Müharibə və fəlakətlərin istənilən toplum və xalqı mənən saflaşdırdığı, bir araya gətirdiyi, daha həssas və duyarlı etdiyi bir həqiqətdir. Məşhur alman filosofu Hegel nahaq yerə demirdi ki, külək durğun gölü iylənməkdən qoruduğu kimi müharibə də cəmiyyəti çürüməkdən hifz edir. Xüsusilə də, bizim kimi - əsrlər uzunu başına min bir müsibət gətirilən, terror və soyqırımlara məruz qalan, ərazisi işğal edilən xalqların ən azından daxili münasibətlər müstəvisində ədalət prinsipinə əməl etməsi, xarici düşmən faktoru önündə birləşməsi, ruhən bir olması mütləq və təbiidir. Lakin nə qədər qəribə olsa da, Azərbaycanın timsalında bəzən bu nümunələrin əksinə də rast gəlmək mümkündür.
Bütün
tarixi qanla yazılan, yüzilliklər boyu rus əsarətində qalan, erməni
vandalizminin qurbanına çevrilən,
xüsusilə də Xocalı qətliamı kimi qorxunc bir fəlakətin dəhşətini yaşayan
bu xalq hələ də bir araya gəlməkdə, dövlət və cəmiyyət olaraq lazımi həmrəylik
sərgiləməkdə, daxili intriqa və qarşıdurmalardan imtina etməkdə, kasıbından
varlısına, fəhləsindən məmuruna, kəndlisindən ziyalısına, cavanından qocasına
kimi sivil cəmiyyət quruculuğunu həyata keçirməkdə, vicdanla yaşamaqda,
başqasının hüquqlarına hörmət etməkdə
acizdir. Nə qədər arzuedilməz olsa da I Qarabağ savaşı və bu savaş
fonunda yaşanan Xocalı faciəsi də bu xalqın məmurunu vətəndaşına, hakimiyyətini
xalqa doğmalaşdıra bilmədi. Bu gün cəmiyyətin
bütün təbəqələrinə sirayət edən rüşvət və əxlaqsızlıq sadəcə hakimiyyətin cəmiyyət
həyatına gətirdiyi, mövcud idarəetmədən doğan hal deyil. Bu, həm də cəmiyyətin
özünün mənəvi və əqli durumunun “ixrac etdiyi”, aşağı keyfiyyətli “insan
materialının” doğurduğu neqativlərdir.
Bu gün
Xocalı faciəsindən, bu faciənin ağrılarından bəhs edən səlahiyyət sahibləri
imkan düşən kimi Xocalı köçkünlərinin haqqını yemək, onların hüquqlarını mənimsəmək
fürsətini əldən vermirlər. Bu gün “Xocalıya ədalət” deyə bağıran məmurlar cəmiyyətdə
ədalətsizliyin canlı simvollarına
çevrilməkdən utanmır, əksinə, bununla fəxr edirlər. Bu gün minlərlə insan “vətən”,
“millət” şüarları altında sadəcə ailə maraqlarının keşiyində dayanmaqda, öz
firvanlıqları üçün yüzlərlə, minlərlə insanın əzablarına məmnuniyyətlə göz
yummaqdadır. Bu gün Xocalı əsirlərinin azadlığını tələb edən insanlar ölkə həbsxanalarında
çürüyən yüzlərlə günahsız insanın həbsini laqeydliklə seyr etməkdədir. Bu gün
öz müstəqillik və azadlığına qovuşan bu xalq heç vaxt olmadığı qədər bədbəxt, cılız
və miskindir.
Halbuki,
bir tək Xocalı faciəsi kifayət idi ki, xalq necə böyük və qorxunc bir təhlükə
ilə üzləşdiyini dərk etsin. Bir tək Xocalı faciəsi kifayət idi ki, cəmiyyət hər
cür haqsızlığa, özbaşınalığa, zorakılığa əbədi nifrət etsin. Bir tək Xocalı
faciəsi kifayət idi ki, xalq içində yığılıb qalan nifrət və qəzəbi onu milli əsarətdə
saxlayan siyasi sistemin üstünə qusa bilsin. Bir tək Xocalı faciəsi kifayət idi
ki, bu xalq yenidən ”“ daha mübariz, daha cəsur, daha müdrik doğulsun.
Lakin
bu baş vermədi. Müharibə və ondan sonrakı proseslər daha müti, daha müqavimətsiz,
daha ədalətsiz, harama daha meyilli cəmiyyətin formalaşmasına səbəb oldu.
Baş
verənlər sübut etdi ki, bizim sözün həqiqi mənasında xalq olmağımız üçün bir
Xocalı azdır. Bizi biz etmək - silkələyib özümüzə gətirmək, içimizdəki vicdanı
oyatmaq, ədalətli topluma çevirmək üçün daha bir neçə Xocalıya ehtiyac var. Bəlkə
daha çox ölüm, bəlkə daha çox ağrı diriltdi bizi. Bəlkə daha çox qan içimizdəki
ölüyə həyat verdi. Bunun xaricində bizim biz olmağımıza güman azdır.
Seymur Əliyev
e-mail: [email protected]