Koronavirus bəzi MDB dövlətlərinin Rusiyadan asılılığını artıra bilər.
Moderator.az xarici mediaya istinadən xəbər verir ki, buna səbəb bir sıra dövlətlərin koronavirus probleminin öhdəsindən gəlməkdə açıq-aydın çətinlik çəkməsi, bu məqsədlə də Rusiyadan kömək xahiş etmələridir.
Mütəxəssislərin fikrincə, Rusiyanın koronavirusla mübarizə çərçivəsində istər MDB dövlətəri, istərsə də Avropa ölkələrinə etdiyi yardımlar onun bu ölkələrdəki nüfuzunun artmasına, Rusiyanın “böyüklüyünün yenidən dərk olunmasına” səbəb olur. Ekspertlərin qənaətincə, bu günə qədər Rusiya ilə müəyyən ziddiyyətləri olan Belarusun koronavirus təhlükəsi qarşısında Kremldən kömək istəməsi, İtaliya və digər ölkələrə edilən yardımlar fonunda başqa Avropa dövlətlərinin də kömək məqsədi ilə Rusiyaya üz tutması kifayət qədər geniş bir coğrafiyanın Rusiyasız keçinməkdə çətinlik çəkdiyini göstərir. Bu səbəbdən də Rusiyanın göstərdiyi humanitar köməkliklərin ona həmin ölkələrlə münasibətdə siyasi üstünlüklər qazandırdığı Kremlin əsas uğurlarından biri kimi qiymətləndirilməkdədir.
Bundan başqa, ekspertlərin fikrincə, hətta koronavirus təhlükəsi bitəndən sonra da bir sıra ölkələrin Rusiyadan asılılığı davam edəcək. Çünki post-koronavirus dönəmi məhv olan iqtisadiyyatların yenidən bərpası məsələsini gündəmə gətirəcək ki, bu isə böyük vəsaitlər, uzunmüddəti kreditlər və s. tələb edir. Belə olan təqdirdə bəzi MDB dövlətlərinin yenidən Rusiyanın qapısını döyəcəyi istisna edilmir.
Məlumat üçün qeyd edək ki, Azərbaycan koronavirusla mübarizəni öz imkanları çərçivəsində həyata keçirir və bu məsələdə hər hansı dövlətdən, yaxud beynəlxaql təşkilatdan asılılığı yoxdur. Əksinə, ölkəmiz koronavirusdan əziyyət çəkən bir sıra dövltəərə yardım göstərib ki, bu da Azərbaycanın xeyirxah niyyətindən, humanistliyindən xəbər verir.
Seymur ƏLİYEV