“Azərbaycanın Araz çayından cənuba və şimala doğru əraziləri Səlcuqların
hakimiyyətində mərkəz rolunu oynayırdı...”
Moderator.az aktuallığını nəzərə alaraq tarix üzrə fəlsəfə doktoru, dosent Akif Nağının Azərbaycan tarixinə və onun öyrənilməsinə fərqli baxışlarıyla bağlı silsilə yazılarını oxucuların müzakirəsinə buraxır:
Səlcuqlar Azərbaycan türk dilini qəbul etdilər...- XVII mövzu
Azərbaycan və Böyük Səlcuq imperiyası...
XI əsrin birinci yarısında, yeni türk tayfaları olan səlcuqların gəlişi
ərəfəsində Azərbaycan əraziləri 3 sülalənin arasında bölünmüşdü, Kür çayından
şimala doğru Məzyədi, az sonra Kəsrani Şirvanşahları, Kür-Araz çayları arasında
Şəddadilər (Şadlılar), Araz çayından cənuba doğru ərazilərdə Rəvvadilər
hökmranlıq edirdi, üç Azərbaycan dövləti mövcud idi. Müəyyən vaxtlarda
müstəqil hərəkət edən Şəki vilayəti əsasən Şirvanşahlardan asılı vəziyyətdə idi.
Cənubi Qafqazda Azərbaycan dövlətləri ilə yanaşı Gürcüstanın ərazisində mərkəzi
Kutaisi şəhəri olmaqla Abxaz, mərkəzi Təlavi olmaqla Eret, mərkəzi Tianeti
olmaqla Kaxetiya, mərkəzi Artanusi olmaqla Kartvel kiçik dövlət qurumları,
mərkəzi Tiflis olmaqla müsəlman Cəfəri əmirliyi mövcud idi [12, s.55; 10; 14].
Cənubi Qafqazda hər hansı digər dövlət qurumu müşahidə olunmurdu.
Səlcuqlar oğuz tayfalarının bir qolunu təşkil edir, ilk vaxtlar Orta Asiyanın
Sır-Dərya bölgəsində yaşayırdılar. Həmin dövrün mənbələrində “oğuz” və
“türkmən” ifadələri eyni mənada işlədilirdi. Bəzi müəlliflərə görə, oğuzların islamı
qəbul etmiş hissəsi “türkmən” adlandırılırdı. Səlcuq adını isə hərbi-siyasi birliyin
rəhbəri, nəslin əsasını qoymuş babalarından almışdılar [15, s.704-705]. Orta əsr
türk müəllifi Mahmud əl Qaşqari “Türk dillərinin lüğəti” (1074-cü il) əsərində
göstərir ki, Səlcuqlar oğuz (türkmən) tayfasının qınıq boyuna aiddirlər [13].
Səlcuqlar X əsrin əvvəllərində Sır-Dərya tərəflərə gəldilər, burada İslam
dinini qəbul etdilər. Bu ərazilərə haradan gəlmələri ilə bağlı müxtəlif fikirlər var.
Onlar tədricən hərbi-siyasi qüvvəyə çevrildilər. XI əsrin əvvəllərində orada türk
Qəznəvilər sülaləsi hakimiyyətdə idi. Onlar səlcuqlara xoş münasibət bəsləyirdilər.
Bu münasibətin nəticəsi olaraq 1020-ci illərdə Qəznəvi hökmdarı Sultan Mahmud
onlara Xorasana köçməyə icazə verdi. Səlcuqlar tezliklə mərkəzi hakimiyyətə qarşı
çıxdılar, 1038-ci ildə dövlətlərinin əsasını qoydular və 1040-cı ildə Dəndəkan
(indiki Türkmənistanın ərazisində) döyüşündə Qəznəviləri məğlub etdilər,
Xorasanın xeyli hissəsini nəzarətə götürdülər [15]. Bundan sonra Səlcuqların zəfər
tarixi başladı…
Beləliklə, XI əsrin birinci yarısında Səlcuqlar sülaləsi tərəfindən yaradılan
yeni Türk dövləti regionun siyasi, ictimai, etnik, dini və digər cəhətlərdən simasını
dəyişdirdi. Səlcuqların Böyük Türk Dövləti (1038-1157-ci illər) az vaxt ərzində
Orta Asiya, İran, Cənubi Qafqaz, Anadolu, Yaxın Şərqi əhatə etdi. Bu dövlətə
Toğrul (1038-1063), Alparslan (1063-1072), Məlikşah (1072-1092), Səncər (1118-
1157) kimi dünya səviyyəli dövlət xadimləri, sultanlar rəhbərlik etdilər. Böyük
Türk Dövlətinin paytaxtı İndiki İranın ərazisində yerləşən Nişapur (1038-1043),
Rey (1043-1073), İsfahan (1073-1118), Həmədan (1118-1194), indiki
Türkmənistanın ərazisində yerləşən Mərv (1118-1157) şəhərləri olmuşdur [7; 8,
s.399]. Sultan I Toğrulun vaxtında Orta Asiyanın böyük hissəsi, Kiçik Asiya,
İkiçayarası, o cümlədən 1055-ci ildə Bağdad tutuldu, bununla Xilafətin dünyəvi
hakimiyyətinə son qoyuldu. Bağdad yalnız dini mərkəz kimi qaldı…
Yeni Türk Dövlətinin başçısı Sultan Alparslanın 1071-ci ildə Malazgirt (indiki Türkiyənin
Muş vilayətində) düzənliyində Bizans imperatoru IV Roman Diogeni məğlub
edərək, onun özünü əsir götürməsi, parlaq qələbə qazanması ilə yeni Türk
imperiyasının başlanğıcı qoyuldu. Bu qələbədən sonra Yeni Türk imperiyasının
təsir dairəsi Şərqdə Qaşqar bölgəsindən (indiki Çinin Sincan-Uyğur bölgəsinin
qərbində yerləşən ərazi) qərbdə Aralıq dənizinədək, şimalda Qafqazdan cənubda
indiki Yəmən ölkəsinə qədər böyük bir ərazini əhatə edir, ümumi ərazisi 3, 9
milyon kvadrat kilometrə çatırdı [9, s.223]. Bu dövlətin əhatə etdiyi ərazilərə
Cənubi Qafqaz, Qara dəniz boyunca Sivas, Şərqi Anadoluda Ərzincan, Diyarbəkir,
Aralıq dənizi sahilləri ilə Adana, Şam, Qüds, Qırmızı dəniz boyunca Mədinə,
Məkkə, bütün İraq, İran və Orta Asiya, Çinin bəzi qərb bölgələri və sair daxil idi.
Türklərin oğuz qrupundan olan səlcuqların gəlişi regionda yerli türklərin
mövqeyini əsaslı şəkildə gücləndirdi. Bu amil Azərbaycan dövlətləri ilə səlcuqların
qarşılıqlı münasibətlərində özünü göstərdi. Səlcuq qoşunları Azərbaycana iki
istiqamətdən daxil oldular. Səlcuq sərkərdəsi Qutalmış Xəzər dənizinin
cənubundakı əraziləri, o cümlədən Gilan vilayətini tutaraq Araz çayını keçdi və
Azərbaycanın Arran bölgəsinə daxil oldu. Şəddadilər (Şadlılar) sülaləsinin
hakimyyətdə olduğu Azərbaycan dövləti 1048-ci ildə Səlcuqların hakimiyyətini
qəbul etdi, hətta onlarla ittifaq bağladı. Elə həmin il Şəddadilərin Azərbaycan
qoşunları Səlcuq ordusu ilə birlikdə Bizansa qarşı birgə döyüşə çıxdı və qələbə
qazandılar. Sultan Məlikşah 1075-ci ildə Şəddadilərin Gəncədəki sonuncu
nümayəndəsi III Fəzli hakimiyyətdən götürdü, oğlu Məhəmməd Taparı oraya
nümayəndə göndərdi. Digər Səlcuq sərkərdəsi İbrahim Yınalın rəhbərlik etdiyi
qoşun dəstələri Azərbaycanın cənub torpaqlarına daxil oldular, Rəvvadilər
sülaləsinin hökmdarı Vəhsudan 1054-cü ildə Yeni Türk Dövlətinin hakimyyətini
qəbul etdi. Sultan Alparslan 1071-ci il Malazgirt zəfərindən dərhal sonra sonuncu
Rəvvadi hökmdarı II Məmlanı hakimiyyətdən devirdi, oraya nümayəndəsini təyin
etdi. 1067-cı ildə Azərbaycan Şirvanşahar dövləti də Səlcuq dövlətindən nominal
asılılığı qəbul etdi [11]...
