“...İnsanın düşmənləri öz evinin sakinləri olacaqdır”
İncil.Matta 10,11
I Avropa Oyunları
yaxınlaşdıqca Azərbaycanda qeyri-müəyyən vaxta qədər təxirə salınan sosial
layihələrin də sayı sürətlə artmaqdadır. Bütün maddi resurs və ehtiyatlarını
qarşıdakı olimpiyadadan üzüağ çıxmağa sərf edən hakimiyyət, təxirə salınan
sosial layihələrə ayrılacaq vəsaiti bitib-tükənməyən olimpiya kompleksinə sərf
etməkdədir. İşin ən maraqlı tərəfi isə sosial layihələrin təxirə düşməsi və ya
ləğvi hesabına reallaşan bu prosesin gizli şəkildə deyil, aşkar və nümayişkəranə
surətdə reallaşmasıdır.
Hakimiyyətin olimpiyada
xatirinə zərurət dərəcəsindən asılı olmayaraq bütün sosial layihələrdən eyni əminliklə
imtina etməsi son dərəcə əcaib mənzərənin meydana çıxmasına səbəb olub. Bu mənzərənin
nə qədər iyrəng və eyni zamanda ürəkağrıdıcı olduğunu anlamaq üçün bəzi nümunələrə
nəzər yetirmək kifayətdir. Bu nümunələrdən biri Mingəçevirdə yarımçıq
mehmanxanada məskunlaşan və binaları qəzalı vəziyyətə düşən köçkünlərin
köçürülmə tələbinin rədd edilməsidir. Qaçqınların və Məcburi Köçkünlərin İşləri
üzrə Dövlət Komitəsi iddia edir ki, indiki məqamda hər hansı köçürmədən söhbət
gedə bilməz. Çünki prezidentin də açılışında iştirak etdiyi yaşayış kompleksində
Avropa Oyunları ilə əlaqədar olaraq idmançılar yerləşdiriləcək və yalnız
olimpiyada başa çatdıqdan sonra köçürülmə məsələsi müzakirə ediləcək.
Digər bir nümunə
Novxanıdakı kanalizasiya problemi ilə bağlıdır. Belə ki, Bakının bu qədim kəndində
duz gölü hissəsindəki məhəllələrdə kanalizasiya sistemi olmadığı üçün evlərdən
axıdılan çirkab sular həyət və yolları keçilməz vəziyyətə salıb. Evlərin binövrəsinə
dolan və onları qəzalı vəziyyətə salan suların axıdılması üçün gərəkli olan
kanalizasiya xəttinin çəkilməsi də Avropa Oyunlarından sonraya planlaşdırılır. Görünən
odur ki, ona kimi vətəndaşlar dəhşətli üfunət və antisanitariya şəraitində
Avropa Oyunlarının mümkün qədər tez başa çatması üçün dua etməli olacaqdır.
Bu cür nümunələr kifayət
qədərdir və bu, özlüyündə bəzi suallar doğurur. Doğrudanmı Avropa Oyunlarına ev
sahibliyi etmək ölkədəki yüzlərlə, minlərlə sosial problemin həllindən daha zəruridir?
Əgər Mingəçevirdə qəzalı vəziyyətdə olan bina hakimiyyətin planına uyğun olaraq
Avropa Oyunlarına qədər səbr etməsə, o zaman xəsarət alan və ya həyatını itirəcək
insanlara görə kim cavab verəcək? Doğrudanmı Azərbaycan vətəndaşlarının hansısa
beynəlxalq oyun və ya tədbir qədər əhəmiyyəti yoxdur? Bir hakimiyyət üçün öz vətəndaşının
təhlükəsizliyi və rifahındna daha ali nə ola bilər? Xalqın sosial rifahını
hansısa idman yarışına qurban verən bir hakimiyyətin xalqın maraqlarına xidmət
edən, xalqı düşünən hakimiyyət adlandırmaq mümkündürmü? Və ən əsası, xalqa olan
bu münasibətin xəyanətdən, riyakarlıqdan başqa bir adı varmı?
Azərbaycandan fərqli
olaraq dünyanın heç bir ölkəsində milyonlarla insanın marağının hansısa idman və
ya siyasi tədbirə qurban verilməsi faktı yoxdur. Dünyanın heç bir ölkəsində hakimiyyət
öz vətəndaşlarını göz-görə ölüm təhlükəsi ilə üz-üzə buraxmır. Dünyanın heç bir
ölkəsində hakimiyyət beynəlxalq aləmdə imicini yüksəltmək üçün öz vətəndaşlarına
sitəm etmir. Bütün bu anormallıqlara yalnız Azərbaycanda ”“ haqqın və ədalətin
çoxdan dəfn edildiyi, yerin və göyün lənətlədiyi bu məmləkətdə rast gəlmək
mümkündür.
Hakimiyyət ölkə mətbuatında
yer alan bunca sosial narazılıq fonunda dünya ölkələrinin dilində əzbər olacaq
idman yarışı keçirmək, bu yolla öz reytinqini qaldırmaq niyyətindədir ki,
Avropa Oyunlarının həqiqətən də ideal səviyyədə keçəcəyi təqdirdə belə hakimiyyətin
bu yarışlardan xal qazana bilməyəcəyi şübhəsizdir. Ən azından ona görə ki, istənilən
xarici dövlət və ya vətəndaşın Azərbaycan hakimiyyətinə münasibətini müəyyən edən
ən başlıca amil bu hakimiyyətin öz vətəndaşlarına olan münasibətidir. Bu
münasibətin hansı səviyyədə olduğunu isə yuxarıda çəkdiyimiz misallar aydın şəkildə
göstərir.
Bir sözlə, bu gün Azərbaycan
xalqı böyük bir xəyanətlə üz-üzədir və ən pisi, bu xəyanətin memarları bizimlə
eyni evin sakinləridir. Və biz bu ümumi evin rifahı naminə bu xəyanəti dəf etməyə
məhkumuq.
Seymur Əliyev
e-mail: [email protected]