Moderator.az xəbər verir ki, Milli Şuranın Beynəlxalaq Münasibətlər komissiyasının sədri Gültəkin Hacıbəyliyə qarşı hakimiyyətin siyasi sifarişli məhkəmə təqiblərinin ardı-arası kəsilimir. Hal-hazırda Yasamal, Nəsimi rayon məhkəmələrində və Ali Məhkəmədə Gültəkin Hacıbəyliyə qarşı dörd məhkəmə icraatı davam edir. Məhkəmə təqiblərinin vəziyyəti ilə bağlı Gültəkin xanımın vəkili Bəhruz Bayramovla söhbəti Moderator.az təqdim etdir:
- Bəhruz müəllim, Gültəkin xanımın oğlu ilə bağlı məsələ nə yerdədir?
- Apelyasiya məhkəməsi Nəsimi rayon məhkəməsinin qanunsuz və əsassız qərarını qüvvədə saxlayıb və daha böyük qanunsuzluğa gedib. Eyni predmet, eyni hal üzrə Səbail rayon məhkəməsinin 01 may 2006-cı il tarixli qətnaməsi oldu. Qətnamə Mahmud Mehdiyev tələb etmədiyi üçün bir dəfə də icraya yönəlmədiyi halda, Nəsimi rayon məhkəməsinin hakimi Etibar Hümbətov 9 ildə bir dəfə oğlu ilə görüşə gəlməyən iddiaçıya həftədə 6 gün 5 saatlıq görüş verdi. Uşağın məktəbli olduğunu nəzərə alsaq, bu uşağı anadan və təhsildən ayırmaqdır. Beləliklə, eyni hal, eyni predmet üzrə iki qətnamə - Səbail və Nəsimi rayon məhkəmələrinin qətnamələri oldu ki, bu da ciddi qanunsuzluqdur. Apelyasiya Məhkəməsi bu qanunsuzluğu aradan qaldırmaq əvəzinə daha böyük qanunsuzluq etdi. Təsəvvür edin, məhkəmə bizim Nəsimi rayon məhkəməsinin qətnaməsindən şikayətimiz əsasında Nəsimi rayon məhkəməsinin qətnaməsini deyil, Səbail rayon məhkəməsinin 2006-cı ildə qanuni qüvvəyə minmiş qətnaməsini dəyişdirdi! Bir hüquqşünas kimi bunun nə demək olduğunu hələ də anlaya bilmirəm. Neçə nəfər təcrübəli hüquqşünasla məsləhətləşmişəm, hamı bu qərarı anlamaqda acizdir. Bunun bir izahı var: hüquq biabırçılıq! Uşaq dərsdən evə 6-da qayıdır, məhkəmə saat 4-dən 10-dək ataya görüş verir. Yəni, uşaq məktəbdən yarımçıq çıxıb ata ilə görüşə getməli, dərslərinə hazırlaşmamalı və gün ərzində anasını ümumiyyətlə görməməlidir. Azərbaycan məhkəmə praktikasında uşağın həftənin 6 günü ataya verilməsi nümunəsi yoxdur. Bu, ilk dəfə Gültəkin xanıma şamil olundu. Özü də hansı ataya? Bu ata 9 il ərzində övladı ilə maraqlanmayıb. Biz iyun ayında aliment tələbi ilə Nərimanov məhkəməsinə müraciət etmişik. Məhkəmə uşağa 200 manat aliment kəsib.
- Mahmud Mehdiyev aliment ödəməkdən imtina edir?
