Xalq artisti, aktrisa Afaq Bəşirqızı tərəfindən sənətkarlar üçün ayrıca qəbiristanlığın yaradılması ilə bağlı irəli sürülən təklif mədəniyyət və incəsənət ictimaiyyətində geniş müzakirələrə səbəb olub. Müzakirələrdə iştirak edənlərin böyük əksəriyyəti qeyd edir ki, dünyanın bir çox ölkəsində mədəniyyət, incəsənət və elm xadimləri üçün xüsusi qəbiristanlıqlar mövcuddur və bu, həmin şəxslərin cəmiyyət qarşısındakı xidmətlərinin qiymətləndirilməsi baxımından mühüm simvolik əhəmiyyət daşıyır. Bu baxımdan, belə bir təcrübənin Azərbaycanda da tətbiq olunması müsbət addım kimi dəyərləndirilir və milli mədəni irsin qorunması, gələcək nəsillərə ötürülməsi baxımından əhəmiyyətli hesab olunur.
Digər tərəfdən, fərqli mövqe sərgiləyənlər isə bildirirlər ki, Azərbaycanda artıq Birinci Fəxri xiyaban və İkinci Fəxri xiyaban kimi xüsusi statusa malik məkanlar mövcuddur. Bu xiyabanlarda tanınmış dövlət xadimləri, elm adamları, mədəniyyət və incəsənət nümayəndələri dəfn olunur və bu baxımdan əlavə bir qəbiristanlığın yaradılması zəruri hesab edilmir. Onların fikrincə, mövcud infrastruktur artıq bu ehtiyacı müəyyən qədər qarşılayır.
Moderator.az bildirir ki, məsələ ilə bağlı Xalq artisti Şeyx Əbdül Mahmudov Musavat.com-a danışaraq öz mövqeyini açıqlayıb.
Xalq artisti aktrisanın səsləndirdiyi fikirlərlə tam razı olduğunu və bu məsələ ətrafında daha geniş və sistemli düşünməyə ehtiyac olduğunu deyib:
“Məlumdur ki, Moskvada bu cür xüsusi statusa malik üç böyük qəbiristanlıq mövcuddur və orada əsasən məşhur dövlət xadimləri, elm adamları, incəsənət və mədəniyyət nümayəndələri dəfn olunur. İdeya baxımından bu, çox düşünülmüş və məqsədyönlü addımdır. Azərbaycanda da Birinci və İkinci Fəxri xiyabanlar var ki, tanınmış şəxslərin dəfn olunduğu məkanlar kimi formalaşıb və cəmiyyət tərəfindən qəbul olunub. Lakin bununla yanaşı, məhz sənət adamlarına həsr olunmuş ayrıca bir qəbiristanlığın yaradılması ideyası da çox yaxşı ideyadır. Çünki elə sənətkarlar var ki, onların məzarını tapmaq üçün bəzən olduqca çətin, min bir əziyyət çəkməli oluruq.
Digər tərəfdən, düşünürəm ki, vətən torpağının hər qarışı müqəddəsdir və insan üçün əsas olan harada dəfn olunmaqdan çox, torpağa qovuşmaqdır. Əsas odur ki, insan halal ömür yaşasın və sonda Allahın hökmü ilə öz doğma torpağına tapşırılsın. Bu mənada xüsusi qəbiristanlığın yaradılması mütləq zərurət deyil. Bununla belə, belə bir qəbiristanlıq yaradılarsa, müəyyən müsbət tərəfləri də ola bilər. Məsələn, mədəniyyət və incəsənət xadimlərinin məzarlarının bir məkanda cəmləşməsi həm ziyarət baxımından əlçatanlığı artırar, həm də gələcək nəsillər üçün bir növ açıq hava muzeyi rolunu oynaya bilər. Hətta bunun üçün öz təklifimi də deyə bilərəm ki, konkret məkan kimi Şamaxı yolu istiqamətində yerləşən qəbiristanlıq seçilə bilər”.
Şeyx Əbdül bununla belə qeyd edib ki, burada çox vacib məqam var, belə bir addım cəmiyyətdə ayrı-seçkilik və ya qıcıq yaratmamalıdır:
“Əks halda, müxtəlif peşə sahibləri arasında müqayisələr aparılacaq və bu da sağlam olmayan müzakirələrə səbəb ola bilər. Halbuki, əslində məsələ tam fərqlidir. Hər kəs sənət adamı ola bilmir. Bu insanlar illərlə zəhmət çəkir, yaradır, xalqın mədəni yaddaşını formalaşdırır və tarix yazırlar. Dünyanın bir çox ölkələrində bu cür yanaşmaların mövcud olması da göstərir ki, sənət və mədəniyyət xadimlərinə xüsusi yanaşma normal və qəbul olunmuş təcrübədir. Lakin məncə, ən vacib məsələ onların vəfatından sonra deyil, sağlığında göstərilən münasibətdir. Çox təəssüf ki, bəzən böyük sənətkarlar həyatlarının son illərini çətin şəraitdə keçirir, lazımi qayğı və diqqəti görmürlər. Halbuki, dövlət və cəmiyyət tərəfindən tanınmış şəxslərə, xüsusilə də xalq artistləri, əməkdar artistlər və digər fəxri ad sahiblərinə daha çox diqqət və dəstək göstərilməlidir”.
Xalq artisti təklif edib ki, sənət adamları kommunal xərclərdən tamamilə azad edilsin:
“Çünki reallıq ondan ibarətdir ki, bir çox hallarda aldığımız pensiya və təqaüdü kommunal xərclər demək olar tam “yeyib” bitirir. Bu baxımdan xüsusən fəxri adlar almış sənətkarlar kommunal xərclərdən tamamilə azad edilərsə, çox yaxşı olardı”.