Səlcuqların yürüşlərindən əvvəlki dövrdə Cənubi Qafqazda, Şərqi
Anadoluda, indiki İranın mərkəzi və şimal ərazilərində türk əhalisi geniş şəkildə
yayılmışdı, səlcuqların gəlişi ilə onların mövqeyi daha da gücləndi [4].
Azərbaycanın Araz çayından cənuba və şimala doğru əraziləri Səlcuqların
hakimiyyətində mərkəz rolunu oynayırdı. Səlcuq Sultanı Alparslanın dövründən
Azərbaycan ərazisi vəlihəd və ya şahzadə sancağı elan olunmuşdu, Məlikşahın
vaxtında bu status rəsmi xarakter aldı. Onun dövründə Azərbaycanda Gəncə şəhəri
mərkəz olmaqla Səlcuqlu əmirliyi yaradıldı, şahzadə Məhəmməd Tapar burada
otururdu [5, s.3].
Məhəmməd Tapar atasının ölümündən sonra mərkəzi hakimiyyətə tabe
olmadı, XII əsrin əvvəllərindən isə Azərbaycanı müstəqil idarə edirdi. Az sonra
Məhəmməd Tapar mərkəzi hakimiyyəti ələ keçirdi, oğlu Mahmudu Azərbaycan
hakimi və vəliəhd elan etdi. 1118-ci ildə Taparın ölümündən sonra Səlcuqlu
dövləti iki hissəyə Qərb və Şərq Səlcuqları dövlətinə bölündü. Paytaxtı Həmədan
olan Qərb və ya İraq Səlcuqları dövləti Taparın oğulları, Şərq və ya Xorasan
Səlcuqları dövləti isə paytaxtları Mərv şəhəri olmaqla Sultan Səncər tərəfindən
idarə olunurdu. Xorasandan qərbə doğru ərazilər, o cümlədən Azərbaycan İraq
Səlcuqları, Xorasan da daxil olmaqla Şərqə doğru ərazilər Xorasan Səlcuqları
dövlətinin tərkibinə daxil idi [1, s.16-17]…
Bu vaxtdan Azərbaycan ərazisi qismən müstəqil idarə olunurdu. Sultan
Mahmud paytaxtda oturur, İraq Səlcuq dövlətini idarə edirdi. Onun qardaşı Məsud
isə Azərbaycanın Araz çayından cənuba və şimala doğru bütün əraizlərinin hakimi
idi. Demək olar ki, mərkəzi hakimiyyətdən asılı deyildi. Bu dövrdən başlayaraq
Səlcuqlar dövlətində “atabəylər” institutu daha ciddi rol oynamağa başlayır. Bu
institut yaranarkən atabəy sultan övladlarının müəllimi, tərbiyyəçisi rolunu
oynayırdı, sonralar şahzadələrə təsir imkanlarından istifadə edərək dövlətin idarə
olunmasında iştirak edirdilər. Səlcuqların tənəzzülü dövründə atabəylər müxtəlif
dövlətlərə rəhbərlik etməyə başladılar. Belə nüfuzlu atabəylərdən biri də Məsudun
atabəyi Qara Sunqur idi. Sultan Məsud 1135-ci ildə mərkəzi hakimiyyəti ələ
keçirdikdən sonra Qara Sunqur Azərbaycanın hakimi olaraq qaldı və az sonra
mərkəzi hakimiyyətdən asılılığını heçə endirdi, Azərbaycanı müstəqil şəkildə idarə
etməyə başladı. Səlcuq dövlətinin dövründə də Azərbaycan xüsusi mövqeyə malik
idi, indi isə tam müstəqil Azərbaycan dövlətinin bərpası prosesi başladı. Bu vaxt
vahid Azərbaycan dövlətinin bərpası prosesində mərkəz rolunu Gəncə şəhəri
oynaya bilərdi. Şəddadilər (Şadlılar) və Səlcuqlar dövründə Gəncə Azərbaycanın
mərkəzi rolunu oynayır və mövqeyi getdikcə güclənirdi. Lakin dəhşətli 1139-cu il
zəlzələsi Gəncə şəhərini məhv etdi, 200 mindən artıq əhali həlak oldu, şəhəri illər
sonra bir qədər kənarda bərpa etmək mümkün oldu [6, s.21]. Atabəy Qara Sunqur
Azərbaycan dövlətinin tam müstəqil olmasına çalışırdı, lakin təxminən 1140/41-ci
illərdə xəstəlikdən vəfat etdi. Ondan sonra Azərbaycan hakimi vəzifəsini Çavlı ət-
Toğrul tutdu [1, s.32-33]. O, müstəqil siyasət yeridə, ciddi nəticələrə nail ola
bilmədi…
Beləliklə, Səlcuqların regiona gəlişi dövlətçilik, iqtisadi inkişaf, idarəetmə
sisteminin təkmilləşdirilməsi baxımından əhəmiyyətli oldu. Daha çox isə onların
gəlişinə qədər regionda hegemon olan Azərbaycan türk dilinin rolunu artırdı.
Səlcuqlar Azərbaycana gələndən sonra yerli oğuz türk dilini qəbul etdilər. Səlcuq
oğuzları Azərbaycan xalqının etnogenezində həlledici rola malik olmayıblar. Bu
rol onlardan əvvəlki yerli türk etnoslarına məxsusdur [3, s.205]. IX-XII əsrlərdə
Ön Asiyanın böyük bir hissəsində, Cənubi Qafqazda, Bağdaddan Şərqi Anadoluya,
Dərbənddən Tehrana qədər bütün ərazilərdə ümumiləşmiş halda işlədilən dil türk-
Azərbaycan dili idi [2, s.73]…
Ədəbiyyat:
1. Bünyadov Z. Azərbaycan Atabəylər dövləti. Bakı, 1985.
2. Dəmirçizadə Ə. Azərbaycan ədəbi dili tarixi, 1. Bakı, “Maarif”, 1979.
3. Fazilli A. Atropatena e.ə. IV-e. VII əsri. Bakı, “Elm”, 1992.
4. Hatai Külliyatı. Haz: Necef E.N.-Cavanşir B., İstanbul, 2006, Giriş.
3
5. Nəcəf Ə.N. Səlcuqlu dövlətləri və Atabəyləri tarixi (Oğuzların ortaya çıxmasından-
XIV əsrə qədər). Bakı, 2010.
6. Sultanov F., Sultanova Z. Zəlzələlər. Bakı, 1958.
7. Jackson P. (2002). “Review: The History of the Seljuq Turks: The History of the
Seljuq Turks”. Journal of Islamic Studies 2002, 13 (1): 75-76; doi: 10.1093/jis/ 13.1.75.
Oxford Centre for Islamic Studies.
8. Josef W.M. Medieval Islamic Civilization: An Encyclopedia, Routlendge, 2005.
9. Turchin P., Adams J.M., Hall T.D. East-West Orientation of Historical Empires//
Journal of World-systems Research: journal.-2006.-Decamber (Vol.12, no.2).
10. Ашурбейли С. Государство Ширваншахов. Баку, 2006, гл.III.
11. Азербайджан в XI- начале XIII веков.- istoriyamira.ru/azerbajdzhan-xi-nachale-
xiii-vekov/.
12. Гусейнов Р., Вердиева Х. История Азербайджана. С древнейших времен по
1920 год. Баку, «Озан», 2000.
13. Махмуд-ал Кашгари. Диван Лугат ат-Турк (Словарь тюркских слов): в 3-х
томах/ Пер. с араб. Рустамова А.Р. Москва, «Восточная литература», 2010, т.1.
14. Очерки истории Грузии. Тбилиси, «Мецниереба», 1983, т.II, гл.VI.
15. Селджуки. Большая российская энциклопедия. Москва, 2015, s.704-705.-
(Большая российская энциклопедия: (в 35 т), гл. ред. Осипов Ю.С., 2004-2017,
т.29).