- Bəli. Mahmud Mehdiyev 9 ildə uşağına bir manat xərcləmədiyi azmış kimi, indi də bu 200 manatı ödəmək istəmir. Qətnamədən şikayət verib ki, maddi vəziyyətim ağırdır, heç yerdə işləmirəm, gəlirim yoxdur, valideynlərimin himayəsində yaşayıram, başqa nigahdan da uşağım var, ona da aliment ödəməliyəm. Evi də yoxdur. Bəs məhkəmə hansı əsasla uşağı onu 9 il ərzində yüksək səviyyədə təmin edən, təhsil verən anasından ayırıb həftənin 6 günü belə bir adama verir? Onun 200 manat aliment ödəmək imkanı yoxdursa, valideynlərinin pensiyası ilə dolanırsa, uşağı 6 gün harada, necə saxlayacaq, necə oxutduracaq? Məhkəmədə “uşağı 9 ildir anası saxlayır, 4 ildir Qafqaz Gimnaziyasında oxutdurur, heç olmasa bu ilin təhsil haqqını ata kimi siz ödəyin” dedim. Mahmud “mən niyə ödəməliyəm ki, getsin atalığı ödəsin” cavabını verdi. Dedim məktəb uzaqdır, uşağı məktəbə aparıb-gətirmək lazımdır. Yenə də “atalığı aparıb-gətirsin” dedi. Indi təsəvvür edin, Azərbaycan məhkəməsi 9 yaşlı körpəni anasından ayırıb belə mənəviyyat sahibinə vermək barədə qətnamə çıxarır. Məhkəmə uşağı faktiki olaraq anasından alıb onu saxlamaqdan imtina edən ataya verir. Mən bu mənəviyyatsızlıqların arxasında olanlara səslənirəm, ayıbdır, sizin də övladınız var. Adam belə şeyləri görəndə, sadəcə, xəcalət çəkir.
Uşaq Mehdiyevlə görüşməkdən qəti şəkildə imtina edir, onu ata kimi qəbul etmir, stresdən nevroz xəstəliyinə tutulub. Mən bütün görüşlərdə iştirak etmişəm. Ata guya 9 ildir həsrətini çəkdiyi oğlunun ad günündən bir gün əvvəl görüşə gəlmişdi. Uşağı ağlatdı, onun anasını, ailəsini təhqir etdi, ancaq “oğlum, sabah ad günündür, səni təbrik edirəm” deyib övladına bir dondurma vermədi. Yasamal rayon məhkəməsinin dekabrda keçirilən iclasında uşaq ağır xəstə olduğu üçün Gültəkin xanım iştirak edə bilmədi. Məhkəmədə uşağın yüksək hərarəti olduğunu deyirəm, ata və bibi uşağın vəziyyətini soruşmaq əvəzinə “nə olsun, məhkəməyə gəlməli idi” dedilər. Mən söz tapa bilmirəm. Hətta Gültəkin xanıma qarşı heç bir əsas olmadan qanunsuz icraat aparan hakim də “siz necə insansınız, birinizin övladıdır, birinizin qardaşı övladı, uşağın üstünə həkim gəlir, siz deyirsiniz ana onu o vəziyyətdə qoyub məhkəməyə gəlsin, uşağın mənafeləri var axı” deməli oldu. Yəni, Mahmud Mehdiyevi uşağın öldüsü-qaldısı maraqlandırmır. Uşaq burada ancaq Gültəkin Hacıbəyliyə qarşı təzyiq vasitəsidir.
- Hakimiyətin məqsədinin Gültəkin xanımdan qisas almaq, onu cəzalandırmaq, Milli Şuradakı fəaliyyətindən yayındırmaq olması və Mehdiyevlərin burada vasitə olması cəmiyyətdə şübhə doğurmur. Bəs Mehdiyevlərin qazancı nədir? Onlar nə istəyirlər?
- Pul. Mehdiyevlərin məqsədi pul qazanmaqdır. Mahmud Mehdiyev mətbuat konfrasında öz dili ilə ailələrinin müflis olduğunu, maddi sıxıntı çəkdiyini deyib. Alimentlə bağlı şikayət ərizəsində də maddi vəziyyətinin ağır oduğunu, işləmədiyini, hətta 200 manat aliment ödəyə bilməyəcəyini yazıb və məhkəmədə də bunu təsdiq etdi. Mahmudun anası Məmmədova Nəhayət Vəli qızı keçən ilin iyun ayında Nəsimi rayon məhkəməsinə 50 min dollarlıq iddia ərizəsi ilə müraciət edib. Guya Nəhayət Məmmədova 2003-cü ildə maddi vəziyyəti ağır olan Gültəkin xanıma 50 min borc verib və borcunu geri istəyir. 2003-cü ildə Nəhayət Məmmədova pensiyaçı evdar qadın, Gültəkin xanım isə millət vəkili olub. Nəhayət Məmmədovanın oğlu mətbuat konfransında deyir ki, Gültəkin Hacıbəyli korrupsioner idi, büdcəni çapıb-talayırdı. Birincisi, elə idisə, niyə xüsusi ittiham qaydasında şikayətimizi icraata götürüb bunu sübut etməkdən çəkinirsiniz? Ikincisi, millət vəkili büdcəni necə talaya bilər, onun aldığı əməkhaqqı və müavinətdən başqa büdcə ilə nə əlaqəsi var? Üçüncüsü, büdcəni talayan, korrupsioner millət vəkili maddi vəziyyəti ağır oduğuna görə pensiyaçı evdar qadından borc alır? Bunların iki sözü üst-üstə düşmür, bu gün dediklərini sabah təkzib edirlər. 50 min pulu olan ana niyə oğluna ev almır, adət-ənənələrimizə uyğun olaraq gəlnini oğlunun evinə gətirmir, oğlunu gəlinin evinə köçürüb xəcalətli edirdi? 2003-cü ildə 50 min dollara mərkəzdə üçotaqlı əla təmirli ev almaq olardı. Nəhayət Məmmədova iddia ərizəsində elə beləcə də yazıb ki, Gültəkin xanım öz evini özü təmir etdirməli, avadanlıqlarla, mebellə yenə də özü təhciz etdirməli, sonra isə oğlumla birlikdə orada yaşamalı idilər. Yəni, hər şey - ev, təmir, mebel Gültəkin xanımlıqdır, Mahmud isə ancaq ora köçüb yaşamalıdır. Məncə, elə buradan Mehdiyevlərin kimliyi aydındır. Gültəkin xanım ayrılanda ev təmir olunurdu, yalnız 6 ay sonra evinə avadanlıq, mebel alıb. Nəhayət Məmədova oğlundan boşanmış gəlininə 6 ay sonra pul verir ki, get evinə mebel al? Millət vəkilinin evinə mebel almağa pulu olmur, millət vəkilləri belə yoxsul yaşayırlar, pensiyaçılar isə belə zəngindirlər? Bu nə məntiq, nə düşüncədir? Digər tərəfdən, borc vermişdisə niyə 2003-cü ildən 2013-cü ilin 17 mayınadək bu barədə bir adama bir kəlmə deməyib? Niyə 10 ildə bu pulu Gültəkin Hacıbəylidən istəməyib? Niyə aralarında illərlə gedən məhkəmə çəkişmələrində bir dəfə də 50 min söhbəti olmayıb? Nə Gültəkin Hacıbəylinin millət vəkili olduğu 2005-2010-cu, nə də sonrakı iki il yarım ərzində 50 min yada düşmür. Özü də, Mahmud Mehdiyev dediyi kimi, imkansız, müflis olmuş bir ailə bu pulu necə unuda bilərdi? Mahmud Mehdiyev 6 iyun 2005-ci ildə, millət vəkili olduğu bir vaxtda Gültəkin Hacıbəylinin “valideynlik vəzifələrinin yerinə yetirmədiyinə görə valideynlik hüquqlarından məhrum edilməsi haqqında” iddia ərizəsi ilə Nərimanov rayon məhkəməsinə müraciət edib. 8 iyun 2005-ci il tarixli qərardadla ərizə geri qaytarılıb. Bir qadına, anaya qarşı bundan daha böyük həqarət ola bilməz. Gültəkin xanımın analıq hüququnu, özü də uşağı pis saxlamaq bəhanəsi ilə şübhələndirən, özlərində bu cəsarəti tapan Mehdiyevlər niyə məhkəmədə 50 minlik borcla bağlı iddia qldırmırdılar? Niyə heç olmasa bir dəfə Gültəkin xanımın özünə demirdilər ki, borc almısan, qaytar. Analıq hüququndan məhrumetmənin qarşısında verdiyin borcun geri istənilməsi nədir ki? Öz övladının anasına qarşı mətbuat konfransı keçirib ona böhtan atmağı özünə sığışdıran, sonra da məhkəmədə özünü danan adamlar Gültəkin Hacıbəyliyə ya kiməsə 50 min dollar borc verib sonra 10 il susardılar? Gözləyirdilər ki, prosessual hüquqda olan bütün iddia müddətləri bitsin, sonra məhkəməyə müraciət etsinlər?
