Yazar
İlham İsmayıl
Bütün yazılar
analitika
515
11:38, Bu gün

Pəncərəsi əbədi bağlanmışların nəfəslik axtarışı

Dünyanın da, bizim də diqqətimizin daha çox İrana, Hürmüz boğazına, Ukrayna cəbhəsinə, Trampdan gələn xəbərlərə yönəldiyi bir vaxtda Ermənistanda gedən siyasi proseslərin az izlənməsi ilk baxışda təbii qəbul oluna bilər. Amma, parlament seçkiləri ərəfəsində həm Paşinyan hakimiyyətinə qarşı xarici və daxili qüvvələr tərəfindən təzyiqlərin getdikcə sərt xarakter aldığı, həm də Azərbaycana qarşı revanşist hisslərin bu təzyiqlərin önündə gəldiyi açıq hiss olunur. Seçkilər ərəfəsində Rusiya tərəfindən dəstəklənən siyasi müxalifət daha fəal şəkildə siyasi proseslərə təsirini artırır və artıq 19 siyasi qüvvə parlament seçkilərində iştirak üçün müraciət edib. Əsas mübarizənin Samvel Karapetyanın yaratdığı “Güclü Ermənistan” müxalif bloku ilə hakim partiya “ Mülki müqavilə” arasında gedəcəyi aydın olsa da, müstəqil mənbələrin təhlilinə görə bu qüvvələrin ilk mərhələdə təklikdə 50%- dən çox səs toplama ehtimalı azdır. Çox güman ki, koalisiya formalaşdırmaq uğrunda seçkidən əvvəl ciddi mübarizə gedəcək.
 
Seçki ərəfəsində Karapetyandan çox Robert Koçaryanın daha fəal göründüyü, tez-tez media və əhali  qarşısında çıxışlar etdiyi diqqəti cəlb edir. Robert Koçaryanın Paşinyan iqtidarına qarşı mübarizədə Qarabağ kartından maksimum istifadə etdiyi diqqətdən yayınmır. Koçaryan yalnız Paşinyanı Qarabağ məğlubiyyətinə görə ittiham etməklə kifayətlənmir, Qarabağa qayıtmağın mümkünlüyünü və bunun üçün hansı siyasi addımların atılmasının vacibliyini də dayanmadan dilə gətirir və Qarabağdan getmiş erməniləri alət kimi siyasi mübarizəsində istifadə etməyə çalışır. Bu mənada Vaqif Xaçaturyanla xüsusi görüşünü təsadüfi hesab etmək olmaz. Koçaryan dünyada baş verən qarışıqlığı fürsət kimi dəyərləndirməyi tövsiyyə edir və onun sözlərinə görə “ dünya hazırda o qədər qarışıqdır ki, əgər buna indi nail olunmasa, təhlükəsiz qayıtmaq imkanı əldən verilə bilər”. Dünya nizamının əsaslı şəkildə pozulmasını Qarabağa dönməyin reallığı kimi qiymətləndirən Koçaryan tarixi paralellik aparmaqla seçicilərini öz uydurmalarına inandırmağa çalışır: “ ... dünya elədir ki, pəncərələr açılır. Sovet İttifaqı dağılmasaydı, Artsax məsələsi yəqin ki, o zaman həll olunmazdı. Bir növ tarixi pəncərə açıldı və bu tarixi pəncərə ərzində biz daha hazırlıqlı, daha cəsarətli, haqlı olduğumuza daha çox əmin idik. Və sonra biz buna nail olduq. İndi bu hökumət həmin pəncərəni bağlayıb və indi onu möhkəm bağlayır ki, bir daha açmaq imkanımız olmasın. Bu pəncərə açıq qalmalıdır”.
 
