Parlamentin
komitə sədri bildirib ki, insanların bir-birinin hüququnu pozmadan, problemlərə
qarşı həssaslıq göstərərək məqsədə çatması mümkündür
Moderator.az xəbər verir ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin
(DQİDK) təşkilatçılığı ilə dekabrın 10-da BMT-nin Baş Assambleyası tərəfindən
Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin qəbul edilməsinin 65 ilinin tamam
olması münasibəti ilə “Azərbaycanda dövlət-din münasibətləri və insan
hüquqları” mövzusunda konfrans keçirilib. Konfransda DQİDK-nın sədri Elşad İskəndərov,
Milli Məclisin (MM) İnsan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanova, ölkədəki
dini konfessiyaların rəhbərləri, dini icma sədrləri və din xadimləri, o cümlədən
insan hüquqlarının müdafiəsi sahəsində fəaliyyət göstərən mütəxəssislər iştirak
ediblər. Konfransı giriş sözü ilə açan DQİDK sədri Elşad İskəndərov hazırda
bütün dünyada, o cümlədən Azərbaycanda 10 dekabrın İnsan hüquqları günü kimi
geniş qeyd edildiyini diqqətə çatdırıb. Komitə sədri bildirib ki, bu gün ölkəmizdə
insan hüquq və azadlıqlarının qorunması sahəsində mühüm addımlar atılıb:
“Bizim
regionlarda, əyalətlərdə kiçik qızların hüquqları pozulur. Bu məsələdə icma rəhbərləri,
ağsaqqallar öz səslərini çıxarmalı, bu kimi halların qarşısının alınmasında
yardımçı olmalıdırlar. Dövlət Komitəsi 2012-2013-cü illər ərzində insan
hüquqları ilə bağlı 50-ə yaxın tədbir həyata keçirib. Əsasən qadın din və
haqları, dini və milli azlıqların, dini icmaların, dini icmaların uşaqlarının,
xüsusilə də kimsəsiz uşaqların hüquqlarının qorunması istiqamətində həyata
keçirilən tədbirlər bundan sonra da davam etdiriləcək”.
“Cəmiyyətdə
xeyirxahlıq hissi olmasa, o cəmiyyət yaşaya bilməz. Hüquq pozuntuları biganəlikdən
yaranır”.Bunu isə R. Aslanova deyib.
O bildirib
ki, insan hüquqlarının təmin olunması, səmərəli müdafiəsi məqsədilə mükəmməl
qanunvericilik bazası yaradılıb:
“Bu sahədə həm
nəzəri, həm də əməli inkişaf hiss olunur. Prezident İlham Əliyev tərəfindən təsdiq
edilmiş “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin
səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı” buna nümunədir.
Beynəlxalq təşkilatlar da etiraf edir ki, Azərbaycan insan hüquqları sahəsində
böyük uğurlar əldə edib”.
Beynəlxalq
hüququn abstrakt bir anlayış olmadığını deyən R.Aslanova, Azərbaycanın öz üzərinə
düşən hüquqi vəzifələri yerinə yetirdiyini vurğulayıb:
“Amma
bununla belə Azərbaycana qarşı bu həssaslıq göstərilmir. Azərbaycanın 1
milyondan çox insanının hüquqları pozulsa da beynəlxalq qurumlar onların
hüquqlarını müdafiə etmir”.
Azərbaycandakı
tolerantlıqdan da danışan komitə sədri söyləyib ki, burada müxtəlif dini
inanclı insanlar mehriban şəkildə yaşayır:
“Azərbaycanda
heç zaman dini zəmində qarşıdurma olmayıb və bundan sonra da olmayacaq. Ölkəmizdə
din dövlətdən ayrı olsa da, dövlət vətəndaşından ayrı deyil. Ona görə də ölkədə
hər bir vətəndaşın hüquq və azdlığının qorunması, onların dini etiqad
azadlığının təmin olunması ali məqsəddir. Dövlətlə yanaşı dini konfessiyalar da
cəmiyyətdaxili münasibətlərə müdaxilə etməli və bu münasibətləri
saflaşdırmalıdır”. Cəmiyyətdə xeyirxahlıq hissi olmasa, o cəmiyyətin yaşaya
bilməyəcəyimi deyən R. Aslanova sözlərinə əlavə edib ki, insanların bir-birinin
hüququnu pozmadan, problemlərə qarşı həssaslıq göstərərək məqsədə çatması
mümkündür.