12 iyun tarixində start götürən və bu gün də davam etməkdə olan I Avropa Oyunlarına münasibətin birmənalı olmadığı, nəinki sadə vətəndaşların, ictimai-siyasi xadimlərin, siyasi partiyaların belə bu məsələdə fərqli mövqelərdən çıxış etdiyi hər kəsə məlumdur. I Avropa Oyunları ilə bağlı kifayət qədər rəngarəng və arqumentlərlə əsaslandırılmış müxtəlif fikirlər olsa da, bəzi yanaşmalar mahiyyət etibari ilə daha çox maraq doğurur. Bu yanaşmalardan biri son günlərə qədər I Avropa Oyunlarına milyardlarla manat vəsait sərf etdiyi üçün hakimiyyəti qınayan, fəqət oyunlar ərəfəsində mövqe dəyişərək bunu “ümummilli maraqlarla” əsaslandıran müxalifət liderlərinin mövqeyidir.
Bu qəbildən olan müxalif
siyasilər hesab edir ki, hakimiyyətin Avropa Oyunlarına külli miqdarda vəsait sərf etməsi doğru addım
olmasa da, indiki ərəfədə buna görə hakimiyyəti tənqid etmək mənasızdır. Yəni onsuz
da heç bri halda qoyulan pullar geri qayıtmayacaq. Bu səbəbdən də onların qənaətincə,
hər bir kəs tənqiddən əl çəkməli, oyunların yüksək səviyyədə keçirilməsində
maraqlı olmalı, ölkəmizin bundan daha çox nüfuz qazanmasına cəhd etməlidir. Bu,
oğrunun evi qarət olunan şəxsə oğurladığı puldan ziyafət verməsi və ondan bu
ziyafətə görə minnətdarlıq tələb etməsinə bənzəyir.
Təbii, bu yanaşma kimlər
üçünsə məntiqli görünə bilər. Lakin reallıq tamamilə fərqlidir. Əslində bu
yanaşma “təcavüz qaçılmazdırsa, uzan həzz al” kimi məşhur deyimi yada salır. Hansı ki, bəzi müxalif siyasilərin yanaşma tərzi
eynən bu ifadəki mənanı əks etdirir. “Nəyisə dəyişmək üçün artıq gecdir” deyə I
Avropa Oyunlarının müdafiəsinə qalxan siyasilər, xalqın cibindən oğurlanan,
boğazından kəsilən pulların hər bir qəpiyi uğrunda mübarizə aparmaq əvəzinə,
hakimiyyət idman və şou bayramında iştirak edir, bu məsələdə hakimiyyətlə eyni
mövqeyi paylaşır və bununla da talanan milyardlara haqq qazandırırlar.
Onlar iddia edirlər ki,
xalq onlarla ölkənin idmançılarına, əcnəbi müğənnilərinə xərclənən bu milyardlardan əlini üzməli, bu oğurluğu
görməzdən gəlməli və cibindən çıxarılan pullar hesabına düzəldilən idman şənliklərindən
həzz almalıdır. Halbuki, özünə, öz ləyaqətinə hörmət edən, içində zərrə qədər də
olsa vicdan və ədalət toxumu daşıyan hər hansı bir şəxsin səfil xalqın göz
yaşlarında yuyulan pullar hesabına təşkil edilən bu tədbirlərdən zövq alması
mümkün deyil.
Bəli, kimsə doğrudan da təcavüzü
qaçılmaz hesab edirsə, bundan zövq ala bilər. Kimin üçünsə zorlanmaq həzz mənbəyidirsə,
onun bir ömür boyu heç bir ağrı və iztirab hiss etmədən bu həzdən faydalanmağı
mümkündür. Lakin bu ölkədən tamam fərqli
məntiqlə düşünən, tamam fərqli dəyərlərə sahib insanlar da var. Hansı ki, onlar
“təcavüz qaçılmazdısa, uzan həzz al” prinsipini qəbul etmirlər. Onlar üçün belə
bir davranış ləyqətsizlikdir. Onlar “təcavüz qaçılmazdısa, mübarizə də qaçılmazdır”
prinsipi ilə hərəkət edirlər. Onlar üçün nəticəsiz bir mübarizə belə alçaldıcı
şərtlərlə yaşamaqdan üstündür. Onlar istənilən təcavüz və zorakılığı yalnız
müqavimət və qəzəblə qarşılamağa hazırdırlar. Hətta ölüm təhlükəsinin özü belə
onları təcavüzdən həzz almağa, zorakılıqdan zövq duymağa vadar edə bilməz. Və əgər
bu xalqın qurtuluşu üçün hələ də xırda bir ümid, kiçik bir şans varsa, bu
ümidin, bu şansın reallığa çevrilməsi yalnız onların sayəsində mümkün olacaq.
Seymur Əliyev
E_mail: [email protected]