ABŞ-da hakerlər prezident xanımı Mişel Obama da daxil olmaqla dörd milyon adamın şəxsi məlumatlarını əldə edib. Moderator.az PressForum.az-a istinadən xəbər verir ki, hakerlərin milyonlarla müştərinin məlumatların yerləşdiyi brokerlərin korporativ kompüter sisteminə soxulmasını Federal Tədqiqatlar Bürosu araşdırır. Hakerlər əsasən xüsusi təminat nömrələri olan məlumat bazasına, həmçinin Mişel Obamanın və digər məşhur şəxslərin eyniləşdirmə kartlarının (ABŞ-da pasportun analoqu) məlumatlarına daxil olublar.
Məlumatların SSNDOB portalından əldə olunduğu aşkarlanıb. Jurnalist araşdırmalarına əsasən, SSNDOB saytı haker hücumuna məruz qalıb və məlumat mənbəyinin informasiya xidməti göstərən üç Amerika şirkətinin - LexisNexis, Dun & Bradstreet və Kroll-un kompüter sistemi olduğu güman edilir.
Hər üç şirkət bu məsələdə federal agentlərlə işlədiklərini bəyan edib. LexisNexis rəhbərliyi isə şirkətin məlumat bazasının hakerlərin hücumuna məruz qalmadığını bildirib.
ABŞ xüsusi xidmət orqanları işi araşdırmaqda davam edirlər. İnformasiyanın 2013-cü ilin əvvəlində sızdığı güman olunur.