1889-cu ildə Londonda dünyaya gələn səhnənin komik klounu Çarli Çaplinin valideynləri işsizlik və sərxoşluqla mübarizə aparıb. Kasıbçılıq və aclıq çəkən Çarli Çaplin sonralar həyat təcrübəsini klassik filmlərində əks etdirib...
Komediya ustasının 70 illik yubileyində dediyi təsirli sözlər haqlı olaraq ən məşhur çıxışlardan biri sayılır. Bu sətirlər onun yaşadığı hər günə dəyər.
Moderator.az dahi artistin qəlbləri riqqətə gətirən həmin çıxışını oxucularına təqdim edir:
“Özümü sevməyə başladıqdan sonra anladım ki, qəm-kədər və əzab yalnız öz həqiqətlərimə qarşı yaşadığımın xəbərdarlıq siqnallarıdır. Bu gün başa düşürəm ki, bu, Özün olmaq deməkdir.
Özümü sevməyə başladıqdan sonra anladım ki, öz bitməz arzu və istəklərinlə qarşındakı adamı boğaza yığa, onu möhkəm incidə bilərsən. Xüsusən bu arzuların hələ vaxtının çatmadığını və qarşındakı insanın da buna hazır olmadığını bilirsənsə... Hətta bu adam sən olsan belə, özünü zəhlətökən istəklərlə incitməyə haqqın yoxdur. Bu gün mən buna Özünə hörmət deyirəm.
Özümü sevməyə başladıqdan sonra başqa cür həyat arzulamadım və ətrafımdakı hər şeyin məni yüksəlişə səslədiyini görə bildim. Bu gün mən buna Yetkinlik deyirəm.
Özümü sevməyə başladıqdan sonra istənilən məsələnin lazımi məkanda və zamanda, hətta anda baş verdiyini anladım. Mən həmişə rahat ola bilərəm. Bu gün mən buna Özünə əminlik deyirəm.
Özümü sevməyə başladıqdan sonra hər şeyə boşuna zaman sərf etməkdən və gələcək üçün nəhəng planlar qurmaqdan vaz keçdim. İndi məni xoşbəxt edən, zövq aldığım, könlümü fərəhləndirən işlərlə məsgulam. Üstəlik öz sabit, sakit ritmimdən çıxmadan... Bu gün mən buna Sadəlik deyirəm.
Özümü sevməyə başladıqdan sonra sağlamlığıma zərər vuran hər şeydən - qidadan, insanlardan, əşyalardan, hadisələrdən uzaq durdum. Məni yolumdan edən hər şeyi rədd etdim. Bu gün mən buna Özünu sevmək deyirəm.
Özümü sevməyə başladıqdan sonra hər şeydə haqlı olmaqdan əl çəkdim. İndi mən nadir hallarda səhf edirəm. Bu gün anladım ki, bunun adı Təvazökarlıqdır.
Özümü sevməyə başladıqdan sonra daha keçmişlə yaşamadım, gələcəyimdən narahat olmadım. İndi mən bu günlə yaşayıram. İndi anladım ki, bunun adı Məmnunluqdur.
Özümü sevməyə başladıqdan sonra anladım ki, əqlim məni narahat edə və hətta xəstə sala bilər. Amma əqlimi ürəyimə yoldaş edəndən sonra o mənim dəyərli müttəfiqim oldu. Bu gün mən bu ittifaqa Müdriklik deyirəm.
Artıq mübahisələrdən, qarşıdurmalardan, özümüzlə, ya başqa biri ilə üzləşəcəyimiz problemlərdən çəkinməməliyik. Hətta ulduzlar da toqquşur və bu çarpışmadan yeni aləmlər meydana gəlir. Bu gün mən bilirəm ki, bunun adı Həyatdır!”
Tərcümə və təqdim etdi: Miraslan