və miqyaslı olduğundan xəbər verir.

Hazırda SHXÇDX-də aparılan təqdirəlayiq islahatlardan biri də bu qurumun neqativ hallara qarşı mübarizədə Azərbaycan Respublikasının Baş Prokurorluğu ilə geniş şəkildə əməkdaşlıq etməsidir.

Bir məqamı da qeyd edim ki, SHXÇDX-də aşkarlanan neqativ hallarla bağlı Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdrəsinə bütün məlumatlar əksər hallarda elə Xidmətin özü tərəfindən verilir. Yəni SHXÇDX-i hər hansı bir bölmə və ya şöbədə ciddi  neqativ hal aşkar edəndə, o zaman məsələyə hüquqi qiymətin verilməsi üçün prokurorluq orqanlarına müraciət edir.  Bundan sonra həmin şəxslərin əməllərinin araşdırılması hüquq-mühafizə orqanları tərəfindən həyata keçirilir. Başqa sözlə desək, Xidmət hər hansı neqativ halın gizlədilməsində deyil, aşkarlanmasında, ictimaiyyiləşdirilməsində maraqlıdır və bu faktın özü SHXÇDX-nin şəffaflıq amilinə necə böyük önəm verdiyinin göstərir.

Lakin təəssüf hissi ilə vurğulayıram ki, bəzi hallarda media və sosial mediada SHXÇDX-nin həyata keçirdiyi bu islahatlar tamam başqa konteksdə ictimaiyyətin diqqətinə çatdırılır, bəzi qüvvələr Xidmət rəhbərliyinin həyata keçirdiyi bu islahatlardan onun özünə qarşı istifadə etməyə çalışırlar. Məsələn, bugünlərdə SHXÇDX-də çalışan 8 vəzifəli şəxs Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həbs olundu. Onların həbsinə səbəb isə həmin şəxslərin vətəndaşlardan rüşvət almasına əsaslı şübhələrin olması olub. Məlum həbslərdən sonra bəzi saytlarda SHXÇDX və onun rəhbərliyi ilə bağlı tənqidi yazılar üzə çıxdı ki, onların heç birinin məntiqi əsası yox idi. Çünki bu həbslərin özü SHXÇDX-nin neqativ hallara qarşı necə ciddi, necə prinsipial mübarizə apardığını göstərir. Hansı ki, buna görə Xidməti, onun rəhbərliyini tənqid etmək yox, alqışlamaq lazımdır.

Ümid edirəm ki, yaxın gələcəkdə biz media nümayəndələrinin SHXÇDX-dəki islahatlara daha obyektiv yanaşmasına şahid olacaq, cəmiyyət olaraq müsbət yenilikləri təqdir etməklə Xidmət rəhbərliyini daha böyük uğurlara həvəsləndirəcəyik. Unutmamalıyıq ki, Silahlı Qüvvələri insan resursu təmin edən SHXÇDX-dir. Bu isə o deməkdir ki, SHXÇDX nə qədər şəffaf, nə qədər sağlamdırsa, ordu da bir o qədər güclü, bir o qədər möhkəm, bir o qədər yenilməzdir”.

Seymur ƏLİYEV

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər