Azərbaycan Demokratik Cümhuriyyəti dönəmində Silahlı Qüvvələrlə bağlı atılan addımlardan biri ordu ilə bağlı poçt markalarının buraxılması olub. Maraqlıdır, bu gün ADC hökumətinə məxsus bu ənənəni davam etdirməyə ehtiyac varmı? Bu, Silahlı Qüvvələrin təbliği baxımından da uğurlu addım olmazmı?
Moderator.az-a açıqlama verən “Həbi Jurnalistlər” İctimai Birliyinin rəhbəri, hərbi ekspert Üzeyir Cəfərov 1919-cu ildəki təcrübənin təkrarlanmasının zəruriliyinə toxundu:
“Hesab edirəm ki, bu ənənənin bərpa edilməsi olduqca vacibdir. Azərbaycan dövlətinin pənah yeri, güvən yeri Azərbaycan Silahlı Qüvvələri, onun mübariz əsgəridir. Bu məsələ mütləq mənada öz həllini tapmalı, reallaşmalıdır.
Biz Azərbaycan Silahlı Qüvvələrinin adını tarixə salmalıyıq. Milli Qəhrəmanlar, tarixi şəxslərlə bağlı bu cür addımların atılması zəruridir. Əliağa Şıxlinski, Cəmşid Naxçıvanski ilə bağlı tədbirlər həyata keçirilir. Biz bu insanların adını poçt markaları və ya digər formalarda yaşatmalı, tarixə salmalıyıq. Həzi Aslanov, Mehdi Hüseynzadə və s. kimi şəxslərin adının yaddaşlarda yaşadılmasına ciddi ehtiyac var.
Biz hər zaman deyirik ki, düşmən bizim tariximizi saxtalaşdırmağa çalışır. Bizə tariximizi unutdurmaq istyirlər. Lakin təəssüflər olsun ki, biz özümüz də öz tariximizə gərəkli diqqət və qayğı göstərmirik.
Mən Azərbaycan ordusu ilə bağlı poçt markalarının yaradılması təşəbbünüzü alqışlayıram. Bu təşəbbüsü böyük məmnuniyytlə dəstəkləyirəm. Radio və televiziyalar tarixi şəxsiyyətlərimizin adının əbədiləşdirilməsi üçün addımlar atmalı, gənc nəslin vətənpərvərlik ruhunda yetişdirilməsi üçün ciddi səy göstərməlidir”.
Seymur Əliyev