ABŞ-ın ölkəmizdəki səfiri Azərbaycanın narkotiklərlə mübarizədəki rolu haqqında maraqlı fikirlər səsləndirib. Ölkəmizin bu sahədə ciddi prinsipiallıq sərgilədiyini bildirən ABŞ səfiri, Azərbaycanın bu mübarizədə lider olduğunu, dünyaya nümunə sayıldığını vurğulayıb.
ABŞ səfirinin bu bəyanatı əslində Azərbaycanın narkotiklərlə mübarizədəki fəaliyyətinə beynəlxalq aləmin verdiyi qiymət hesab edilə bilərmi?
Moderator.az-a açıqlama verən hüquqşünas Əliməmməd Nuriyev Azərbaycanın bu sahədə həqiqətən də böyük uğurlara imza atdığını qeyd edib:
“ABŞ dünyanın super güclərindən biridir. Dünyada baş verən proseslər haqqında ətraflı məlumat almaq imkanına malikdir. Azərbaycanın narkotiklərlə mübarizəyə verdiyi töhfəni onlar aydın şəkildə görürlər. Onlar bilirlər ki, Azərbaycan mürəkkəb bir coğrafiyada yerləşir. Azərbaycan narkotik tranzitinin üzərində yerləşən bir ölkə kimi daim təhdidlərə məruz qalır. Cənub sərhədlərimizdən, eləcə də Xəzərdən narkotik vasitələrin daşınması ehtimalı böyükdür.
Azərbaycanın torpaqlarının bir hissəsi Ermənistan tərəfindən işğal edilib. Həmin ərazi nəzarətsiz zona sayılır. Ermənilər bu ərazilərdə narkotik maddələrin tranziti ilə məşğul olur. Azərbaycan dəfələrlə bu barədə öz narahatlığını beynəlxalq tribunalarda diqqətə çatdırıb. Bu da ABŞ-a bəlli olan həqiqətlərdəndir.
Azərbaycan narkotiklərə qarşı ciddi şəkildə fəaliyyət göstərir. Həm DSX, həm DİN, həm də DTX bu istiqamətdə mühüm işlər görüb, ciddi uğurlar əldə edib.
Narkoticarət dünyamızda ilk üçlüyə daxil olan ticarətdir. Bundan əvvəl isə silah və dərman ticarəti gəlir. Söhbət milyardlarla vəsaitdən gedir. Dünya dövlətləri narkotiklərlə mübarizədə vahid mövqedən çıxış edirlər. Azərbaycan da bu mübarizəyə böyük töhfələr verir.
Azərbaycanda narkomanların sayı artmaqdadır. Biz bunu da qeyd etməliyik. Buna görə də Azərbaycanda konsepsiya da da dəyişib. Narkotik vasitələrdən asılı olan şəxslərə xəstə kimi yanaşılır. Ölkəmizdə bu qəbildən olan şəxslərin müalicəsi ilə bağlı böyük bir mərkəzə də yaradılmaqdadır. Narkotacirlərə münasibət isə olduqca sərtdir və Azərbaycan qanunları bu cür şəxsləri sərt şəkildə cəzalandırır.
Hesab edirəm ki, ABŞ səfirinin məlum açıqlamasında yer alan fikilər Azərbaycanın bu məsələdə nə qədər prinsipial mövqeyə malik olduğunu göstərir və heç şübhə yoxdur ki, ölkəmiz narkotiklərlə mübarizəyə gələcəkdə də öz töhfəsini verəcək”.
Seymur ƏLİYEV