Bu günlərdə ölkəmizin media məkanında Azərbaycanın Fransadan Hava Hücumundan Müdafiə Sistemləri (HHMS) alacağı ilə bağlı informasiyalar yer alıb. Bu informasiyadan yol alaraq ölkəmizin son illər öz müdafiə və təhlükəsizlik qabiliyyətini yüksəltmək üçün atdığı digər addımlar, habelə erməni və və bəzi ermənipərəst şəxxslərin ölkəmizə yönəlik hədə-qorxu dolu bəyanatları ilə bağlı məsələlərə Moderator.az olaraq millət vəkili Zahid Orucla söhbətimizdə aydınlıq gətirməyə çalışdıq.
-Zahid bəy, Azərbaycanın Fransadan HHMS alacağı ilə bağlı informasiyalar yayılıb. Sizcə bu və bu qəbildən olan müasir texnikaların alınması ölkəmizin müdafiəsinin daha etibarlı şəkildə təşkil edilməsi baxımından nə dərəcədə zəruridir?
-Qeyd etdiyiniz məlumatlar informasiya məkanında yayılıb. Lakin təbii ki, onun doğruluğunu yalnız Müdafiə Nazirliyi təsdiq edə bilər. Bununla bərabər, ötən on illər ərzində Azərbaycan dövləti tərəfindən həyata keçirilən siyasətin bütövlükdə Azərbaycanın hava məkanının yüksək səviyyədə qorunmasına hədəfləndiyini görməmək mümkün deyil.
-Bəzən bu cür fikirlər səslənir ki, artıq günümüzün müharibəsi hətta 20-25 il bundan öncənin müharibələrindən belə əhəmiyyətli dərəcədə fərqlənir və bu fərqi yaradan başlıca amil müasir müharibələrin “yükünün” adi atıcı silahların deyil, orta və uzaqmənzilli raketlərin, elektron və lazer texnologiyalı silahların üzərinə düşməsidir. Bu qənaəti bölüşürsünüzmü?
-Hər kəsə bəllidir ki, Azərbaycan Şərqi Avropa dövlətləri, Türkiyə ilə əlaqələri bir neçə məqsədi reallaşdırmağa xidmət edib. Şübhəsiz, 90-cı illərdən bəri vəziyyət köklü şəkildə dəyişib. Lokal ərazilərdə gedən müharibələr öz yerini daha güclü kütləvi qırğın silahlarına, zenit-raket sistemlərinə verib. Belə olan halda yaxın 50-60 km-lik radiusda savaş aparmaq üçün yararlı olan texnika, texnologiya, müasir silahlar, helekopter və qırıcı təyyarələr bir qədər öz yerini hədəfi daha uzaqdan vuran yeni silahlara verməkdədir. Gördüyünüz kimi, Ermənistan tərəfi də qarşısına məhz bu vəzifəni qoyduğunu qətiyyən gizlətmir. Onlar dəfələrlə Bakını nişan alacaqlarını, neft, qaz və s. strateji əhəmiyyətli nöqtələrə, infrastrukturlara zərbə endirəcəklərini bildirib. Onlar bununla Bakının kommunukasiya idarəçiliyini çökdürmək, kütləvi insan təlafatına nail olmaq niyyətlərini büruzə verirlər. Təbii ki, bu, istənilən halda anti-bəşəri, anti-insani xarakter daşıyan məramlardır. Ancaq hələ ki, reallıq budur.
Ermənistan tərəfi Dağlıq Qarabağın ərazisində, ona bitişik bölgələrdə Azərbaycanla təkbaşına müharibə aparmağa qadir olmadığını yaxşı bilir. Belə olan təqdirdə miqyası böyütmək, daha çox dövlətin bu müharibəyə qoşulmasını təmin etmək üçün hər bir təxribata hazırdırlar.
-Zahid bəy, sizcə Azərbaycanın mövcud müdafiə sistemi Ermənistan tərəfindən gələcək hər hansı zərbələrə, eləcə də raket zərbələrinə qarşı nə dərəcədə etibarlıdır?
-Ali baş komandan, prezident İlham Əliyev peşəkar hərbçilərlə, bizimlər yaxın müttəfiqlik əlaqələrinə malik olan qardaş Türkiyə ilə, eləcə də dünyanın başqa dövlətlərinin starteqləri, hərbi mütəxəssisləri ilə Azərbaycanın təhlükəsizliyini təmin etmək üçün çox ciddi hərbi sistemlər qurmağı bacarıb. Bu, həm Xəzər akvatoriyasında donanma birliklərinə məxsus silahların yenilənməsində özünü göstərir, həm də digər sahə və istiqamətlərdə görülən işlərdə öz əksini tapır.
