ABŞ-ın İrana qarşı tətbiq etdiyi sanksiyaların Ermənistan iqtisadiyyatında da özünü mənfi mənada hiss etdirəcəyi şübhəsizdir. Bəs İranın Ermənistan üçün iqtisadi önəminin zəifləməsi fonunda rəsmi İrəvanın Rusiuadan iqtisadi asılılığının daha da artması mümkündürmü?
Moderator.az-a açıqlama verən politoloq Elşad Mirbəşiroğlu bu ehtimalın yüksək olduğunu vurğuladı:
“İrana qarşı tətbiq edilən sanksiyalar bu ölkə ilə yanaşı, onun əməkdaşlıq etdiyi dövlətlərə də öz təsirini göstərərcək. İranla Ermənistan arasında sıx iqtsiadi əlaqələr mövcuddur. Ermənistanın regionun ən güclü ölkələri olan Azərbaycan və Türkiyə ilə heç bir əlaqəsi yoxdur. Buna Ermənistanın işğalçılıq siyasəti səbəb olub. Bu mənada Ermənistanın hazırda ümid yeri İrandır. Çünki Ermənistanın digər qonşusu olan Gürcüstanın iqtisadiyyatı o qədər də geniş potensiala malik deyil. Ermənistanın əsas tərəfdaşı olan Rusiya ilə isə quru sərhəddi yoxdur. Bu baxımdan, İranın iqtisadi durumu Ermənistandakı vəziyyətə birbaşa təsir edəcək.
Ermənistan yalnız iqtisadi deyil, siyasi baxımdan da Rusiyadan çox asılıdır. Ermənistandakı rejimin xarakterindən asılı olmayaraq, bu asılılıq qalacaq. Bu asılılıq o qədər dərindir ki, Ermənistan yaxın gələcəkdə Rusiyanın iqtisadi və siyasi təsiri altından çıxa bilməyəcək.
İndiki durumda Ermənistanın Rusiya ilə iqtisadi təmaslarını sıxlaşdırmaqdan başqa yolu yoxdur. Ermənistan Avropadan irihəcmli ianələr alsa da, bu, Ermənistan iqtisadiyyatında müsbət dönüş üçün kifayət deyil. Odur ki, Ermənistanın Rusiyadan iqtisadi asılılılığının davam edəcəyi şübhəsizdir. İrandakı iqtisadi geriləmələr Ermənistanın Rusiyadan iqtisadi asılılığını daha da artracaq. Bu, Ermənistan hakimiyyətinin siyasi ritorikasında da öz əksini tapacaq”.
Seymur ƏLİYEV