Qədim
dövrlərdən indiyə qədər söz adamlarının müraciət etdiyi mövzulardan biri də elə
sözün özüylə bağlı olub. Məhz bu cür
müzakirələr nəticəsində söz sənəti inkişaf edə-edə bu günlərə gəlib çıxıb, cəmiyyətin öz fikrini ifadə tərzi formalaşıb. Bugünkü şairlər də bəzən bu mövzuya müraciət
edirlər. Moderator.az oxucularının yaxşı tanıdığı şair-publisist Heydər Oğuzun
da söz sənəti haqqında qələmə aldığı bir sıra şeirləri var. Həmin şeirlərdən bəzilərini
təqdim edirik:
Söz
oyunu
Nə qələm bir oyuncaqdır,
Nə oyundur söz oyunu.
Söz itirər qüvvəsini,
Oynamasan düz oyunu.
Düşünmə,
bu oynu asan;
Söz at deyil, oynadasan,
Min fırıldaq qaynadasan,
Vardır sözün öz oyunu.
Qədrini bil hər kəlmənin-
Qızıl sözün, zər kəlmənin.
Üstündədir bir kəlmənin
Şairlərin yüz oyunu.
Hikmətini al yanına,
Layiq söz de ad-sanına.
Girmədən söz meydanına
Öncə çalış, çöz oyunu!
Məzmunsuz söz söz deyildir,
Səsli-küylü quru yeldir.
Heydər, fikri elə bildir,
Gərəkməsin üz oyunu.
Söz qəzəli
Hansı bir kəlmədə ki,
zərrə qədər kin görünər,
Cümlənin zərrəsi yox, cümləsi çirkin görünər.
Ciddi söz qüdrətini
niyyətisaflıqdan alar,
Kəsəyənlikdə qılıncdan belə kəskin görünər.
Oğruluq xislətidir fikri
bağırmaqla demək,
Tonu artdıqca səsin sahibi miskin görünər.
Adamın kimliyi sözdür,
özü kimlik qabıdır
Sözü zəngin olanın könlü də zəngin görünər.
Hər ağız tüstünü dümdüz
çıxaran bir bacadır
Sözdə insan içinin hər yönü düzgün görünər.
Kimdə söz haqqı
bulunmaz, lələsiz yurd kimidir
Bədən elsiz obatək, ruhsa didərgin görünər.
Çox mələk üzlülərin
çadrasıdır bağlı dodaq,
Açsa ağzın, Oğuz, İblis görünər, cin görünər.
Gərəkir (qəzəl)
Şe`ri dərk eyləməməkçün
olasan mal gərəkir.
Atadan gic gələsən, həm anadan kal gərəkir.
Aləmin ən bahalı neməti
sözdür kiminə,
Kiminə söz deməsiyçün atasan yal gərəkir.
Var kəlam, bal kimidir,
dadsa meyitlər dirilər,
Söz də var udmaq üçün bir neçə put bal gərəkir.
Necə bilməm ki deyəm
mən, “niyə susdun?”- sorana:-
“Harda nadan danışır, arif ola lal gərəkir.”
Demə neyçün ayaq açmış
yeriyir eldə yalan
Doğru söz söyləməyə doğru da amal gərəkir.
Diqqət et hikmətə, çox
bər-bəzəyə qaçma, könül!
Gözələ çünki nə atlas, nə ipək şal gərəkir.
Hər kəlam anlamaza, Heydər
Oğuz, söyləmə söz,
Nə qanar sözdən ulaq, onlara qanqal gərəkir.