...26 il öncə bu günlərdə Azərbaycan öz taleyinin ən təlatümlü məqamlarını yaşayırdı. Xocalı kimi dəhşətli soyqırımından sonra ölkənin siyasi və hərbi meydanında xaotik proseslər gedirdi. Ancaq “xaosdan düzənə” pinsipi ilə dünyanı idarə etməyə çalışanlar işğalçı Ermənistan, terrorçu erməni təşkilatlarının və daxildəki hakimiyyət aşiqlərinin əli ilə prosesləri özlərinə sərf edən məcraya yönəldirdilər.
Həmin günlər ölkənin siyasi idarəçiliyi, demək olar ki, əsasən AXC və onun təsiri altında olan 1991-ci ilin payızında Ali Sovetdə yaradılmış Milli Şura, “demblok” vasitəsilə yönləndirilirdi. Bu qurumun iclaslarında elə maraqlı, həlledici məqamlar, çıxışlar var ki, onlar bu günkü proseslərdə də öz təsir gücünü hələ də qoruyub saxlayır...
1991-1992-ci illərdə Milli Şuranın parlamentdəki əksər iclaslarında iştirak etmiş deputat Maksim Musayevin “Milli Şura (10.1991- 05.1992) parlamenti” kitabındakı xronika əsasında 1992-ci il martın 3-dən mayın 18-dək, yəni Laçının işğal olunduğu və AXC-nin hakimiyyətə tam yiyələndiyi bir günədək Ali Sovetdə baş verənlərin ən maraqlı məqamlarını diqqətinizə çatdırırıq.
(Ali Sovetin Milli Şurasının 1992-ci il 5 may tarixli iclasının davamı. Xronikanın əvvəlki hissələri üçün bu linkə baxın: //www.moderator.az/news/226810.html)
(Dövlət Gömrük Komitəsinin sədr müavini, deputat Cümşüd Nuriyevin çıxışının davamı)
“…Susmağın mənası yoxdur… Onsuz da millət batır. Azərbaycanın xarici siyasəti yoxdur. İraqda mənə dedilər ki, Azərbaycanın xarici siyasətinə kim baxır; anası erməni, arvadı yəhudi Müslüm Məmmədov... Onun ailəsi bu dəqiqə İngiltərədədir… Nədir bu siyasət, kimə lazımdır bu oyunlar? Xarici siyasətimiz yox, dövlət deyilik, Milli Şura yox, daha nəyə yaşayırıq onda? Qardaş, iki aydır Azərbaycanda dövlətsizlikdir. Yaqub Məmmədov vəzifəsini apara bilmir, vallah, millət gedir qırğına. Onsuz da biz xəstəyik, böyük qardaş xəstəsi… Sərbəst dövlət kimi gərək sərbəst siyasətimiz olsun. Biri dartır Rusiyanın quyruğuna, biri dartır Türkiyəyə, biri dartır İrana…
Azərbaycan iqtisadi cəhətdən iflasa gedir. Biz də bu saat burda hakimiyyət davası edirik ki, filankəs gəlsin, bəhmənkəs gəlsin. Nə dəxli var, kim gəldi, onsuz da hansı gəlsə, hakimiyyət davası gedəcək…”
Deputatlar alternativ fikirlər söyləsələr də, hamı yekdil olaraq bildirdi ki, həqiqətən respublika öz tarixi ərzində ən çətin iqtisadi, siyasi böhranla üzləşib. Bu ağır vəziyyət müzakirə tələb edir. Fövqəladə sessiya çağırılmalı və ictimai-siyasi vəziyyət müzakirə olunmalıdır. Məsələni səsə qoyarkən yetərsayın olmadığı bilindi və yenə də Milli Şurada heç bir qərar qəbul edilmədi…
Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının növbəti iclası 12 may 1992-ci ildə Tamerlan Qarayevin sədrliyi ilə başlandı. Deputatlar təklif tedilər ki, Milli Şuranın iclası qapalı keçirilsin. Qapalı iclasa Müdafiə naziri və müdafiə ilə əlaqədar olan digər nazirliklərin rəhbərləri də dəvət edilsinlər. Lakin Baş nazirin müavini, deputat Vahid Əhmədov Milli Şura üzvlərinə məlumat verərək dedi:
“Mən 3 gün hərbi qərargahın işində iştirak etmişəm. Bütün əməliyyatlara Şahin Musayev rəhbərlik edib. Şuşanın alınma məsələsinə gəldikdə isə Şuşa ilə heç bir rəsmi əlaqə olmayıbdır. Nə telefon, nə də radiostansiya vasitəsi ilə. Yalnız Şuşadan rəsmi adamlar gəlib məlumat veriblər. Verilən məlumata görə, bizim Şuşada 2 minə yaxın hərbçimiz olub. Onlar hər cür texnika ilə silahlanmış vəziyyətdə olublar. 2 min silahlı adamla Şuşanı düşmənə vermək qeyri-mümkündür. Mənim şəxsən gəldiyim nəticə belədir ki, Şuşa bilə-bilə ermənilərə verilib. Burada kimisə hakimiyyətə gətirmək üçün bu oyun davam etdirilir. 3 gün ərzində Şuşaya külli miqdarda hərbi qüvvə göndərilib. 4 vertolyot, bir təyyarə orda olub. Ermənilərin isə hava xətti ilə əlaqəsi olmayıb. Onların təyyarə və vertolyotları döyüşlərdə iştirak etməyib. Telefonla əlaqə saxlayarkən məlum oldu ki, Laçın, Ağdam, Qubadlı tərəfdən əsgərlər maşınla Bakıya doğru hərəkət edirlər. Kim bunları təşkil edib? Nəyə görə Bakıya gəlirlər? Heç kim bu haqda məlumatlı deyildir. Biz tapşırıq verdik ki, Primorskidə onların qarşısını alsınlar. Belə bir məlumat da gəldi ki, Şuşada ölənləri dəfn etmək üçün hərbçilər gəlib Biləsuvarda dəfn mərasimi keçirirlər...
Ümumiyyətlə, hərbi sahəyə və orduya heç bir nəzarət yoxdur, heç kim heç kimin kitabımı oxumur. Mənim yanımda belə bir söhbət oldu və təəccüb etdim. Şahin Musayev komanda verir ki, təyyarə uçmalıdır, gedib bomba atsın.Təyyarəçi isə deyir ki, mən əmri yerinə yetirmirəm, uçmuram...
Kimin xoşuna gəlir-gəlsin, gəlmir-gəlməsin. Onu demək istəyirəm ki, bizim hərbimiz düzgün idarə olunmur...”
Vahid Əhmədovun çıxışı kəsilir. Milli Şuranın protokolundan məlum olur ki, iclasdan öncə Prezident səlahiyyətlərini icra edən Yaqub Məmmədovun parlament qarşısında çıxış etməsi tələbi qoyulubmuş. Lakin tələb yerinə yetirilmədiyindən Vahid Əhmədovu dinləmək vacib sayılıb...
Söhbət əsnasında belə bir fakt aşkar edildi ki, artıq Şuşa Azərbaycana mənsub deyildir, ermənilərin əlindədir(həmin gün artıq Şuşanın işğalından 4 gün keçirdi-S.L.). Çıxış edən deputat Firudin Cəlilov qeyd etdi ki, Şuşa ermənilərdədir, mən bunu tribunadan demək istəyirdim...
Yerdən deputatlar güclü şərtlər qoyurlar ki, güc nazirlikləri Milli Şura qarşısında məlumat versinlər. Bu mübahisə xeyli davam edir. Sonra Vahid Əhmədov sözünün yarımçıq qaldığını Milli Şura üzvlərinin nəzərinə çatdıraraq xahiş edir ki, ona çıxışını davam etdirmək üçün imkan yaratsınlar...”
Maksim Musayev, “Milli Şura parlamenti”, Bakı, 2001. səh.155-157)
(Davamı var)
Təqdim etdi: Sultan Laçın