Azərbaycanda matəm günləri ilə bağlı ucaldılan abidələrin sayı sürətlə artmaqdadır. Şübhəsiz, 20 Yanvar faciəsi, Mart və Xocalı soyqırımları ilə bağlı abidələrin inşası həmin faciələr zamanı həlak olan insanlara ehtiram, o faciələrin unudulmaması, tarixi yaddaşın qorunub saxlanılması baxımından müsbət addımdır. Lakin yaşadığımız soyqırım və faciələrin, ard-arda aldığmız məğlubiyyətlərimizin kütləvi surətdə daş abidələrin yaddaşına köçürülməsinin mənfi nəticələri də yetərincədir.
Ağır da olsa etiraf etməliyik ki, hər hansı faciə və soyqırımı ilə bağlı ucaldılan abidə həmin faciə qurbanlarına hörmət və ehtiramı ifadə etməklə yanaşı, həm də ağır, üzücü, sarsıdıcı məğlubiyyətləri yada salır. Başqa sözlə desək, hər hansı faciəyə ucaldılan abidə, həm də məğlubiyyətə ucaldılan abidə deməkdir. Bu cür abidələr insanlara sadəcə yaxın-uzaq faciələrin illərə, əsrlərə sığmayan acısını xatırlatmır. Bu abidələr həm də onlarda qeyri-şüuri olaraq məğlubiyyət, acizlik və miskinlik kompleksinin formalaşmasına rəvac verir. Kim nə deyirsə desin, üzünü çevirdiyi hər yerdə bir faciə abidəsi görən, atdığı hər addımda matəm və soyqırımı kompleksinə şahid olan bir nəsildən qəhrəmanlar ordusu yaratmaq mümkün deyil. Çünki bu abidələr insanlara nə güc, nə cəsarət, nə də qəhrəmanlıq örnəyi vermir. Əksinə, gördüyümüz hər bir abidə bizim və bizdən əvvəlkilərin çarəsizliyini, müdafiəsizliyini xatırladır. Bunlar qəhrəmanlara deyil, qurbanlara qoyulan abidədir və odur ki, bu abidələrdən mübarizə üçün sitimul almaq imkansızdır.
Məhz bu səbəbdən də müharibə şəraitində olan əksər ölkələrdə tarixən insanlara cəsarət, qüvvət, döyüşkənlik əxz etməyən hər cür maddi-mədəniyyət abidələri, mədəniyyət və incəsənət nümunələri qadağan edilmiş, yalnız “sərtlik və mübarizlik” rəmzi sayılan əsərlərə yaşıl işıq yandırılmışdır.
Bəli, biz üzləşdiyimiz, yaşadığımız faciələrdən üz çevirməməli, onları unutmamalıyıq. Amma ölkəni başdan-başa matəm və soyqırım abidələri məkanına çevirmək də düzgün deyil. Aldığmız hər məğlubiyyət, yaşadığımız hər soyqırımı üçün sadəcə bir abidənin inşası yetərlidir. Bir məğlubiyyətə bir abidə yetər. Yaşadıqlarımız bizdən matəm abidələrindən ibarət nəhəng kolleksiya yaratmağı deyil, qisas və yenə də qisas tələb edir. Biz atalarımızın, babalarımızın axıdılan nahaq qanlarının qisasını nə daş abidələr, nə də o abidələri bəzəyən gül və çələnglərlə ala bilmərik. Biz mənəvi borcumuz olan bu qisası daha güclü, daha cəsarətli, daha qüdrətli olaraq ala bilərik. Bizim möhtac olduğumuz qəhrəmanlıq ruhunu matəm abidələri, göz yaşları və al qərənfillərlə yaşatmaq mümkünsüzdür.
Biz hər şeyimizi ”“ hətta matəm abidələri və soyqırımı komplekslərinin inşasına sərf edilən zaman və vəsaiti, onun önündə axıdılan göz yaşlarını, kədərlə köklənən duyğuları ”“ bir sözlə maddi-mənəvi hər şeyimizi qələbə arzumuzun reallaşmasına sərf etməliyik. Biz elə bir günün gəlib çatmasına çalışmalıyıq ki, küçə və meydanlarımızı matəm və soyqırım abidələri deyil, qələbə və qəhrəmanlıq abidələri bürüsün. Bax o zaman soyqırım abidələri önündə axıtdığmız göz yaşlarının, yaşadığımız qüssənin də hökmən bir dəyəri olacaqdır!
Seymur Əliyev
e-mail: [email protected]