Qarabağ probleminin sülh yolu ilə həlli cəhdləri nəticə vermədikcə, münaqişənin hərb yolu ilə həlli məsələsi daha çox aktuallıq kəsb edir. Hansı ki, siyasilərin bir çoxu Ermənistanın uzun illərdir ki, qeyri-konstruktiv mövqe sərgilədiyini əsas gətirərək problemin həllində güc faktorunun öncəlik qazandığını vurğulayır.
Moderator.az-a açıqlama verən Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibəyli də münaqişənin həlli yolu kimi hərbi faktorun daim diqqət mərkəzində saxlanılmasının vacibliyinə diqqət çəkdi:
“Təbii ki, Qarabağ probleminin danışıqlar yolu ilə, dinc yolla həlli daha məqsədəuyğun olardı. Lakin bununla yanaşı, Azərbaycan tərəfi öz torpaqlarını hərb yolu ilə azad etməyə də hazır olmalı, bu məsələni diqqətdə saxlamalıdır. Çünki danışıqların nəticə vermədiyi göz önündədir və əgər danışıqlarda bu nəticəsizlik davam edərsə, hərb variantı alternativ yol kimi öncəlik əldə edəcək. Çünki Ermənistanın işğal siyasətindən əl çəkməməsi, problemin sülh yolu ilə həllinə maraq göstərməməsi ölkəmiz üçün başqa yol qoymur”.
Seymur ƏLİYEV