Moderator.az xəbər verir ki, Ədalət Partiyasının sədri, Azərbaycan Respublikası Milli Məclisinin deputatı İlyas İsmayılov Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyevə bu gün məktubla müraciət edib. Partiya sədri məktubunda onunla spiker Oqtay Əsədov arasında Milli Məclisin iclasında olan mübahisənin düzgün protokollaşdırılmadığını bildirir və günahkarların cəzalandırılmasını xahiş edir. Ədalət Partiyasının mətbuat xidməti həmin məktubu təqdim edir:
"Hörmətli Səfa müəllim!
Milli Məclisin 14 mart 2014-cü il tarixində keçirilmiş iclasında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü ildəki fəaliyyəti haqqında hesabatı müzakirə edilmişdi.
İclasa Milli Məclisin sədri Oqtay Əsədov sədrlik etmişdi.
Mənim çıxışımdan sonra Oqtay Əsədov demişdi: “İlyas müəllim, belə çıxır ki, qalın bir kitabdan ibarət olan hökumətin illik fəaliyyətində müsbət heç nə görmədiniz. Ancaq səhv tutdunuz”.
Mən də onun səsləndirdiyi fikirlərin cavabında demişdim: “Bu mənim öz fikrimdir, mənim çıxışıma irad tuta bilməzsiniz. Öz işinizi görün!”
Oqtay Əsədov isə demişdi: “İrad tutaram, o yana da keçərəm! Bu nə danışıqdır? Günah bizdədir ki, sənin kimisinə şərait yaradırıq, çıxıb danışıb belə hörmətsizlik edirsən”.
Mən onun bu cür qeyri-etik sözlərinin cavabında bildirmişdim: “Siz kimsiniz ki, mənimlə belə danışırsınız?! Mən deputatam və çıxışıma müdaxilə etməyə heç kimin ixtiyarı yoxdur”.
Sonra
spiker mənim sözümü kəsərək növbəti mədəniyyətdənkənar ifadələrə yol vermişdi: “Bir
özünə hörmət qoy. Adama hörmət göstərəndə həddini aşmaz! Heç olmasa özünə hörmət
qoy!”
Daha sonra Oqtay Əsədov mənim mikrofonumu söndürərək digər deputata söz
vermişdi.
Bütün bu baş verənlər ölkə mətbuatında da geniş işıqlandırılmışdı.
Amma Sizin rəhbərlik etdiyiniz Milli Məclis Aparatının Redaksiya və nəşr işləri şöbəsində hazırlanmış həmin iclasların protokolları və stenoqramlarının əks olunduğu 54-cü cildin 67-ci səhifəsində mənim çıxışımdan sonra yaşanmış sözügedən hadisə ilə bağlı hissənin stenoqramı aşağıdakı kimi verilib.
Sədrlik edən: “Sağ olun. Amma İlyas müəllim, bu boyda hesabatda bir müsbət istiqamət görmədiniz də.”
Yerdən: (Eşidilmir.)
Sədrlik edən: “Mən sizə irad tutmuram, sualınıza cavab verirəm.”(Mən ona sual verməmişdim, versəydim protokolda əks olunardı ”“ İ.İ.)
Yerdən: (Eşidilmir.)
Sədrlik edən: “İxtiyarım da var”.
Yerdən: (Eşidilmir.)
Sədrlik edən: “Sizin ixtiyarınız yoxdur belə danışmağa. Siz danışdınız, biz qulaq asdıq. Göydən düşməmisiniz, biz Sizə qulaq asdıq, Siz də qulaq asın, dözümünüz olsun. Hər bur adam biraz özünə fikir verməli, başqalarına hörmət etməlidir. Mən sizin bir sözünüzü kəsmədim. Günah sizdədir ki, belə imkan tapıb danışırsınız.”.
Xahiş edirəm bu saxtakarlığa aydınlıq gətirəsiniz və protokola müvafiq düzəlişlər edərək bu biabırçı hala yol verənləri cəzalandırasınız”.