“Günümüzün insanı artıq informasiyadan əziyyət çəkir”
Son vaxtlar cəmiyyətdə artan intiharlar, habelə intihar edənlərin əksəriyyətinin əsəb pozuntusundan əziyyət çəkməsi ilə bağlı yayılan məlumatlar müəyyən suallar doğurmaqdadır. Doğrudanmı bu gün cəmiyyətdə əsəb pozuntusu, psixoloji gərginlik kütləviləşməkdə, gündəlik həyat tərzinə çevrilməkdədir? Həqiqətənmi müasir həyatımızın bir parçasına çevrilən əsəb sarsıntılarından yaxa qurtarmaq, sığortalanmaq mümkün deyil?
Moderator.az bu və bu kimi suallara cavab tapmaq üçün məşhur psixoloq Elnur Rüstəmova müraciət edib.
-Elnur bəy, son aylar intihar edən şəxslərin əksəriyyəti ilə bağlı yayılan informasiyada onların əsəb pozuntusundan əziyyət çəkdiyi ilə bağlı qeydlər yer alır. Maraqlıdır, doğrudanmı intihar edənlərin hamısı əsəb pozuntusundan əziyyət çəkən şəxslərdir?
-Öncə şəxsin həqiqətən də əsəb xəstəsi olub-olmadığı müəyyən edilməlidir. Kimə gəldi əsəb xəstəsi demək doğru deyil. Əgər şəxs həqiqətən də əsəb xəstəsidirsə, o zaman onun qeydiyyatda dayanıb-dayanmadığı müəyyənləşdirilməlidir. Müəyyənləşdirmək lazımdır ki, o, hansısa xəstəxanada müalicə alıb, yoxsa yox. Bizdə birisi səsini bir balaca qaldıran kimi digəri deyir ki, “fikir vermə, əsəb xəstəsidir”. Bəlkə o, heç əsəb xəstəsi deyil, sadəcə manipulyasiya edir? Bəlkə onun heç bir problemi yoxdur?
-Demək belə çıxır ki, intihar edən hər kəsə psixoloji pozuntuya malik şəxs damğasını vurmaq doğru deyil.
-Təbii. Kimsə intihar edirsə, bu, o demək deyil ki, onun hökmən psixoloji problemi var. Başqa səbəblər də ola bilər. Zərərli vərdişlər ola bilər. Genetik faktor ola bilər. Ailədaxili konfilikt və s. də ola bilər. Bütün bunların hamısı intihara təsir göstərə bilər. Ancaq intihar edən insana ad qoymağa tələsmək laızm deyil. Istintaqın nəticəsini gözləmək, səhih məlumata istinad etmək laızmdır. Ümumiyyətlə, öncə müəyyən etmək lazımdır ki, bu, intihardır, yoxsa intihar deyil. Son zamanlar elə vəziyyət yaranıb ki, az qala küçədə biri yıxılıb öləndə, onu da intihar kimi təqdim edirlər. Bu kimi məsələlərdə diqqətli olmaq laızmdır.
-Ötən dövrlərlə müqayisədə bu gün cəmiyyətdə aqressiya və şiddətin artdığını söyləmək mümkündürmü?
-Bütövlükdə təbii ki, insanların həssaslığı əvvəlki illərlə müqayisədə çox artıb. Bu, danılmaz bir faktdır. Bu gün insanlarda aqressiya da, müxtəlif psixoloji problemlər də çoxdur. Bu istiqamətdə bir artım müşahidə olunur.
-Sizcə cəmiyyətin daha əsəbi, daha aqressiv olmasını şərtləndirən hansısa amillər varmı? Niyə dünənin insanı ilə müqayisədə bu günün insanı daha sərt və qəzəblidir?
-Buna təsir göstərən bir sıra faktor var. Ən əsas faktorlardan biri isə informasiyadır. Bu gün insanlar artıq informasiyadan əziyyət çəkirlər. Virtuallaşma bizim həyatımızın çox mühüm bir tərəfinə çevrilib. Real ünsiyyət itib. Insanlar arasında özgələşmə artıb. Biganəlik çoxalıb. Yalnız özü üçün yaşamaq prinsipi önə çəkilib. Bütün bunlar isə əlbəttə ki, insanların sinir sisteminə, onların psixoloji durumuna mənfi təsir göstərir.
-Bəs Qərb ölkələrində, Avropa və ABŞ-da vəziyyət necədir? Azərbaycan və Qərb dünyası arasında bu məsələdə fərqli nüanslar mövcuddurmu?
-Qeyd olunan məqamlar bizim üçün yenidir. Avropa, ABŞ isə bunu keçib. Biz isə bu prosesi sadəcə indi keçirik. Onlar isə 30-40 il bundan öncə bu mərhələni keçiblər.
Ölkəmizdə boşanma faktlarının artdığı hər kəsə məlumdur. Lakin ötən əsrin ortalarında bu problem Avropa və Amerika üçün daha xarekterik idi. Statistikaya nəzər salsanız orada dəqiq faktları görərsiniz. Statistikaya baxsaq görərik ki, ötən əsrin ortalarında Qərbdə nə qədər boşanma, ailədaxili münaqişə zəminində nə qədər cinayət hadisəsi olub. Biz isə bu mərhələni keçdiyimiz üçün bizdə müxtəlif problemlər meydana çıxır. Ona görə deyirik ki, Qəbin təcrübəsinə nəzər salmaq, insanlar arasında maarifləndirmə işi aparmaq lazımdır. Insanları maarifləndirmək lazımdır ki, konfilikt olanda hara, kimə müraciət etmək lazımdır.
-Ancaq özünüz də etiraf edirsiniz ki, dünənə qədər bu cür problemlər yox idi. Baxmayaraq ki, əvvəlki dönəmlərdə maarifləndirmə işi demək olar ki, yox səviyyəsində idi. Bu təzadı necə izah edərdiniz?
-Dünənə qədər ağsaqqal, ağbirçək vardı. Indi isə elə ağsaqqallar, elə ağbirçəklər var ki, cavan oğlanlar, qızlar özlərini onlardan daha yaxşı, daha səviyyəli aparır. Bizim cavanlarımız bu qəbildən olan ağsaqqallara, ağbirçəklərə yol göstərə bilər. Dönəm dəyişir.
XXI əsrin ən mühüm sahələrindən biri də məhz məsləhətçilikdir. Səhhətində problem varsa həkimə gedərsən, psixoloji durumunda problem varsa psixoloqun yanına gedərsən. Hüquqi sahədə çətinliyin varsa, hüquqşünasın yanına gedərsən və s. Bu, yeni dövrün reallığıdır. Dünən bu problem yox idi. Çünki dünən ağsaqqallar, ağbirçəklər bu problemlərin genişlənməsinə imkan vermir, onu yoluna qoyurdular. Bu gün isə bu yoxdur. İctimai qınaq mövcud deyil. Yaranmış mövcud durumun səbəbi də məhz budur.
Seymur Əliyev