Bu gün cəmiyyətimizdə başqalarının özəl həyatına böyük maraq müşahidə olunur.
Başqalarının özəl həyatına olan bu marağın səbəbi nədir? İnsanların zamanlarını və enerjilərini özgələrinin şəxsi həyatlarını araşdırmağa sərf etməsinin kökündə hansı psixoloji amillər dayanır?
Moderator.az-a açıqlama verən psixoloq Aytən Əkəkbərova bunu bəzi şəxslərin düşüncə tərzinin geriliyi, qeyri-dolğunluğu ilə izah edib:
“Bu gün həqqiətən də cəmiyyətdə başqalarının özəl həyatına, ailədaxili işinə maraq böyükdür. Bəzi insanlar başqalarının həyat tərzini, geyimini, digər insanlarla münasibətini və s. də müzakirə edir, bunun ətrafdakı insanlar, xüsusilə də gənclər üçün doğura biləcəyi mümkün nəticələrdən danışırlar. Təbii ki, biz bu yerdə ictimai qınaqla qeybət xarakterli söhbətləri ayırmalı, bunlar arasındakı sərhədin fərqində olmalıyıq.
Gəncləri səciyyələndirən keyfiyyətlərdən biri onların orijinallığıdır. İnsan bioloji və sosial varlıq olduğundan biz deyə bilmərik ki, sən özünü məhz biz istədiyimiz kimi nümayiş etdir. Orijinallığa yiyələnmiş hər bir şəxsin özünəməxsus yolu, amalı, məqsədi və bu məqsədi təmin edəcək keyfiyyətləri olur. Biz nəyisə müzakirə edəndə, nəyəsi təhlil edəndə özəl həyata məxsus keyfiyyətlərlə ictimai əhəmiyyətli məsələləri bir-birindən ayırmalıyıq. Məsələn, əgər bir müğənni öz səsi, yaradıcılığı ilə məndə maraq doğurursa, məni yalnız bu gerçək maraqlandırır. Onun şəxsi həyatının necə olması mənə maraqlı deyil. Mən onu şəxsi həyatına görə deyil, sənətinə, istedadına görə qiymətləndirirəm.
Əgər kimsə öz çılpaq bədəni ilə diqqəti cəlb etmək istəyrisə, bu, yenə də mənə maraqlı deyil. Mən əgər o müğənninin səsini xoslayıramsa, gözlərimi qapayacam və onun səsindən zövq alacam. Mən onun çılpaq bədənini müzakirə etməyəcəm.
Hesab edirəm ki, hər kəsin hər bir məsələyə məhz bu prizmadan baxması istiqamətində maarifləndirmə işi aparmaq lazımdır.
Bəs bu müzakirəni edən kimlərdir? Bu, normal düşüncə və təhlil qabiliyyətinə malik olmayan insanlardır. Tutaq ki, hər hansı bir şəxs bilmir ki, bir müğənninin, ya bir psixoloqun həyatı necədir. Sadəcə, efirdə Aytən Ələkbərovanın qırmızı saçını, yaxud digər psixoloqun dodaq dolğusunu görür və dərhal “qırmızı saç”, yaxud “dodaq dolğusu” müzakirəsi başlayır.
Həmin şəxsin bu cür düşünməsinə səbəb budur ki, o, özünü inkişaf etdirməyib, mütaliə etməyib, hər hansı məsələyə daha dərin və əhatəli yanaşa bilmir.İşindən, peşəsindən, statususundan asılı olmayaraq, başqasının özəl həyatına marağı adətən o şəxslər göstərir ki, onlar doğun düşüncə tərzinə malik deyillər.
Ancaq hər kəs bilməlidir ki, hər hansı bir şəxsin özəl həyatının, intim münasibətinin kimsəyə aidiyyatı yoxdur və başqası üçün narahatlıq doğurmadığı halda bu məsələ müzakirə oluna bilməz”.
Seymur ƏLİYEV