- Qarşı tərəf məhkəməyə bu borcla bağlı hər hansı sənəd təqdim edibmi?
- Məmmədova Nəhayət məhkəməyə bircə sənəd belə təqdim etməyib. Nə borc müqaviləsi, nə qaimə, ümumiyyətlə, heç nə. Adi bloknot vərəqlərinin üstündə Mahmud Mehdiyevin xətti ilə cızmaqaraların surəti məhkəmə tərəfindən necə sübut kimi dəyərləndirilə bilər? Onda hər kəs bloknot kağızının üzərində “filankəsin mənə 50 min borcu var” deyib iddia qaldıra bilər. Belə presedent heç Afrika ölkələrində də yoxdur. Hüquq adına biabırçılıq həm də odur ki, məhkəmə məhz bu cızmaqaraların surəti əsasında Gültəkin xanımın bütün əmlakını 7 aydır həbsdə saxlayır. Gültəkin xanım hakimdən “axı burada bir sübut yoxdur, bu işi necə icraata qəbul etmisiniz” soruşub. Hakim isə “bəlkə sübutları prosesdə təqdim edəcəklər” cavabını verib. Bir milyonluq dələduzluq cinayəti məhkəmə tərəfindən sübut olunmuş Gülər Əhmədovanın 10 manat dəyərində əmlakına həbs qoyulmur, nisyə sübutlarla Gültəkin xanımın bütün əmlakına həbs qoyulur. Bu açıq-aydın siyasi və hüquqi diskriminasiyadır. Mən bir vəkil kimi, bu vəziyyəti başqa cür şərh edə bilmərəm. Mahmud Mehdiyev uşaqla görüşdə mənim, uşağın, Gültəkin xanımın anasının yanında deyirdi ki, hakimiyyət bizdədir, görün nələr edəcəyəm, sizin evinizi əlinizdən alacağam, “kupça”nı ləğv etdirəcəyəm. Uşaq qorxur, ağlayıb stress keçirir, uzun müddət özünə gələ bilmirdi. Hələ də müalicə alır. Indi bütün bunlardan sönra özünüz nəticə çıxardın, görün Mehdiyevlərə nə lazımdır - uşaq, yoxsa pul və ev? Bir kənardan durun, cəmiyyətin reaksiyasına baxın. Mən vəkil kimi tez-tez belə söhbətlərin içində oluram. Övladına 10 ildə bir manat xərcləmə, öldüsü-qaldısı səni maraqlandırmasın, ev vermə, aliment ödəmək istəmə, üstəlik oğlunu 10 ildir təkbaşına, özü də, hansı səviyyədə böyüdən anasına böhtan atıb pul istə. Yəqin ki, Gültəkin xanım övladını ödənişli təhsildən ayırıb pulunu “10 ildir oğul həsrəti çəkən” atasına ödəməli olacaq! Ayıbdır, vallah ayıbdır. Bu mənəviyyatsızlıqdır. Mehdiyevlər yaraşdırsalar da, sifarişçilər gərək bu biabırçılığı, bu aşağı əyarlılığı özlərinə yaraşdırmayaydılar. Bir qadına qarşı belə çirkli mübarizə aparmazlar!