Robert Koçaryanın klassik erməni xisləti ilə hərəkət etdiyi ortadadır. Ermənilər dünya güclərinin qarşıdurmasından yararlanmağı yalnız SSRİ dağılanda yox, hər zaman fürsət biliblər. Roma, Bizans, Osmanlı imperiyaları dağılanda da ermənilərin milli maraqları təmin etmək üçün satqınlıq etdikləri məlumdur və xüsusilə XX əsrin əvvəllərində bu özünü bariz şəkildə göstərib. 1905-1907-ci illərdə Rusiyada baş verən inqilabı, 1914-cü ildə Birinci Dünya müharibəsinin başlamasını, 1917-ci ildə çarın devrilməsini, nəhayət SSRİ -nin dağılmasını da “pəncərə” kimi görən ermənilər Azərbaycanı hədəf olaraq seçib qətliamlar törətmiş, ərazilərimizi işğal etmişlər. Bu mənada Koçaryanın dünyanın indiki vəziyyətini Qarabağa qayıtmaq hüququnun tanınması üçün fürsət bilməsi, məhz bu pəncərəni açmaq üçün addım atılmanın vacibliyini və buna qadir olduqlarını təsdiqləməsi diqqətimizdən qaçmamalıdır. Koçaryan ermənilərin Qarabağa qayıtmaq hüququnun beynəlxalq səviyyədə tanınması haqqında fikirləri ilə bir daha sübut edir ki, ermənilər Azərbaycan qarşısında acizdirlər və istədiklərinə dünya güclərinin vasitəsilə çatmağı xəyal edirlər.
 
Buna bənzər fikirlər Rusiyanın birbaşa namizədi Samvel Karapetyan tərəfindən də səsləndirilir. Karapetyan qeyd edib ki, "Ermənistan xalqını tədricən oyadırıq. Xalq canlanıb; onlar tezliklə dəyişiklik edəcəyimizi hiss edirlər". Karapetyanın rəhbərlik etdiyi “Güclü Ermənistan” siyasi bloku faktiki olaraq 6 fevral 2021-ci ildə “Güclü Ermənistan -Rusiya ilə” adı altında təsis edilib. Rusiyanın adı indi rəsmiləşdirilməsə də, Karapetyanın düşündüyü “dəyişiklik” şimaldan-Kremldən qaynaqlanır. Koçaryanın da “pəncərəsi”ndən dünya yox, yalnız Qırmızı meydan görünür. Sonuncu Putin -Paşinyan görüşməsində Qarabağın adının Rusiya prezidenti tərəfindən səsləndirilməsi bir daha sübut edir ki, İrəvanda hakimiyyət dəyişikliyinə nail olmaq istəyən Kremlin strateji hədəfində Azərbaycana qarşı təxribat planları mövcuddur. Anti Paşinyan qüvvələrin hakimiyyətə gəlişi baş verərsə Azərbaycana qarşı hansı təxribatlar mümkündür? Belə bir çevriliş az ehtimal olsa da Rusiyanın müdaxiləsi ilə gözləniləndir. Əlbəttə, Ermənistan Azərbaycana qarşı müharibə elan etmək imkanından uzaqdır və daha çox daxili hesablaşmaların şahidi ola bilərik. Amma, KTMT-də dondurulmuş fəaliyyət gecikmədən bərpa olacaq və Rusiya ilə birgə hərbi təlimlərə başlanacaq. Həm daxildə, həm beynəlxalq müstəvidə Qarabağ mövzusunu daim gündəmdə saxlayıb həm hərbi, həm də beynəlxalq müstəvidə Azərbaycana təzyiq vasitəsi kimi istifadə edəcəklər.  
 
Bu planlar məhz Koçaryan, Karapetyan və onlar kimi düşünən ermənilərin, arxalarında dayanan qüvvələrin xəyalı olaraq da qalacaq. Azərbaycan bu gün yalnız bölgədə deyil, dünyada baş verən proseslərə təsir etmək gücündə olan söz sahibidir. Azərbaycanın apardığı hərtərəfli düzgün siyasət nəticəsində ermənilərin güvənə bildiyi hətta qlobal güclərin dövlətimizlə hesablaşdığı və strateji əməkdaşlığa önəm verdikləri reallıqdır. Azərbaycan dövləti Koçaryanın fikirləşdiyi “pəncərəni” dəmir yumruqla əbədi bağlayıb. Amma, xisləti xəyanətdən yoğrulmuş və daim başqa güclər üçün alət rolu oynayan erməni kimi qonşudan arxayın olmaq zərərlidir.
 
İlham İsmayıl
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər