Nəyə
gülürsən, dərdə gülməzlər, adam balası, dərdə ağlayarlar. Bizdə adamlar
ağır-ağır dərdlərinə qəşş eləyib gülürlər. Şaqqanaq çəkir, uğunur, dərdlərinə
diringi gedir bizdə adamlar. Heç bilmirsən adamlara nə olub? Dəlidir, yoxsa,
nədir adamlar? Elə bil ki, kəsik yurdun bu başından, o başına fəryadları ürək
dələn ah nalələr bizim deyil. Param-param parçalanan, yarı orda, yarı burda
naçar qalan didərginlər bizim deyil. Haqqı deyən insanların Güneyinin
zindanında səsi batan, azadlığın gül üzünə Quzeyinin meydanında oğulların qanı
batan elə bil ki, biz deyilik. Biz deyilik hər addımda hüquqları tapdalanan,
biz deyilik səhər-axşam azğınlaşmış məmurların can qəsdinə məruz qalan.
Nəyə gülürsən
adam balası? Sərvəti talanan, yurdu yağmalanan, öz yurdunda qərib insan, nəyə
gülürsən? Ocaqları söndürülən, torpaqları yandırıllıb külə dönən, zavallı
qaçqın nəyə gülürsən? İçi göynərtili, sinə dağlı şəhid anası, nəyə gülürsən?
Millətinin qanı üstdə taxtın qurub, öz xalqına divan tutan, ac-yalavac insanlardan
üz çevirib, acgözlüklə sərvət yığan, torpaq satan, sən ey nadan nə gülürsən? Uşaq satan, qadın satan,
qız-gəlinin namusunu dubaylarda pula satan nazirbaşı, məmurbaşı nə gülürsən?
Rəzalətə, səfalətə, ümmətini nadanlığa sürükləyən cəhalətə gözün yuman
mollabaşı-həzrəti şeyx nə gülürsən? Yavanlığı daşdan çıxan, külfəti ac, atam-insan
nə gülürsən? Nəvəsinin yüz il bundan
sonra belə, haqqı yeyilən babam-insan nə gülürsən? Təqaüdü bir donluğa, beş
arşınlıq kəfən-bezə yetirməyən nənəm-insan nə gülürsən?
Nəyə gülürsən
adam balası? Xiffətini mahnılarda yaşatdığın əldən gedən el-obanın qaragünlü
halınamı? Bir qarınlıq ruzi üçün,
diyar-diyar səfil düşən övladının qismətinə- kor baxtınamı? Bəlkə, xəyanətin
yadıgarı çadırlarda süd əvəzi palçıq əmən körpələrin “xoş” gününə toy qurursan?
Bəlkə, Bakısında fantan vuran qara qızıl neftimizdən komasına işıq payı
yetişməyən millətinin kəm bəxtinə dəm havası züy tutursan? Kimdi səni dəli kimi
dərd üstünə güldürən? Kimdi sənin ağır-ağır dərdlərini iblisanə qəhqəhələrlə
içindəcə öldürən? Nə uymusan, əldən gedən oylaqlardan, yaylaqlardan dastan
açıb, telli sazı sinəsinə basanlara? El yasını bayram edib, arsızlığın
nəğməsini qoşanlara? Nədən səni yad havası dingildədir, oynadır, fələk qarı
yoxsa səni öz vayına oynadır?
Nəyə gülürsən
adam balası? Bəlkə sənin şəhər boyu yaptırılan imarətlərdə beş otaqlı evin
varmış? Kandarına yetmədiyin düzənlənən villalarda manqalları kabab dolu közün varmış? Bəlkə də
heç biz bilmiririk, hər küçəsi üstümüzə diş qıcadan şəkillərlə bəzədilmiş, qanunları
ayaqaltı bu ölkədə adam kimi söz deməyə haqqın varmış? Haqqın yoxsa kiri,
dayan, bax gününə arsız insan, ayıl, oyan! Sənin deyil saray əhli nazirlərin
yaşadığı zəngin həyat! Sənin deyil bulvarında qaragünlü taleyinə çırtma vurub
oynadığın, o toy-büsat! Divarları qan sızayan göydələnlər sənin deyil! Həsrət
ilə boylandığı geniş yollar, ağacüstü çıraqbanlar sənin deyil!
Nəyə gülürsən adam balası. Sənin büsat qurub, toy eyləyən, lap istəsən ürəkdən də qəşş eləyən xoş günlərin qabaqdadır adam balası! Nə zaman ki, azadlığın gül üzünə geniş qucaq açacaqsan, günəş kimi zülmətlərin bağrın yarıb, köləliyin boynundakl buxovunu qıracaqsan, nə zaman ki, sınağına çəkildiyin bir qarın çörəyə yox, mədəniyyətə, insanlığa can atacaqsan, nə zaman ki, var gücünü toparlayıb, tarixinə qara ləkə bir zümrənin caynağından birdəfəlik qurtulub da, vətənində ədalətin bayrağını ucalara taxacaqsan, nə zaman ki, əlbir olub son döyüşlə düşmənindən Qarabağın qisasın alacaqsan, yalnız onda hürr yaşamaq, sidq ürəkdən gülmək haqqın alacaqsan!