Arzu Nağıyev: “Bu məsələdə Dövlət Təhlükəsizliyi Xidmətinin fəaliyyəti xüsusi qeyd olunmalıdır”
Xəbər verdiyimiz kimi, “Global Terrorism Index 2024” (GTI) hesabatı ilə dövlətlərin terror təhlükəsinə görə növbəti reytinq sıralanması təqdim edilib. Azərbaycan Respublikası terror təhlükəsi üzrə qeyd olunan sıralamada “0” indekslə sonuncu - 89-cu yerdə Danimarka, Finlandiya, Qətər kimi ölkələrlə birgə qərarlaşmaqla, dünyada terrorla bağlı ən təhlükəsiz ölkələrdən biri kimi ən yüksək reytinqə sahiblənib.
Mövzu ilə bağlı Moderator.az-a açıqlama verən millət vəkili Arzu Nağıyev bunu Azərbaycanın dövlət başçısının uzaqgörən siaysəti, həmçinin, ölkəmizin hüquq-mühafizə orqanlarının peşəkarlığı ilə əlaqələnirib:
“Global Terrorism Index 2024” hesabatı Azərbaycanın uğurlu daxili və xarici siyasətinin beynəlxalq səviyyədə təsdiqidir. Bu fakt bir daha sübut edir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yürütdüyü siyasət daxili sabitliyi, regional təhlükəsizliyi yüksək səviyyədə təmin edib, bölgədə sağlam mühit formalaşdırıb.
Azərbaycan dünyanın ən yüksək antiterror reytinqində yer alması həm də ölkəmizin hüquq-mühafizə orqanlarının yüksək peşəkarlığından, onların yaratdığı etibarlı təhlükəsizlik mühitindən xəbər verir. Bu məsələdə Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) fəaliyyətini xüsusi vurğulamağı özümə borc bilirəm. DTX həm Vətən müharibəsində, həm də postmüharibə dönəmində terrorizmə qarşı aktiv mübarizə aparıb, terror cəhdlərinin qarşısını elə ilk addımda – planlaşdırmna mərhələsində alıb.
Bu baxımdan hesab edirəm ki, “Global Terrorism Index 2024” hesabatında yer alan məlumatlar ölkəmizin, onun Prezidentinin və güc orqanlarının tarxi uğuru kimi dəyərləndirilə bilər”.
Seymur ƏLİYEV