“İran Hörmüz boğazından mal və neft axınını dayandırdığı üçün ölkələrin bir çoxu enerji şoku ilə üzləşib. İran müharibə zamanı xeyli canlı itki verib, hərbi və mülki obyektləri dağıdılıb, bir çox körfəz ölkəsinin isə mülki müəssisələri, enerji və digər iqtisadi infrastrukturları hücumlara məruz qalıb”.
Moderator.az xəbər verir ki, bu sözləri Musavat.com-a “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib.
Ekspert qeyd edib ki, 7 apreldə əldə olunan atəşkəs və sonrakı sülh danışıqları Fars körfəzində davamlı sülhə ümidlər yaratmışdı:
“Atəşkəsin əsas təşəbbüskarlarından biri Çin idi. Ancaq ABŞ Çini rəqib hesab etdiyindən, Pekinin rəsmi vasitəçilik və ya yardımçı roluna razılaşmadı. Hindistan ABŞ ilə yaxşı münasibətlərə malik olsa da, iki ölkə arasında ticarətdə xeyli gərginlik olub. Son bir ildə Tramp administrasiyasının bəzi yüksək vəzifəli şəxslərinin Hindistana qarşı sərt ritorikası münasibətlərə mənfi təsir edib. Buna görə də Hindistanın hazırkı İran müharibəsində birinci seçim vasitəçisi olması ehtimalı az idi. Halbuki Hörmüz boğazındakı gərgin vəziyyət Çinlə yanaşı Hindistanın da iqtisadi maraqlarına mənfi təsir edir”.
Analitikə görə, ABŞ Hörmüz boğazını mühasirədə saxlamaqda davam edərsə, Hindistanın İrandan neft alması çətinləşəcək: “ABŞ buna imkan verməyəcək. Bu arada, Hindistan bayrağı altında üzən 15 gəmi Fars körfəzində ilişib qalıb. Hindistanın xam neft və sıxılmış qazının təxminən yarısı isə Hörmüz boğazından keçir”.
E.Şahinoğlu bildirib ki, Pakistan hökuməti ABŞ və İran nümayəndələrinin növbəti görüşünü də İslamabadda keçirmək istəyir, ancaq bunun üçün Tehran Hörmüz boğazına nəzarət etməyəcəyinə dair Vaşinqtona mesaj göndərməlidir. Əgər İslamabadda ikinci görüş və danışıqlar da uğursuz nəticələnərsə, bu müharibənin yenidən alovlanmasına gətirib çıxaracaq. Avropa İttifaqı da vəziyyətin sabitləşməsini səbirsizliklə gözləyir. Çünki Hörmüz boğazı ətrafındakı gərginlik Avropa ölkələrinin iqtisadiyyatına da mənfi təsir edir”.