Son günlər bəzi siyasilər Azərbaycanın Rusiyanın hədəfində olduğu və şimal qonşumuzun ölkəmizə hərbi müdaxilə üçün bəhanə axtardığı ilə bağlı fikirlər səsləndirməkdədir. Bundan narahatlıq duyan politoloqlar hesab edir ki, Azərbaycan son dərəcədə diqqətli olmalı və Rusiyaya belə bir müdaxilə üçün bəhanə verməməlidir.
Rusiyanın yalnız regionun
deyil, bütün dünyanın ən aqressiv dövləti olduğu, bütün problemlərin həllini
zorda, süngünün ucunda gördüyü birmənalıdır. Bu baxımdan Rusiyanın Gürcüstan və
Ukraynaya olduğu kimi Azərbaycana da müdaxiləsi istər nəzəri, istərsə də
praktiki baxımdan mümkündür. Ola bilsin ki, Rusiya həqiqətən də Azərbaycana hərbi
müdaxilə etmək niyyətindədir. Baxmayaraq ki, buna heç bir səbəb yoxdur və Azərbaycan
müdaxiləsiz də Rusiyanın bütün arzularını ən qüsursuz şəkildə yerinə yetirir. Lakin
əgər bütün bu ehtimallar reallıqdırsa və Rusiya həqiqətən də Azərbaycana
müdaxilə etmək niyyətindədirsə, bunun üçün məxsusi olaraq bəhanə axtarmasına
ehtiyacı yoxdur. Çünki Rusiya və bu qəbildən olan dövlətlər üçün hər şey ”“ Azərbaycanda
günəşin doğması, ayın batması, ulduzların parlaması belə bu cür müdaxilə üçün
kifayət qədər ciddi bəhanədir.
Başqa sözlə desək, gücün
bəhanəyə ehtiyacı yoxdur. Çünki güc hər cür bəhanə və səbəbin, hər cür ədalət və
ədalətsizliyin fövqündə qərarlaşıb.
Bütün bu deyilənlər İvan
Krılovun “Qurd və quzu” təmsilini yada salır. Hansı ki, həmin təmsildə quzunu
çay kənarında yaxalayan qurd onu suyu bulandırdığı üçün yeyəcəyini bildirir. Quzu
isə çayın yuxarısında yox, aşağısında su içdiyini, istəsə belə suyu bulandıra
bilməyəcəyini deyir. Qurdun bu qəbildən olan daha bir sürü bənahəsini öz məntiqi
ilə alt-üst edən quzu yenə də ölümdən xilas ola bilmir. Qurd onu günahkar
olduğu üçün deyil, quzu olduğu üçün parçalayır.
Bu təmsildəki sadə və dərin
həqiqət də sübut edir ki, Rusiya kimi nəhəng yırtıcıların hərbi müdaxilə üçün bəhanəyə heç bir
ehtiyacı yoxdur. Onların parçalamaq, qan tökmək, dünyanı qan və göz yaşı dənizində
boğmaq ehtirasını heç bir qüvvə, heç bir siyasi-diplomatik manevr saxlaya bilməz.
Çünki onlar parçalamaq, məhv etmək üçün mövcuddur. Bu, onların təbiətinin,
yaşam fəlsəfəsinin nüvəsini təşkil edir. Canavara parçalamağı qadağan etmək,
onu təbiətindəki bu xislətdən ayırmaq mümkün deyil. Canavarı canavar edən onun
parçalamaq və öldürmək istedadıdır.
Odur ki, Rusiyanı
qıcıqlandırmamaq, onu aqressivləşdirməmək üçün bu dövlətin hər cür alçaldıcı hərəkətləri
qarşısında susmaq və ya bu cür addımları malalamaq Azərbaycan üçün əsla xilas
yolu deyil və heç vaxt da olmayacaq. Qurdu önləməyin, onu dayandırmağın yeganə
yolu qurd olmaq, quzudan qurda çevrilməkdir. Kim ki bunu bacarmır, onun qurda
yem olmaq aqibətindən yaxa qurtaqması mümkünsüzdür.
Seymur Əliyev
e-mail: [email protected]