Bundan başqa, ali baş komandan öz diqqətini yalnız hansısa kiçik bir əraziyə deyil, bütün vətənə, onun hər bir nöqtəsinə yönəltdi. O, bir qarış da olsun vətən torpağını diqqətdən kənarda qoymadı. Ölkə başçısı Naxçıvandan Tovuza, Gədəbəy cəbhəsinə qədər Azərbaycan ərazinə qarşı yönələcək istənilən təhlükəni, raket zərbəsini önləmək üçün bütün zəruri sistemləri qurdu.
-Fransanın hərbi şirkətlərinin Azərbaycanla əməkdaşlığı haqqında deyilənləri nə dərəcədə real hesab edirsiniz?
-Məsələ burasındadır ki, Fransanın müxtəlif şirkkətləri dünya bazarına öz silah və texnikalarını çıxartmaqdadır. Baxmayaraq ki, onların bəzisi müxtəlif qadağalara əməl etdiklərini, bölgəyə silah satmadıqlarını dilə gətirirlər. Amerikanın embarqo siyasəti Avropa Birliyi tərəfindən də müdafiə olunub.
Lakin bu da bir həqiqətdir ki, silah satışı həm də bir biznesdir və odur ki, qarşı tərəfin kimiyi, yürütdüyü siyasət silah satan üçün bir çox hallarda elə bir önəm kəsb etmir.
Ordumuzun müasir texnika ilə təmin edilməsi hər zaman ali baş komandanın diqqət mərkəzində olub. Müdafiə Nazirliyi də bu məsələyə ciddi fikir verir.
-Ermənistan zaman-zaman Azərbnaycanı başda “İsgəndər” raketləri olmaqla daha bir sıra silahlarla hədələyib. Sizcə Ermənistanın hərbi potensialı və eləcə də siyasi iradəsi onun Azərbaycana qarşı bu miqyasda müharibə aparması üçün yetərlidirmi?
-Ermənilər müharibənin taleyini “İsgəndər” rajketləri ilə həll edə biləcəkləri ilə bağlı fikirlər səsləndirir. “Çirkli bomba”lara malik olduqlarını bildirilər. Hətta belə bir fikir də var ki, guya bunlar sovetlər dönəmində regionda yerləşdirilən nüvə başlıqlı silahların sonradan digər modifikasiyalara çevrilməsi nəticəsində yaranan silahlardır.
Aydındır ki, bu informasiyalar daha çox daxili auditoriyaya hesablanıb və erməni ictimaiyyətindəki qorxunu aradan qaldırmaq üçündür. Ermənistanda bu cür silahlar varmı? Bunu söyləmək çətindir. Lakin bu bəllidir ki, bu miqyasda müharibə aparmaq Ermənistanın gücü daxilində deyil.
-Sizcə Qarabağ problemini sadəcə hərbi üstünlük anlayışına istinadən həll etmək mümkündürmü? Yoxsa burada siyasi-diplomatik işin düzgün şəkildə təşkil edilməsi də mühüm rol oyanyır?
-Azərbaycan bunca müddət ərzində yalnız müxtəlif ölkələrdən alınan silahlarla öz ordusunu, müdafiə qabiliyyətini möhkəmləndirməyib. Siyasi vasitələrlə bu prosesi dərinləşdirməkdədir. Mən uzun illər Milli Məclisin Müdafiə və Təhlükəsizlik Komitəsində yer alan bir şəxs kimi əminliklə deyə bilərəm ki, bu gün müharibənin taleyi hərb meydanında həll olunarsa, burada şəksiz olaraq Azərbaycan tərəfi qalib gələcək. Məsələnin siyasi-diplomatik, yaxud regional-beynəlxalq komponentləri də öz yerində olmalıdır. Strateji mənada liderlik bütün bu mövqelərdə qalibiyyəti əldə edəndən sonra savaşa atılmaqdır. Öncə danışıqlar masasında Rusiyanı, İranı, Qəb dövlətlərini Azərbaycanın ərazi bütövlüyünün təminatına, bunu təmin etməyin vacibliyinə inandırmaq lazımdır. Bundan sonra erməni əsgrini məğlub etmək o qədər də çətin olmayacaq.
Seymur ƏLİYEV